“Əgər idman zallarının bağlanmasına əsas səbəb kimi sıxlıq göstərilirsə, avtobusdakı insan sayı zalda olan insan sayından dəfələrlə çoxdur”.
7times.az xəbər verir ki, bunu artıq 7 aydır, koronavirus pandemiyası səbəbindən ölkədə idman zallarının fəaliyyətinə qadağa qoyulmasına münasibət bildirən “Limak” fitnes mərkəzinin rəhbəri, fitnes-trener Kamil Zeynallı deyib.
Kamil Zeynallının sözlərinə görə, pandemiya dövründə idman zallarının bağlanması olduqca absurd yanaşmadır və göstərilən səbəb məntiqlə uyğunluq təşkil etmir:
“Pandemiya dövrünün idman sahəsinə həm maddi, həm də mənəvi zərbə vurduğu açıq görünür. İdman zallarının bağlanması maddi cəhətdən gəlirin dayanmasına səbəb olub.
Mənəvi cəhətdən təsiri odur ki, məşqçilərin əksəriyyəti başqa sahələrdə çalışmağa məcbur olublar. Məşqçilərin bəziləri marketdə işləməyə, bəziləri isə taksi sürücüsü kimi çalışmağa məcbur olublar. Yəni məşqçilərimiz onlara aidiyyatı olmayan sahələrə yönəliblər.
Mənim özüm qarışıq məşqçilərə yazığım gəlir. Əgər idman zallarının bağlanmasına əsas səbəb kimi sıxlıq göstərilirsə, avtobusdakı insan sayı zalda olan insan sayından dəfələrlə çoxdur. Qəbul olunan qərara hörmətlə yanaşıram, amma bu qərarın kim tərəfindən və necə qəbul olunduğu maraqlı gəlir”. / Yenicag.az
Follow @7timesaz