Mədəniyyət

Kinoya dəxli olmayan film: “Son arzum fahişə”

Kinoya dəxli olmayan film: “Son arzum fahişə”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təzəlikcə, “Youtube” platforması üçün nəzərdə tutulmuş “Son arzum fahişə” adlı bədii filmlə rastlaşdım. Bu ilin əvvəllərində yayımlanmış, “Bizgroup” Production tərəfindən lentə alınmış filmə 2 milyondan çox baxış var. Filmin ssenari müəllifi Mehdi Sadiq, rejissoru Camal İbadovdur.

Son dərəcə cəlbedici ada (xüsusən bizim publika üçün) malik filmdəki vizual baxışdan, kinematoqrafik təfəkkürdən danışa bilməyəcəm.

Olmayan nəsnələr haqda necə danışasan?!

Əlbəttə ki “Youtube” azad platformadır, burda həvəskarların, kino sənətini sevənlərin istədiyi mövzuda, bacardığı dildə, keyfiyyətdə audiovizual məhsul çəkib qoyması ən təbii haqlarıdır. Lakin bütün hallarda mühüm bir məsələ unudulmamalıdır: hər hansı filmi ictimailəşirsə, onu geniş auditoriyaya çatdırmaq niyyəti güdülürsə, müəlliflər danışdıqları hekayənin məsuliyyətini daşımalıdırlar.

Nəyi nəzərdə tuturam?

Yuxarıda dediyim kimi, burda kinematoqrafik düşüncə yoxdur, əhvalat bədii estetik dəyərləri ehtiva eləmir, nəql sadəcə texniki xarakter daşıyır. Yəni sadəcə, əhvalatın bəsit bir təsviri verilir. Bununla belə deməliyəm ki, dialoqların bir qismi Mədəniyyət Nazirliyinin sifarişilə çəkilən filmlərin əksərinin dialoqundan daha çox təbii, canlıdır. Dialoqlardan söz düşmüşkən, süjet bütünlüklə mətnə əsaslanır, hər şey sözlərlə şərh olunur.

Lakin məni bu filmdə narahat edən bədii keyfiyyətlər yox, müəlliflərin qadın kimliyinə baxış bucağı, onu bir növ mizoqiniya əhvalında qurmalarıdır. Ona görə bayaq “məsuliyyət daşımaq” məsələsini təsadüfi qeyd eləmədim. Ola bilsin, ssenarist, rejissor mizoqiniyanın fərqində olmayıb və illərlə aşılanan yanlış mühafizəkar tərbiyənin, qadına stereotip yanaşmanın nəticəsi təhtəlşüuri olaraq filmdə əksini tapıb…

Artıq əvvəldə antiqadın əhval-ruhiyyəli dialoq səslənir. Yadımdan çıxmamış, süjeti qısaca anladım:

Rusiyada biznes quran Orxan (Mehdi Sadiq) Bakıya ailəsini yoluxmağa gəlir. O, uşaqlıq dostu Malikin (Murad Hacıbəyov) xərçəng xəstəsi olduğunu öyrənir, onun bütün müalicə xərclərini üzərinə götürür. Orxan dostunun son arzusunu yerinə yetirməli – Malikin vaxtilə xəbərsiz tərk elədiyi qadını, Arzunu taparaq onunla görüşdürməlidir. Orxan isə Arzunun fahişəliklə məşğul olduğunu öyrənir…

Yazımın o yerinə qayıdıram ki, ilk epizodlarda antiqadın fikirləri səslənir. Kiçik qardaşla Orxanın dialoqundan bir parça.

– Dostum bir qız sevir. Qızı da tanıyıram. Normal qız deyil. Bilmirəm necə deyim dostuma. Səhv başa düşər.

– Ə, nə səhv başa düşər? Başın xarabdır sənin? Səhv başa düşər öz günahıdır. Alacaq qızı, gedib toyunda oynayacaqsan? Bəyin qeyrətli dostları?

Sonrakı səhnələrdə Orxan dostuyla uşaqlıq macəralarını xatırlayır ki, burda da qadın xəyanəti, yaxşı qız-pis qız motivi var.

Orxan:

– Getdim gördüm qız məktəbin dalında başqa qaqaşla öpüşür. Sonra gəldim sənə dedim. Fırlanırdın elə qızla. Sən eləsiylə sevgili olsaydın, sonra mən gərək səni vurardım.

Hər hansı bədii hekayədə bir obrazın təyinatından dolayı belə mövqeyi normaldır. Misalçün, Taleh Yüzbəyovun “Zəhər tuluğu: Kin” filmində Adilin xarakteri, sarkastik-sinik ifadə tərzi, natamamlıq kompleksi, kini onun fahişəni aşağılamasına bəraət verir. Adil obrazı qadını təhqir edirsə, rejissor Taleh Yüzbəyov onu Adildən yüksəyə qoyur.

Lakin “Son arzum fahişə”də müsbət qəhrəman kimi təqdim olunan Orxanın simasında sadiq, səxavətli, fədakar dostu görürük və onun dilindən yaxşı qız, pis qız xarakterləri, normal qadın davranışının nə olduğu, mahiyyəti qətiləşir. Simpatik verilən Orxan obrazı tamaşaçı şərhlərində də dəstəklənir. Və bu, eyni zamanda müəlliflərin mövqeyi kimi ortaya çıxır. Xüsusən, titrlərdən sonrakı epizodu nəzərdə tuturam. Sözügedən epizoda qayıdacam…

Fahişə obrazına (Arzu Abdulova) münasibət isə antiqadın ovqatının pikidir. Müəlliflər Arzunun bu peşəni seçməsini arqumentləşdirmirlər. Qadın seçimini Malikin onunla sevişəndən sonra atmasını, daha bir neçə uğursuz münasibətilə əsaslandırır. Hər halda sevidyi adam tərəfindən tərk edilmək və daha bir neçə uğursuz münasibət bədəni alış-satış obyektinə çevirməkdən ötrü ciddi səbəb sayıla bilməz. Əks halda müəllif onun bəraətini dramaturji gedişlərlə, təsvirlərlə verməliydi ki, bu da filmdə yoxdur.

Dediyim kimi, burda ancaq sözlər var və səslənən sözlər bəraət vermir, inandırmır. Üstəlik, Arzu Abdulova obrazın kədərini, ağrısını verə, yükünü daşıya bilmir, o, son dərəcə səthi, birqatlı oynayır.

Malikin ölümündən emosional şok yaşayan Arzunun mənəvi təmizlənmə prosesinin keçdiyini, yeniləndiyini güman etmək olardı. Hətta növbəti epizodda onun Orxanla dost, qayğıkeş münasibətləri göstərilir. Lakin titrdən sonrakı son kadrda Arzu yenidən laqeydliklə oteldə müştəriylə görüş təyin eləyir.

Başqa cür desək, müəlliflər qadına öncəki həyata qayıtmasına icazə vermirlər. Yəqin ona görə ki, çoxunun təsəvvüründə fahişə sonradan başqa seçim edə bilməz və ya bilməməlidir… Bəlkə müəlliflər, Orxanın təbirincə desək, o fikirdədirlər ki, Arzunun “qanını qəhbəlik tutub” və Malikin onu tərk etməsi belə bir həyat tərzini seçməsinə bəhanə verib? Əgər belədirsə, o zaman film Arzu haqda olmalıydı, ölən dostu üçün fədakarlıq edən Orxan haqqında yox. Və ya bəlkə müəlliflər insan təbiətinin mürəkkəbliyinə, ziddiyyətinə eyham edirlər?

Deməli, filmin əsas qəhrəmanı yenə də Arzu olmalıydı. Ya ola bilsin, final kadrı ona işarədir ki, Malikin ölümü Arzunu tamamən sındırır və fahişəlik onun özündən, həyatdan qisasına çevrilir? Bu halda əhvalat yenə də Arzunun üzərində qurulmalıydı. Əks halda təklif olunan vəziyyətin dramaturji əsası görünmür və aktrisanın ikinci planı ovqatını vermək üçün işləmir.

Gördüyüm qədərilə, müəlliflərin qadın təbiəti haqda bilgiləri kasaddır, fahişə mövzusunu araşdırmayıblar, amma nədənsə belə bir ağır yükün altına girməyi özlərinə rəva biliblər.

Təzadlısı odur ki, qeyrətli, dostcanlı Orxanın dostlarından biri sutenyordur. Məhz sutenyor dostunun köməyi ilə o, Arzunu tapır. Demək, qeyrətli kişinin sutenyor dostu olması normallıqdır, amma qadının hansısa seçimi normallıq sayıla bilməz.

Və belə bir film o ölkədə ortaya çıxır ki, az qala hər gün qadın zorakılığı, qətlləri haqda xəbərlər oxuyuruq… Sənətlə məşğul olmağa iddialı adamların yeni reallıq yaratmaq, mövcud vəziyyətə başqa rakurs sərgiləmək əvəzinə, antiqadın hekayə qurması təəssüf doğurur.(kulis.az)