Azxeber.com-un “Onun 10 cavabı” rubrikasının növbəti qonağı yazıçı Kəramət Böyükçöldür.
O, müxtəlif media qurumlarında çalışan 10 jurnalistin suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
1.Əkbər Nəcəfov
-Kəramət Böyükçöl olaraq həyatda ən çox nədən zövq alırsınız?
– Üzr istəyirəm özümə yaradıcı adam dediyimə görə, yaradıcı insanlarda yaradıcılıq axtarışdır və nədən zövq ala bilmək hədəfini axtarmaqdır. Məsələn, mən zövq ala biləcəyim şeyi tapa bilsəm, elə oturub onunla məşğul olaram. Daha niyə kitab yazıram, təbii ki, epizodik olaraq məişət səviyyəsində zövq ala biləcəyimiz şeylər var. Amma şəxsən mənim xoşbəxtliyim bir dəqiqədən o biri dəqiqəyə keçmir, ani olur. Məsələn, övladımın xoşbəxtliyindən, gülüşündən, oynamağından, sevinməyindən zövq alıram. Amma bu, məişət hadisəsidir. Böyük anlamda zövq ala biləcəyim bir şeyi konkret deyə bilmirəm. Həyatın mənbəyində kədər, qorxu, həyəcan dayanır. Xoşbəxtlik sünidir, yəni özün yaradırsan. İnsan dünyaya ağlaya-ağlaya gəlir. Qorxu səninlə birlikdə doğulur. Cəsarət isə sonradan qazanılma bir hissdir. Sən hansısa bir idealogiyanın təsirinə düşərək yetişdirilib cəsarətli olursan. Anadan cəsarətli doğula bilməzsən.
2. Kamran Ədalət
-Siz kifayət qədər geniş auditoriyaya sahibsiniz və kifayət qədər sərbəst, qeyri-məhdud şəkildə fikirlərinizi ifadə edirsiniz. Nə zamansa ictimai fəalları, söz-fikir sahiblərini hər hansı bir təşkilatda, ocaqda birləşdirib nələrisə reallaşdırmaq ideyası olubmu?
– Elə bir fikir ayrı-ayrı vaxtlarda ağlıma gəlib. Amma mən təşkilatçı deyiləm. Özüm haqqında yüksək fikirdə olmaq xoşuma gəlmir, bu cür adamların mahiyyətində təbii şəkildə bir məsuliyyətsizlik olur. Həyata biganəlik, dağınıq bir həyat, amma təşkilat, hər hansı bir partiya adamdan nizamlı bir həyat tələb edir. Məsuliyyət tələb edir. Həyatın reallıqlarına adekvat davranma tələb edir. Allahımız, dinimiz, peyğəmbərimiz, təbiətimiz, ağacımız, kütlə zövqünü oxşamaq üçün bunların hamısını qəbul etməlisən. Yoxsa sən yaradılışa, dünyaya, həyata suallar verəndə artıq təşkilat ola bilmirsən. Təsəvvür elə, ətrafına topladığın adamların bir qismi dindardır, bir qismi ateistdir, kosmopolitdir, milliyətçidir. Məcbursan ki, bunların hamısının zövqünü oxşayasan. Ağılları hansı səviyyədədirsə, onları dəyişməyəsən, elə o səviyyədə də onlardan istifadə edəsən. Bir yazıçının belə bir məqsədi, niyyəti ola bilməz. Tez-tez dediyim bir fikir var, mən ağzıma gələni yaşayıram. Bir yoldur gedirəm, amma hara gedirəm, geri qayıdacam, ya sağa dönəcəm, sola dönəcəm bilmirəm. Uşağın əlindən külək şarı alıb aparır, gah on yeddinci mərtəbəyə qaldırır, gah aşağı endirir, sonda kimin peçinin borusuna dəyib partlaya-partlaya. Həyat mənə necə təsir edərsə, o cür də yaşayıram. Belə bir adamdan təşkilatçı olmaz.
3.Nurlan Cəfəri
– Hər gün içib etiraz edən Kəramət bəy yaxşıdır, yoxsa parkda kitab satmaqla ailəsini dolandıran Kəramət?
– Parkda kitab satmağın özü də bir etirazdır. Sistemə etirazdır, hakimiyyətə etirazdır, cəmiyyətə etirazdır. İçkinin bir xüsusiyyəti var, içəndə canından məsuliyyət hissi çıxır və sən şüur altında olan şeyləri açıb ortaya qoyursan. Sonra ayılanda o məsuliyyət hissi yenidən gəlib canına dolur. Baxırsan ki, İlahi, mən Azərbaycanda yaşayıram, burada yalan deyəni yox, həqiqəti deyən adamı cəzalandırırlar. İçkili vəziyyətdə iradən özündə olmayıb danışmısan. Halbuki bu, nə qədər adamın içində, ürəyində düşündüyü şeylərdir. Ömür çox qısadır, amma doğulandan ölənədək nə qədər vaxt keçir. Yəni, mən içkili vəziyyətdə danışdığım şeylərin arxasında dayanıram. Onlar mənim fikirlərimdir, sözlərimdir. Fikrimdən geri çəkilmirəm, üzr istəmirəm. Çünki cəmiyyət, sistem məni rahat yaşamağa imkan vermir. Yeganə təsəlli tapacağın şey içki olur. Onu da içəndə artıq iradən əlində olmur, etiraz etməyə başlayırsan. Mənə hərdən deyirlər ki, içib danışır, neyləyir. Guya içən təkcə mən deyiləm ki, o qədər adam var. Bacarırsan sən də içəndə cəsarətli bir iki kəlmə söz de. Sən heç içəndə də cəsarətli ola bilmirsən.
4.Tural Tağıyev
– Kəramət bəy, niyə daha çox sağa-sola daş atmaqla gündəmə gəlirsiniz? Sizə elə gəlmirmi ki, artıq cəmiyyətdə qıcıq oyadırsınız?
– 30 il torpağı işğalda olan bir cəmiyyət bunlardan qıcıq olmur, cavan bir yazıçının gedib sağa-sola daş atmağından qıcıq olur? Səni bu ölkədə qıcıq edən o qədər fundamental problemlər var. Get probemlərinə qıcıq ol, Kəramət niyə səni qıcıq etməlidir? Kəramət sənin verginlə maliyyələşən televiziyada çıxıb danışmır, qıcıq olacağın şeyləri feysbukda sənin özünə yazmır. Xoşqədəm, Zaur, meyxanaçılar kimi televizor vasitəsilə gəlib, sənin evinə girib sənə qıcıq yaratmır, adamın feysbukda bir profili var, orada yazır. Xoşun gəlmirsə, izləmə, xoşun gəlirsə, izlə. Səni zorla gətirib demirəm ki, gəl məni izlə. Yəni, mən nə edirəm ki, mən sənin seçkini saxtalaşdırıram, haqqını, hüququnu əlindən alıram, nə edirəm? Səhvlərim də ola bilər, düzlərim də ola bilər, amma bu səhvlər qəsdən, hiyləgərlikdən, yaranan səhvlər deyil. Sağa-sola daş atdığım adam kimlərdir, bir baxın görün vicdanlı, haqq-ədalətin yanında duran adama daş atmışam? Kimə atmışam, Elman Nəsirova atmışam, Zahid Oruca atmışam, Fazil Mustafaya atmışam, Etibar Əliyevə atmışam, görün daş atdığım adamlar kimlərdir. Saxta deputatlara, korrupsionar məmurlara daş atmışam. Sənin haqların uğrunda mübarizə aparan bir adama daş atmamışam. Sən niyə bundan qıcıq olmalısan.
5. Vilayət Muxtar
– Niyə Kəramət Böyükçöl deyəndə təsəvvürdə qeyri-ciddi bir obraz formalaşır?
– O adamlardan soruşsan ki, sənin üçün ciddi adam kimdir, məlum olacaq ki, o adam ciddi və qeyri-ciddi anlayışlarının yerini səhv salır. Bəli, mən qeyri-ciddi adamam. Çünki mənim ciddi tərəfimi görə biləcək potensial cəmiyyətdə yoxdursa, əlbəttə ki, məni qeyri-ciddi görəcəksən. Üzr istəyirəm özümə ciddi adam dediyimə görə, mən rahatlıqla qeyri-ciddi adam deyə bilirəm, amma ciddi adam deyəndə narahat oluram, tərifləmək istəmirəm. Mənim məqsədim sənin gözündə ciddi adam kimi görünmək deyil. Mən hörmət qazanmaq üçün dəridən-qabıqdan çıxan, əziyyət çəkən bir adam deyiləm. Sənin hörmətin mənim nəyimə lazımdır. Kitab oxumursan ki, deyəm gəlib kitabımı alacaq, manıs deyiləm ki, toyuna çağırasan, yarım saatıma beş min manat pul verəsən. Seçkiyə getmirsən ki, deyəm namizədlik verəcəm, gəlib mənə səs verəcək. Həyatdır, ürəyim istədiyi kimi yaşayıram. Bu gün mən bu cəmiyyətin, bu kütlənin nəyindən istifadə edə bilərəm. Uzaq başı bunları aldada bilərəm. Gedərəm kimdənsə pul alaram, başlayaram bunlarla işləməyə. Bunların deputatı olaram, deyərəm Azərbaycan xalqı böyük xalqdır, tərifləyərəm. Bunların bir manıs müğənnisi olaram. Yəni mən bu xalqdan nə kimi istifadə edə bilərəm. Ona görə mənə çatmır ki, mən bunların gözündə niyə hörmətli olmalıyam, niyə ciddi adam olmalıyam. Məkrli məqsədim, niyyətim yoxdur deyə, mən o obraza girmək istəmirəm. Mənim 4 kitabım çıxıb. Azərbaycanda ən ciddi adamlar, sual verən dostumuzun təbilincə desək, ciddi adamlar o kitablar haqqında ən yüksək sözlərini deyib. Əkrəm Əylisli, Cəmil Həsənli, nə qədər bizim ziyalı dediyimiz adamlar deyib, olanımız budur. Sən gedib bir kitabımı oxusan, həqiqi Kəraməti orada tapa bilərsən.
6. Mərahim Nəsib
– Kəramət Böyükçöl üçün əxlaq, abır, həya və vicdan nəyi ehtiva edir? Çünki cəmiyyətin böyük bir qismi onun bu mənəvi xarakterlərdən məhrum olduğu qənaətindədir.
– Mənim üçün əxlaq sənin öz peşənə sədaqətindir. Müəllimsənsə, sən şagirdlərinə yaxşı dərs deyirsənsə, yaxşı təhsil verirsənsə, əxlaqdır. Həkimsənsə, yaxşı həkim ol, əxlaqın orada üzə çıxır. Mənim cəmiyyət qarşısında, öz peşəm qarşısında məsuliyyətim var. Həkiməm xəstələnmisən, sənə yaxşı müalicə yazıb verirəm, daha mən gedib kimlə yatdım, kimlə durdum bunu sənə nə dəxli var. Rəhmətlik Rafiq Tağının bir sözü var, deyir Azərbaycanda əxlaq deyəndə cinsiyyət orqanı yada düşür. İndi Avropaya əxlaqsız deyirlər, xəstələnəndə də əxlaqsız dediyi həkimə etibar edirlər. Bir dəfə efirdə demişdim ki, məsələn avropalı bir qızdır, gecə-gündüz yatmır, eynəyini taxıb oxuyur, gəlib olur savadlı bir cərrah. Əməliyyat etdiyi kişidən də xoşu gəlir, gedib onunla müvəqqəti bir eşq yaşayır. Şəxsi həyatıdır. Şərq ölkələrində yüz min verib həkim edirsən, gəlib xəstənin sağ ayağı əvəzinə solu kəsir, sol əvəzinə sağı kəsir. İndi bunun hansı əxlaqdır?
7. Tural Turan
– Son dövrlər yazdıqlarınız köşə yazısından o tərəfə keçmir, bu səbəbdən Azərbaycan ədəbiyyatında qala biləcəyinizi düşünürsünüzmü?
– Bir dəfə demişdim ki, bilirəm ki, dünya ədəbiyyatı tarixinə düşən deyiləm, Azərbaycan ədəbiyyatı tarixinə də özüm düşmək istəmirəm. Çünki Azərbaycan ədəbiyyatı tarixinə çox təsadüfi adamlar düşüb. Mən öz peşəmlə məşğulam, yazı yazıram, köşə yazıram, kitab yazıram. Bu da mənim peşəmdir. Mənim üçün maraqlı deyil Azərbaycan ədəbiyyatı tarixinə düşmək. Mən öləndən sonra bu dünyadan xəbərim olmayacaq. Mənim nəyimə lazımdır ki, tarixdə qalım, Kəramət Böyülçölün heykəli qoyuldu, adamlar gəldi buna baxdı. Biz vaxtında bunun qədrini bilmədik, dedi. Nəyimə lazımdır o heykəl mənim. Yazdığım kitablar insanlara, cəmiyyətə lazımdırsa, özləri yaşadacaq. Lazım deyilsə, itib-batıb getsin. Sənin uşaqların dərslik testində Hüseynbala Mirələmovun əsərlərindən imtahan verir. Sənin ədəbiyyat tarixin budur. Bir şeyi ki, Hüseynbala Mirələmov bacarıb, o niyə bizim üçün əlçatmaz olmalıdır. Ya niyə biz ona can atmalıyıq. Azərbaycan tarixinin bütün dövrlərində o qədər təsadüfi adamlar düşüb.
8. Gülnarə Abasova
– Bir çox insanda sizlə bağlı belə bir fikir formalaşıb ki, sizin bu tənqidçi, üsyankar, bəzən kənardan qeyri-ciddi görünən obrazınız əsl siz deyilsiz. Siz əslində məqsədli şəkildə, özünüzü gündəmdə saxlamaq üçün bu obraza girirsiniz. Sizcə, bu fikirlər doğrudurmu?
– Gündəmdə qalmaq mənə nəsə verirsə, onda deyə bilərsən ki, Kəramətin məqsədi gündəmdə qalmaqdır. Gündəmdə qalmaq mənə nə verir? Bəzən mənə deyirlər ki, Kəramət statuslarını layk üçün yazır. Yaxşı, mən o laykı neynirəm? O laykı siyasətçilər aparıb pula çevirir. Məsələn seçkiyə gedirsən, camaat səsinin qədrini bilmir hər vətəndaş da seçkiyə getmir. O məntəqələrdə yığılıb qalan bülletenlər var, deputatlar gedib bülleteni doldurur qutuya öz adına, gətirir onu Bakıda, xaricdə mülklərə çevirir. Pula çevirir. Virtual cəmiyyət dövründə də o layklar bülleten kimi bir şeydir. Çünki bütün proses sosial şəbəkələrdə gedir. Adamlar o laykı yığır, yəni ətrafına bir kütlə yığır və gedir o kütlənin özünün də xəbəri olmadan onu satır. Məsələn, reklam alır, nəyisə reklam edir, ondan pul qazanır. Və ya hökumətlə əməkdaşlığa gedir, deyir ətrafımda bu qədər kütlə var, mənə də inanırlar. Laykdan o cür istifadə edirlər. Mən neynirəm ki, bunu. Reklam edirəm, gündəmə gəlib nəyisə reklam edib pul qazanıram, yoxsa gedib deputat oluram, gedib trol müxalifətçilərdən oluram? Bir özün fikirləş, oxu mənim yazdıqlarımı. Bir dəfə demişdim ki, görəsən mən hara işləyirəm, bilən varsa, desin, gedim bir az pul alım, adamlar yazırdı ki, sən “Azgranata”ya işləyirsən. Məsələn, müğənnilər gündəmə gəlir, toya aparırlar, bunun xeyrin götürür. Mənim yazdıqlarım da hökümətin əleyhinə olur, necə yəni mənə pul verirlər ki, get bizə ağzına gələni de? Yəni neynirəm, onu fikirləş, sadəcə olaraq mən öz düşüncəmi beynimi nə cür görürəmsə, nə düşünürəmsə, onu yazıram.
9. Samir Mirzə
– Kəramət bəy nəyə görə diqqət mərkəzindədir və ya diqqət mərkəzində olmağa çalışır. Yazıçı olmaq istəyənlərə Kəramət necə örnək olur?
– Mənim kimi adamı apar insan haqlarının və hüquqlarının olduğu cəmiyyətə, demokratik bir cəmiyyətə apar, mən orada indiki kimi diqqət mərkəzində ola bilməyəcəm. Mən sıxılmış, haqları pozulmuş bir cəmiyyətdə maraqlıyam. Bu cür cəmiyyətin bir balaca həqiqəti deyən və o həqiqətin də boğazına qotaz keçirib deyə bilən, yəni maraqlı deyə bilən adamın başına qəndin başına qarışqa yığışan kimi yığışırlar. Çünki öz fikrimizi görürük burada, öz düşündüklərimizi görürük. Ona görə diqqət mərkəzində ola bilərəm. Tam səmimi deyirəm, mən bu dəqiqə çox narahatam, tanınmaq, diqqət mərkəzində olmaq məni çox narahat edir. Küçədə bir qızla gedirsən, biri oradan baxır, biri buradan baxır. Biri gəlib salamlaşıb görüşür, bir on dəqiqə vaxt burada gedir. Əsəblərin pozulur, rahat bir həyat yaşaya bilmirsən. Baxırsan ki, hamı bulvarda öz sevgilisi ilə qucaqlaşıb, ona heç kim baxmır. Sən qucaqlaşa bilmirsən ki, hamı sənə baxacaq. Gör mən nədən məhrum olmuşam. Rahat şəkildə qızla hotelə gedə bilmirsən ki, hamı mənə baxacaq ki, gedib filankəslə ora girdi. Rahat bir həyatdan məhrum olmuşam. Bu tanınmaq mənim nəyimə lazımdır? Mənə qazanc vermir, bir şey etmir. Küçədə kitabımı satıram, indi gəlib alırlar, yaşayışımı, dolanışığımı onunla təmin edirəm. Tam səmimi deyirəm, hamının yadından çıxmaq istəyirəm. Unudulmaq istəyirəm. Bir nəfərin yadında qalmaq istəyirəm, tək-tək adamın yadında qaldım bəsdir. Oğlumun, qızımın yadında qalım, heç atamın, anamın da yadında qalmaq istəmirəm. Bir də həyatımda olan bir qadının yadında qaldım bəsdir.
10. Aydın Nuri
-Demisən ki, kənddə məndən soruşulanda ki, Yazıçılar Birliyinin üzvüsən, “hə” deyirəm, amma Bakıda soruşulanda “yox” deyirəm. Sualım ondan ibarətdir ki, kəndlilərlə şəhərlilər arasında hansı fərqliliyə görə bu fikri səsləndirmisiniz?
– Bizim kəndimizlə şəhərin arasında 200-220 kilometr məsafə var. Kənddə ədəbiyyatla, ictimai-siyasi proseslərlə o qədər də çox maraqlanmırlar. Məsələn, deyirsən yazıçıyam, soruşurlar ki, Yazıçılar Birliyinin üzvüsən? Desəm yox, bunlar deyəcək ki, bəs sən necə yazıçısan ki, Yazıçılar Birliyinin üzvü deyilsən. Elə bilirlər ki, yazıçı gedib oranın üzvü olmalıdır. Ona görə yalandan “hə” deyirəm. Durum ona iki saat başa salım ki, Yazıçılar Birliyi hansı səviyyədə qurumdur? Kəndə dincəlməyə getmisən, bütün günü camaata o şeyləri başa salmaq olmur. Amma şəhərə gələndə müəyyən bir maariflənmiş insan kütləsi var ki, onlara deyəndə ki, məni Yazıçılar Birliyindən çıxarıblar, onda fikirləşirlər ki, demək Kəramətdə nəsə var ki, oradan çıxarıblar. Yaltaq adamı niyə oradan çıxarsınlar. Ora istedadsız adamlarla doludur. Oranın üzvlərini təhqir etmirəm, yəqin adam başını asağı salıb yaşayır. Ən yaxşı halda susub başını aşağı salan şair, ya yazıçıdır.
Follow @7timesaz