Ölkə

I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başa çatdı

I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başa çatdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının bağlanışı və mükafatlandırma mərasimi keçirildi.

Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən festival Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunmuşdu.

Festivalın bağlanış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev yüksək qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi.
Baş katib Azərbaycanı, xüsusilə paytaxt Bakını Türk dünyasının böyük mədəniyyət mərkəzlərindən biri kimi səciyyələndirdi, hazırda “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşanı qardaş isə mənəviyyat şəhəri hesab etdiyini dedi.

Türk dünyasının çətin dönəmlərdə daim Azərbaycanın arxasında olduğununu deyən Sultan Raev ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə güc və qüdrətini dünyaya nümayiş etdirdiyini vurğuladı.
İlk festivalın uğurla reallaşdığını bildirən baş katib növbəti teatr şöləninin gələn il Türkmənistanın Aşqabad şəhərində keçiriləcəyini diqqətə çatdırdı.
Sonra türk respublikalarının aparıcı teatr kollektivlərini bir araya toplayan festivalın qalib tamaşaları elan olundu.

Türk dünyasının teatr mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyinə əsasən, “Ən yaxşı musiqi tərtibatına görə” İstanbul Dövlət Teatrı “Bir nəfəs Dədə Qorqud” tamaşası ilə qalib oldu.
Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrının (Qırğızıstan) “Günəşə toxunan uşaq” və Səmərqənd Musiqili Dram Teatrının (Özbəkistan) “Leyli və Məcnun” tamaşaları “Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq görüldülər.

Tamaşanın ən yaxşı plastik həllinə görə Türküstan Musiqili Dram Teatrı (Qazaxıstan) “Qorqud əfsanəsi” səhnə əsəri mükafat aldı.

Müsabiqənin “Ən yaxşı aktrisa” iki sənətçiyə – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından Məsmə Aslanqızına (“Qarabağnamə”) və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrından Gülnabat Abdullayevaya qismət oldu.

Festivalın müsabiqədən kənar tamaşa nümayişlərinə görə isə Azərbaycan Dövlət Akademik Musiqili və Dövlət Pantomima teatrları fəxri diplomlarla təltif olundular.

7Times.az