Bu gün Azərbaycanın iki sərbəst güləşçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
7Times.az xəbər verir ki, kişilərin yarışında əvvəlcə Şərif Şərifov (97 kq) 1/8 finalda Abdulrəşid Sadullayevlə (Rusiya) üz-üzə gəlib.
Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.
65 kq-da çıxış edən Hacı Əliyev isə 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə qarşılaşacaq.
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) isə 1/8 finalda rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.
Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, bu mərhələdə tunisli Sarra Hamdini 10:0 hesabı ilə üstələyərək yarımfinala çıxıb. O, finala gedən yolda yaponiyalı Yui Susaki ilə üz-üzə gələcək.
Follow @7timesaz