Ölkə

İntim görüntü şantajçılarını hansı cəza gözləyir? 

İntim görüntü şantajçılarını hansı cəza gözləyir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son zamanlar vətəndaşların intim görüntülərlə şantaj edilməsi halları artıb.
Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a açıqlamasında deyib ki, Konstitusiyanın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ mövcuddur.
Müsahibimizin sözlərinə görə, eyni zamanda hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var:

“Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulub.

Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən,  şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Həmin Məcəllənin 156.2-ci maddəsinə əsasən eyni əməllər: 156.2.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 156.2.2. məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
T.Abdullazadə qeyd edib ki, zərərçəkmiş və hüquqları pozulmuş şəxslər onlara dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən kompensasiya da tələb edə bilər:
“Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılıbsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilibsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da var”.
Vəkil xatırladıb ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətdir:

“Həmçinin mülki məsuliyyətə də səbəb ola bilər. Bu əməli törədən şəxslərin təqsiri məhkəmə qaydasında sübuta yetirilərsə, onlara qanunvericiliklə müəyyən olunmuş qaydada cəza təyin edilə bilər. Eyni zamanda şəxsi toxunulmazlıq  hüququ pozulmuş zərərçəkmiş şəxslərin bu hüququn pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini pozan tərəfdən tələb etmək hüququ da var”.