Siyasət

Prezident Bakıda yeni DOST mərkəzinin açılışında – FOTOLAR – YENİLƏNİB

Prezident Bakıda yeni DOST mərkəzinin açılışında – FOTO – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub.

7times.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Qeyd edək ki, vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. Ölkə üzrə respondentlər arasında keçirilən bir neçə sorğunun nəticələri sosial mexanizmlərə və elektron xidmət elementlərinə insanların xüsusi maraq göstərdiyini də sübuta yetirir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan agentliyin sayca 4-cü DOST Mərkəzində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə bütövlükdə 132 xidmət göstəriləcək.

Əlillər, müharibə veteranları, şəhid ailələri dövlətin hər zaman diqqət və qayğı göstərdiyi həssas kateqoriyaya aiddir. Ölkədə fəaliyyətə başlayan bütün sosial obyektlər və xidmət infrastrukturu bu meyarları özündə əks etdirir. Bununla yanaşı, Vətən müharibəsində sağlamlıqlarını qismən itirən qazilərin qısa zamanda cəmiyyətə inteqrasiyası məqsədilə reabilitasiya vasitələrinin verilməsi, onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi sosial siyasətin həm də mənəvi-əxlaqi normalara söykəndiyinin təcəssümüdür.

“Bir pəncərə” sistemi üzrə vətəndaşlara tam şəffaf, sadə və əlçatan prosedurlar təklif etməyə imkan verən Mərkəz bu sahədə ölkəmizin yeni brendini formalaşdırır. Bundan əlavə, onu da qeyd etməliyik ki, ötən dövrdə əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.

Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü gün ərzində orta hesabla 800 vətəndaşın qəbulunu həyata keçirəcək. Burada çalışanların əksəriyyəti gənclərdən ibarətdir, bu isə daxili intellektual resursları üzə çıxarmağa kömək etməklə yanaşı, xidmətin yüksək keyfiyyətlə icrasında da müstəsna rol oynayır.

“DOST” Mərkəzinin tərkibindəki “Çağrı Mərkəzi” ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. “ART School” – “İnklüziv İncəsənət Məktəbi” isə ildə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsinə imkan verəcək. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması kimi sosial islahatlar proqramının əsas hədəflərinin real müstəviyə uğurla proyeksiya olunduğu deməkdir.

Diqqətə çatdırılıb ki, indiyədək DOST mərkəzlərində xidmət göstərilən 330 mindən çox şəxsin məmnunluq dərəcəsi 97,2 faiz təşkil edir. Binəqədi rayonunda, yeddi min kvadratmetr ərazini əhatə edən 4 saylı DOST Mərkəzinin fəaliyyətə başlaması da bu prosesə mühüm töhfə verəcək, daha geniş miqyasda keyfiyyətli sosial xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq.

***

10:46

Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonunda yerləşən 4 saylı DOST mərkəzinin açılışı olub.

7times.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış olub.