Dünya

“Heç kim Putinin qazanmasını istəmir, amma…” – Konqresin Ukrayna ilə bağlı “evcik-evcik oyunu” davam edir

“Heç kim Putinin qazanmasını istəmir, amma…” – Konqresin Ukrayna ilə bağlı “evcik-evcik oyunu” davam edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç kim Vladimir Putinin qazanmasını istəmir. Düşünürəm ki, o, Ukraynada dayanmayacaq… Bu vəziyyətdə haqlı və haqsız tərəf var, xeyir şərə qarşıdır və Ukrayna burada qurbandır”.

7Times.az  xəbər verir ki, “The Hill” nəşrinin yazdığına görə, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçı senatorlar qarşısında çıxış edərkən deyib.

O, eyni zamanda Nümayəndələr Palatasının Ukraynanı dəstəkləmək üçün öz qanun layihəsini hazırlayacağını və bunun Senat tərəfindən artıq təsdiq edilmiş qanundan əhəmiyyətli dərəcədə fərqli olacağını bildirib. Bu, o deməkdir ki, Conson və respublikaçılar Senatın təsdiqlədiyi Ukraynaya 61 milyard dollarlıq yardım paketini müzakirəyə çıxarmaq fikdində deyillər.

Conson Ukraynanı dəstəkləmək üçün yeni layihə hazırlayacaqlarını və bunu “Nümayəndələr Palatasında razılaşdırmağa çalışacağını” deyib. O, “bunun vacibliyini başa düşdüyünü” də əlavə edib.

Müzakirələrdə iştirak edən senatorların sözlərinə görə, Conson bildirib ki, Nümayəndələr Palatasının qanun layihəsi Amerika vergi ödəyicilərinin maraqlarını qorumaq üçün Ukraynaya kredit və ya “Lend-liz” şəklində dəstək təklif edə bilər.

 

 

Bu, o deməkdir ki, potensial yeni qanun layihəsi həm Nümayəndələr Palatasında, həm də Senatda kifayət qədər səs toplamalı olacaq. Bu isə hazırda ağır durumda olan Ukraynaya yardımın yenidən gecikdirilməsi anlamına gəlir.

Bundan əlavə, Conson artıq respublikaçı Mayk Makkolun təklif etdiyinə bənzər alətin yaradılmasından danışıb. Bu, Rusiyanın suveren aktivlərinin müsadirəsinə və ləğv edilmiş aktivlərdən vəsaitlərin Ukraynaya dəstək fonduna köçürülməsinə imkan verəcək.

Eyni zamanda, Conson bu layihəyə ABŞ-nin cənub sərhədi ilə bağlı yenidən demokratlar üçün “qırmızı xətt”ə çevrilə biləcək hər hansı qaydaları daxil etmək niyyətində olub-olmadığını deməyib. Deməli, bu da vaxt uzatmaq üçün daha bir bəhanə ola bilər.

Senator Kevin Kramer isə bildirib ki, Mayk Conson Ukraynaya kömək etmək niyyətini açıq şəkildə ifadə edib. Respublikaçı Lindsey Graham da görüşdən sonra çox nikbin olduğunu bildirib.

Lakin bütün bu çək-çevirlərin, vədlərin, müzakirələrin heç biri Ukraynaya yardımı tezləşdirmir. Yeri gəlmişkən, qeyd edək ki, Ukrayna hökuməti yardımın Konqresdə təsdiqini sürətləndirmək üçün ABŞ-dən kreditlə də olsa maliyyə yardımı almağa razı olduğunu bəyan edib. Lakin nə Konqres, nə də Ağ Ev tələsənə oxşamır.

Əksinə, ABŞ Dövlət Departamenti yardımın kredit şəklində verilməsinin əleyhinədir. Bunu da onunla izah edib ki, tammiqyaslı müharibə kontekstində “Ukraynanı milyard dollarlıq xarici borcla yükləmək” yersizdir. Yəni, çək-çevir davam edir, yardım isə yoxdur.

Görünən odur ki, daxili siyasi çəkişmələr, hakimiyyət davası, Rusiya ilə gizli danışıqlar, anlaşmalar və s. ABŞ-nin Ukraynaya yardımının qeyri-müəyyən dövrə qədər təxirə salınmasına səbəb olmaqdadır. Cəbhədə və Ukrayna cəmiyyətində isə gərginlik durmadan artır…

“AzPolitika”