“Klub rəhbərliyindən təklif gəldi və görüşdüm. Təklifi dəyərləndirib çox düşündüm, sonda razılaşmağa qərar verdim”.
7times.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin yeni rəhbəri Gündüz Abbaszadə deyib.
O, ““Neftçi”də qazandığınız təcrübədən sonra “Qarabağ”da fərqli nələr edəcəksiniz?” sualına belə cavab verib:
“Bu təcrübənin “Qarabağ”dakı fəaliyyətimdə nə qədər rol oynayacağını zaman göstərəcək. Hər halda mənim işlərimə həmkarlarım, azarkeşlər və digərləri qiymət verəcək. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.
Abbaszadə “Qarabağ” klubunun televiziyasının yaradılması haqqında düşündüklərini açıqlayıb:
“Belə bir fikir var, amma bu, bir günün işi deyil, bunun üçün zaman lazımdır. Təbii ki, “Qarabağ”ın qazandığı uğurların fonunda klub televiziyasının yaradılması labüddür. Bu yöndə işlər gedir və çalışırıq ki, hər şey yaxşı olsun. Klubda yeniliklər olacaq. Məndən öncə burada çalışmış Nurlan İbrahimova təşəkkür edirəm. O, klub üçün əvəzsiz işlər görüb. Onun qoyduğu tendensiyanı davam etdirib yenilikləri də ortaya qoyacağıq”.
Tanınmış jurnalist əzəli rəqibi “Neftçi”dən sonra “Qarabağ”da işləməsi barədə də danışıb:
“Mən peşəkar jurnalistəm və məsələlərə peşəkar yanaşmaq lazımdır. Mənim üçün Azərbaycanın iki böyük klubunda işləmək şərəfdir. “Qarabağ” avrokuboklarda ən uğurlu klubdur, “Neftçi” qrupa düşən ilk klubdur. Bu, təbii ki, məni sevindirir. Bunun məsuliyyəti ağırdır, böyük təcrübə olacağına da əminəm”.
Follow @7timesaz