“Müharibə başlayanda erməni “ideoloqları”ortaya biri-birindən gülünc iddialar atıb deyirdilər ki, a) Azərbaycanda insanlar silahı hakimiyyətə qarşı çevirəcəklər; b) milli azlıqlar Azərbaycan uğrunda vuruşmaq və ölmək istəməyəcəklər; v) guya “suriyalı muzdlular” əsas “işlərini” unudub Azərbaycanda teokratik dövlət qurmaq eşqinə düşüblər və tezliklə bu ölkəmiz üçün dəhşətli fəlakətə çevriləcək; d) antirus qüvvələrin fəallaşması Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaradacaq və bu da ermənilərin asan qələbəsini təmin edəcək; e) Türkiyənin regiona nüfuz etməsi İran şirini dəhşətli dərəcədə qəzəbləndirəcək və s. və i. a. Guya neçə min illik “tarixə” malik erməni kütləsi də bişmiş toyuğu güldürən bu düşük proqnozlara inanıb blits-kriq haqda planlar qururdu”.
7times.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Vilayət Quliyev deyib.
O qeyd edib ki, Azərbaycan əsgərinin sarsıdıcı zərbələri altında onların əvvəldən məhvə məhkum xəyallarının puç olması üçün bir həftə kifayət etdi:
“İndi də ortaya başqa bir gülünc tezis atıblar: guya İranla Türkiyə Azərbaycanda kəllə-kəlləyə gələcək, sünni-şiə qarşıdurması yaranacaq, məzhəb zəminində qırğın başlanacaq…
Bu səfsətələrə gözüm sataşdıqca filin orqanizminin bir hissəsinin az qala yerlə süründüyünü görüb onun tezliklə qopub düşəcəyini və bu yolla da qarnını doyuracağını xəyal edən ac və xəstə çaqqal haqqındakı pritça yadıma düşür.
Zorən qonşularımız indi həqiqətən də həmin çaqqalın vəziyyətindədirlər”.
Follow @7timesaz