Dünya

Kadirovun “məcburi” namizədliyi – Çeçenistan liderinin mövqeyi zəifləyir, yoxsa…?

Kadirovun “məcburi” namizədliyi – Çeçenistan liderinin mövqeyi zəifləyir, yoxsa…?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadirov sentyabrda keçiriləcək növbəti rəhbər seçkilərində “Vahid Rusiya” Partiyasının tam dəstəyini alaraq namizədliyini irəli sürüb. Maraqlıdır ki, Kadirov regionu idarə etdiyi 19 il ərzində ilk dəfə olaraq hakim partiyanın Dövlət Dumasına seçkilərdəki regional siyahısına rəhbərlik etməyib və Moskvada keçirilən seçkiqabağı qurultaya qatılmayıb.

Kadirovun “böyük məsuliyyətdir, seçkilərə məcburi gedirəm” bəyanatı Çeçenistandakı idarəetmə modelinin gələcəyi ilə bağlı meüxtəlif fikirlərə səbəb olub.

Sosioloq Dmitri Dubrovski hesab edir ki, Kadirovun partiya siyahısının başında yer almaması Çeçenistanın xüsusi statusunun dəyişməsi mənasına gəlmir.

Onun fikrincə, regiondakı istənilən kadr dəyişikliyi yalnız Vladimir Putin və Ramzan Kadirov arasındakı şəxsi münasibətlər çərçivəsində mümkündür və seçki ərəfəsində Putin Kadirovun namizədliyini artıq açıq şəkildə dəstəkləyib: “Çeçenistan Putin rejiminin “doğuş travmasıdır”. Putinin hakimiyyətə gəlişi və yüksəlişi məhz Çeçenistanın “sakitləşdirilməsi” prosesi ilə başlayıb. Moskva ilə Qroznı arasındakı əlaqələr kral və vassalın neofeedal münasibətləridir. Bu vassal xarakteri şəxsi xüsusiyyət daşıyır, Konstitusiya və ya qanunlarla heç bir əlaqəsi yoxdur”.

Bununla belə, sosioloq Kadirovun siyahıda olmamasını sadə bir rəsmiyyət saymır: “Adətən regional liderlər siyahıların başında gedir. Əgər o, orada yoxdursa, ‘nələr baş verir?’ sualı yaranır”.

Hüquq müdafiəçisi Abubakar Yanqulbayev də Kadirovun yoxluğunu Moskva-Qroznı xəttindəki daxili dinamika ilə əlaqələndirir. Onun qənaətincə, respublikadakı hakimiyyət təsisatlara deyil, şəxsi loyallığa və qorxuya söykənir: “Bu, Çeçenistan elitasının müstəqil addımı kimi deyil, respublikada qərarların hələ də Kremldən asılı olduğuna dair növbəti siqnal kimi görünür. Kadirovun ilk dəfə siyahıya rəhbərlik etməməsi rejimin zəifləməsindən çox, onun funksional muxtariyyətinin məhdudlaşdırılmasının nümayişidir”.

Siyahıya Dövlət Dumasının deputatı Şamsail Saraliyev rəhbərlik edir. Siyahıda həmçinin respublika hökumətinin sədri Maqomed Daudov və digər nüfuzlu klan üzvləri var. Yanqulbayev vurğulayır ki, bu adlar Kadirovun varisləri deyil, sadəcə idarəetməni əldə saxlayan və yuxarıya siqnalları ötürən “etibarlı şəxslərdir”.

Çeçenistanlı politoloq Xuseyn İsxanov isə digər ekspertlərdən fərqli olaraq bu dəyişikliyin regiondakı qüvvələr nisbətinə təsir etmədiyini düşünür.

Onun sözlərinə görə, Kadirovun əsas funksiyası federal mərkəzin maraqları naminə Çeçenistan üzərində tam nəzarəti təmin etməkdir və Rusiya-Ukrayna müharibəsi, eləcə də logistik problemlər fonunda Kreml üçün o, hələ də mühüm müttəfiqdir:“Hətta sabah Kreml Kadirovun yerinə tamam başqa birini təyin etsə belə, idarəetmə modeli eyni qalacaq. Güc strukturlarının total nəzarəti, respublikanın federal büdcədən maliyyə asılılığı və Moskvaya mütləq loyallıq nümayiş etdirmək məcburiyyəti yerli elitanın davranışını müəyyən etməyə davam edəcək. Adamlar dəyişə bilər, amma sistem dəyişməzdir”.

Ramzan Kadirov özü də iyulun 6-da verdiyi açıqlamada Çeçenistanın “inkişaf kursunun” dəyişməyəcəyini bəyan edib. O, əvvəlki seçkiləri mütləq üstünlüklə (2016-cı ildə 98%, 2021-ci ildə 99.7 qazanıb. Müstəqil müşahidəçilərin olmadığı regionda bu rəqəmlərin inzibati resurslar və kütləvi saxtakarlıqlar hesabına təmin edildiyi bildirilir.

Digər tərəfdən, Kadirovun 2025-ci ilin dekabrında Moskvadakı partiya qurultayını buraxması onun səhhəti ilə bağlı şayiələri yenidən alovlandırıb. 49 yaşlı siyasətçinin pankreonekroz (mədəaltı vəzin nekrozu) və ya digər sağalmaz xəstəlikdən əziyyət çəkdiyi iddia olunsa da, o, bu məlumatları qətiyyətlə təkzib edir və mütəmadi olaraq idman videoları paylaşaraq iş başında olduğunu sübut etməyə çalışır.