Aktual

Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir

Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etdilər. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi və noyabrın 25-də Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Tarixi gün münasibəti ilə Prezident İlham Əliyev noyabrın 25-də xalqa müraciətində Kəlbəcər rayonunun tamamilə işğaldan azad olunduğunu elan etdi və xalqımıza bu Qələbə münasibəti ilə təbriklərini çatdırdı.
Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi.
Kəlbəcərin işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi düşmən əlinə keçdi, 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü, 60 min nəfər respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmağa məcbur oldular.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər rayonu qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan belə daxil oldu.
Beləliklə acı işğal arxada qaldı. Bu gün Kəlbəcərdə böyük bərpa-quruculuq işləri gedir. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bu yol Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcəkdir. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyulub.
Bütün görüləcək işlər isə yaxın zamanlarda kəlbəcərlilərin doğma evlərinə qayıdışını sürətləndirəcəkdir.

Fəxrəddin Zamanov – əməkdar mühəndis, Kəlbəcər ziyalısı