2025-ci ildə dövlət büdcəsində nəzərdə tutulan 2,8 milyard manat vəsait icra edilməsə də, bunun nəticəsində kreditor borc yaranmayıb.
7Times.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, icra olunmayan vəsaitlərin həcmi təxminən 2,8 milyard manat və ya 7 faiz təşkil edib.
“İl ərzində büdcədə təxminən 8 faiz dəyişiklik həyata keçirilib. Beləliklə, ilkin təsdiq edilmiş büdcə göstəricilərinə nisbətdə ümumi fərq 15 faizə yaxın olub. Bunun 8 faizi dəyişikliklərdən, 7 faizi isə icra olunmayan vəsaitlərdən formalaşıb”, – deyə V.Gülməmmədov qeyd edib.
Hesablama Palatasının sədri vurğulayıb ki, icra edilməyən vəsaitlərə görə kreditor borc yaranması faktı qeydə alınmayıb.
“Biz məsələyə üç aspektdən yanaşdıq. Birincisi, icra olunmayan vəsaitlər üzrə kreditor borc yaranıbmı? Xeyr, yaranmayıb. Əksinə, bəzi kreditor borcların ödənilməsi müşahidə olunub”, – deyə o bildirib.
V.Gülməmmədovun sözlərinə görə, təhlillər zamanı planlaşdırılmış, lakin icra edilməmiş dövlət tədbirlərinin olub-olmaması da araşdırılıb.
“Əsas səbəb ondan ibarətdir ki, bəzi hallarda xərclərin həyata keçirilməsi üçün sifariş və ya maliyyələşdirmə əsası formalaşmayıb. Yəni həmin vəsaitlərin xərclənməsi üçün zəruri əsas yaranmayıb”, – deyə Palata sədri vurğulayıb.
Follow @7timesaz


