Qarabağ

Moskva sülhdən danışır, amma Ermənistanı silahlandırır 

Moskva sülhdən danışır, amma Ermənistanı silahlandırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni bir geosiyasi vəziyyət yarandı. 30 ildən artıqdır ki, nəqliyyat blokadasında və regional iqtisadi layihələrdən kənarda olan Ermənistan, inkişaf etmiş iqtisadiyyatı, daxili sabitliyi və qonşuları ilə normal münasibətləri olan tamhüquqlu bir dövlət olmaq üçün bənzərsiz bir şans əldə edib. Üstəlik, Azərbaycan dəfələrlə ən ali səviyyədə münaqişənin bitdiyini hesab etdiyini bildirib və Ermənistan rəhbərliyini sülh danışıqlarına girməyə çağırıb.

Lakin Azərbaycana qarşı müharibədə Ermənistanın məğlubiyyətindən sonra baş verən proseslər İrəvanda insanların hələ də boş illüziyalar içində yaşadıqlarını göstərir. Və ən əsası, bu illüziyalar vaxtaşırı kənardan qidalanır.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova dünənki brifinqi zamanı xaricə silah tədarükünün Moskvanın suveren haqqı olduğu açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də “CNN Türk” telekanalına müsahibəsində Rusiya sülhməramlılarını Ermənistan Silahlı Qüvvələrinin Qarabağa girməsinə icazə verməkdə, həmçinin Ermənistana silah göndərməkdə günahlandırdığını və bunu 10 noyabr tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirdiyini nəzərə alsaq, Zaxarovanın sözlərini rəsmi Bakının narazılığına cavab olaraq dediyini düşünə bilərik.

Rusiya dünyanın silah ixracatçılarından biridir. Onun ümumi dünya ixracatında payı 20 faiz təşkil edir və Azərbaycan Rusiyanın dünyada silah satmaq haqqı ilə mübahisə etmir. Ancaq konkret bu halda Rusiya silahlarının Ermənistana tədarük edilməsindən söhbət gedir. Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, Rusiya Ermənistanın silahlanmasına davam edir və xatırlatdı ki, avqustun 11-də Moskvada Rusiya və Ermənistan müdafiə nazirlərinin görüşündə İrəvana Rusiya silahlarının tədarükü ilə bağlı razılaşma əldə olunub.

Birmənalı olmayan vəziyyət yaranır. Bir tərəfdən Rusiya sülhün erkən bağlanmasının, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının, sərhədlərin demarkasiyası və delimitasiyasının tərəfdarı olduğunu bildirir, digər tərəfdən silah verir və Ermənistan ordusunun güclənməsində maraqlı olduğunu bildirir. 44 günlük müharibədə Ermənistanın məğlub olması fonunda, ordusu milyardlarla dollar dəyərində olan demək olar ki, bütün silahlarını itirdiyi halda bu niyyət, yumşaq desək, qəribə görünür.

Məntiqi sual ortaya çıxır: Rusiya niyə və ən maraqlısı – kimə qarşı Ermənistanı silahlandırmalıdır? Müvafiq olaraq, Azərbaycan tərəfi Moskvanın bu addımına reaksiya verməli idi. Əgər Rusiya Ermənistanı silahlandırmaq faktını Cənubi Qafqazda güc balansının saxlanılması zərurəti ilə ört-basdır edirsə, onda heç bir balansdan söhbət gedə bilməz. Ermənistan ordusu Rusiyanın əvvəllər verdiyi silahları döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinə qənimət olaraq buraxdı. Bundan əlavə, Ermənistan kreditlə alınan və hazırda Bakıda Qənimətlər Parkında sərgilənən silahların pulunu hələ də ödəməyib.

Başqa heç də az diqqəti cəlb etməyən məqam Zaxarovanın Ermənistan-Azərbaycan sərhəd bölgəsində baş verən hadisələrlə bağlı sözləridir. Onun sözlərinə görə, fərdi hadisələr işlək vəziyyətdə tez həll edilir.

“Onların meydana gəlməsinin səbəbləri Bakı ilə İrəvan arasındakı münasibətlərdə kəskin inamsızlıqdır”, – deyə Zaxarova qeyd edib.

Bununla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi özü-özünü təkzib edir. Moskva İrəvanın illüziyalarını bəsləyirsə və Ermənistan ordusunu silahlandırırsa, hansı etimaddan danışa bilərik?! Öz növbəsində, Rusiyanın dəstəyini hiss edən Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməkdən imtina edir. Şübhəsiz ki, Kreml mövcud vəziyyətin qeyri-müəyyənliyini və Azərbaycanın Ermənistanla sülhün qurulmasında irəliləyişin olmamasından narahatlığını anlamalıdır.

Buna görə də Maria Zaxarovanın bəyanatı, ilk növbədə, hərəkətləri ilə Azərbaycana müqavimət göstərə biləcəyi illüziyasını Ermənistanda yaradan qüvvələrə yönəldilməlidir. 44 gün davam edən Ermənistan üçün acı təcrübə göstərdi ki, Rusiya silahları onu dağıdıcı məğlubiyyətdən xilas etməyib. Əgər Rusiya bölgədə sülh və sabitlik istəyirsə, başa düşməlidir ki, Ermənistana verilən yeni silah modelləri də bir gün Bakının Qənimətlər Parkında ola bilər..Azpolitika.info