Torpaqların erməni işğalından azad edilməsi bizi elə bir reallıqla üz-üzə qoydu ki, bundan dəhşətə gəldik. XXI əsrdə şəhərlərin, kəndlərin bu dərəcədə dağıdılması bəlkə də dünya tarixində olmayıb.
7times.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda keçirilən 21-ci Beynəlxalq Strateji Rabitə Sammitində deyib.
H.Hacıyev bildirib ki, vaxtilə Azərbaycanın gözəl guşələrindən olan Ağdam şəhəri yer üzündən silinib.
“Hiroşima ilə müqayisə olunacaq, bəlkə də ondan da dəhşətlidir Ağdam. Sanki ermənilər işğal olunan Azərbaycan ərazilərində nüvə silahından istifadə ediblər. Biz mədəniyyətimizin məhv edilməsi ilə üzləşdik. Bu reallıqlar insanı dəhşətə gətirməyə bilməz.
Ermənilər Qarabağ ərazisində məscidlərdə donuz saxlayırdılar. Belə bir şey dünya tarixində görünməyib. Dağıdılmış məscidlərdə donuz saxlamaq insaniyyətə sığacaq bir iş deyil”, – deyə H.Hacıyev bildirib.
O əlavə edib ki, Qarabağın yenidən qurulması, yenidən cənnətə çevrilməsi qarşımızda duran əsas məqsədlərdən biridir.
Follow @7timesaz