Azərbaycanın Baş Prokuroru Kamran Əliyev növbəti vətəndaş qəbulunu şimal bölgəsində keçirib.
7Times.az xəbər verir ki, qəbuldan əvvəl Kamran Əliyev və Quba Rayon İcra Hakimiyətinin başçısını səlahiyyətlərini müvəqqəti icra edən, başçının 1-ci müavini Tariyel İbrahimov Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Daha sonra Baş Prokuror Quba Rayon Prokurorluğunda Quba, Qusar və Xaçmaz rayonlarından olan sakinləri qəbul edib.
Baş prokuror Kamran Əliyevin qəbuluna gələnlər arasında Qusar şəhər sakini, “Bizim Media” informasiya portalının şimal müxbiri Aytəkin Alxaslı da olub.
Aytəkin Alxaslı bölgədə yaşayan media nümayəndələrinin yerlərdə informasiya alarkən rastlaşdığı çətinlikləri Baş Prokurorun diqqətinə çatdırıb.
O, rayon prokurorluqlarında prokuror köməkçilərinin media ilə işləmək səlahiyyətlərinin gücləndirilməsini xahiş edib:
“Xahiş edirəm, rayon prokurorluqlarında bir nümayəndə ayrılsın ki, biz hər hansı məlumatı onunla dəqiqləşdirək”.
Baş Prokuror təklifə cavab olaraq, bölgələrdə yerləşən prokurorluq orqanlarında mətbuat əlaqələndiricisinin olması ideyasını bəyəndiyini və məsələyə baxılacağını bildirib.