Cəmiyyət

Hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı…

Hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deyir ki,- “1985-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin aktyorluq ixtisasını bitirmişəm. Aktyor sənəti üzrə müəllimlərim Əşrəf Quliyev, eləcə də Hüseyn Sultanov olublar. Hər ikisi də əməkdar incəsənət xadimi idi. O zaman teatr və kino sahəsi artıq tənəzzülə doğru gedirdi. İncəsənətə böyük həvəslə gəlsəm də, arzu etdiklərimi görmədiyim üçün, müəllimlərimin narazılığına baxmayaraq, bu sənətdən uzaqlaşmalı oldum. Səsimin mikrofona yatdığını mənə çox adam demişdi, özüm də hiss etmişdim. Bir gün rəhmətlik kinorejissor Tofiq İsmayılovdan “Firuzə” radio teatrına dəvət aldım və bir müddət orada hazırlanan bütün radio-tamaşalarda baş rolları ifa etdim…”

Bir gün eşidir ki, Müdafiə Nazirliyinə diktor tələb olunur və həmin işə onu dəvət edirlər. Əvvəlcə getmək istəmir, düşünür ki, ona yad bir sahədir, bacarmaz. Sonra ürəklənib Müdafiə Nazirliyinə gedir, adını yazdırır, oradan hərbi paltar alır. Beləliklə, 1992-ci il iyulun 7-dən hərbi diktor kimi efirə çıxır…

Onda oxumaq bacarığını ilk dəfə bəstəkar Nazim Qəmərlinski aşkar edib. Amma nədənsə o, 1993-ü ilədək bu sənətin arxası ilə getməyib. Bir dəfə müharibədə- Çıldıran ətrafında gedən döyüşlərdə yanında mərmi partlayır. Bu partlayışdan əsəbləri pozulur, ağrılar ürəyinə pis təsir etdiyindən xəstəxanaya düşür. Müalicə zamanı, həmin tibb ocağının baş həkimi Şahin Musaoğlu ona yaxınlaşaraq yeni yazdığı “İgid əsgər” mahnısını ifa etməsini xahiş edir. O vaxtdan da oxumağa başlayıb…

Və necə deyərlər, bu istedadı onun başına çox oyunlar açır. Haqqında “Diqqət, diqqət!” adlı kitab çıxır və ömrünün ən narahat dövrünü yaşayır. Ona təxribat xarakterli mətnlər versələr də, o isə oxumaqdan imtina edir. İşlədiyi televiziya kanalının rəhbərinin yanına gedib, vəziyyəti ona nəql etsə də heç bir irəliləyiş olmur. O da bu haqda mətbuata xəbər sızdırır, bundan sonra onu efirdən uzaqlaşdırıb Qubadlıya “sürgün” edirlər…

Müsahibə verməkdən, tez-tez mavi ekranda görünməkdən qaçır. Başını aşağı salıb yaradıcılıqla məşğuldur. Hərbi-vətənpərvərlik ruhlu mahnılar yazdırır, rəhbəri olduğu “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin xətti ilə filmlər çəkir və s..

Deyir ki,- “Bilirsiniz, mən həmişə xalqın dərdi ilə yaşamışam. Ona görə də ifa etdiyim mahnılar uğurlu alınır. Təvazökarlıqdan uzaq olsa da söyləyəcəm, xalq məhz bu xüsusiyyətimə görə məni yaddaşında saxlayıb. Bəstəkar Siyavuş Kərimi deyirdi ki, sən çox hündürdən oxuma. Sənin səsin sinə səsidir. Mən özüm də hiss edirəm ki, mənim səsim gitara mahnılarında daha gözəldir. Həm də əsgər mahnıları uca səslə oxunmalıdır. Əgər əsgərin, xalqın qəlbinə girmək istəyirsənsə, onunla danışmalısan. Mahnılar insanları düşündürməli, onu vəcdə gətirməli, oyatmalıdır…”

Bəli, sizinlə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Tərəqqi” medallı Şəmistan Əlizamanlı barəsində danışıram. Axı bu gün fevralın 4-ü onun ad günüdür. Çox yaşasın!