Dünya

MÜHARİBƏNİN İLK GÜNÜ: Zelenskinin öldürülməsi planı və deputatlara verilən məxfi zərf

MÜHARİBƏNİN İLK GÜNÜ: Zelenskinin öldürülməsi planı və deputatlara verilən məxfi zərfbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrainska Pravda” nəşri rəsmi Kiyevin Rusiya işğalından əvvəlki dövrün son günlərində və ondan sonrakı ilk saatlardakı hərəkətlərinin xronikasını dərc edib. Nəşr Ukrayna hökuməti və biznes dairələrindəki 30-dan çox mənbə ilə danışıb və Prezidentin, onun administrasiyasının, hökumətin və Ali Radanın müharibəyə necə hazırlaşdığını təsvir edib – əslində, onların, demək olar ki, heç biri buna inanmaq istəmirmiş.

“Report” “Ukrainska Pravda” nəşrinin araşdırmasını təqdim edir.

Fevralın 22-si. Zelenskinin qətlinə “real hazırlıq” haqqında ilk məlumatın daxil olması

 

 

Fevralın 22-nə keçən gecə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR) müstəqilliyini fevralın 21-də tanıması ilə əlaqədar təcili müraciət edib. Rusiya Prezidenti Vladimir Putin bu addımı bir saatdan çox davam edən müraciətində əsaslandırıb, burada digər məsələlərlə yanaşı, müasir Ukraynanın bolşeviklər tərəfindən yaradıldığını və onun “Vladimir İliç Leninin adını daşıyan ölkə” adlandırılmalı olduğunu bildirib.

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, V.Zelenskinin komandasının Rusiya Təhlükəsizlik Şurasının bütün iclasını və V.Putinin qondarma DXR və LXR-in tanınması ilə bağlı çıxışını tam izləməyə vaxtı olmayıb. Amma bununla belə cavab vermək lazım idi: reaksiyanın olmaması zəiflik sayılacaqdı. Zelenski müraciətində deyib: “Biz uzun müddətdir ki, hər şeyə hazırıq. Amma sizin yuxusuz gecənizin heç bir səbəbi yoxdur”.

“O zaman onun komandası həqiqətən belə fikirləşirdi”, – nəşr vurğulayıb.

Fevralın 22-də günortadan sonra Ukraynanın müdafiə naziri Oleksiy Reznikov klassik kostyum geyinərək “Ukrainska pravda”nın jurnalistlərinə müsahibə verməyə gəlib. Onları inandırmağa çalışıb ki, böyük müharibə olmayacaq və hətta Rusiyanın “DXR” və “LXR”i tanımasında müəyyən fayda var: Rusiya bu ərazilərdə mövcudluğunu artıq gizlətmir (fevralın 24-dək Rusiya Ukrayna ərazisində istənilən müdaxiləni təkzib edirdi). Onun müsahibəsi fevralın 24-ü səhər saat 5:30-da, artıq Kiyevə raketlər düşməyə başlayanda yayımlanacaqdı.

Fevralın 22-də ABŞ hakimiyyəti artıq öz səfirliyinin əməkdaşlarını Ukraynadan Polşaya aparmışdı. Kiyevdə isə hələ də xarici qonaqları qəbul edirdilər. Bu cür səfərlər dəstək siqnalları idi. Bundan əlavə, Prezident Ofisi ümid edirdi ki, xarici lider paytaxtda olarkən Putin Ukraynaya hücum etməyə cəsarət etməyəcək. Fevralın 22-də Estoniya Prezidenti Alar Karis Kiyevdə səfərdə olub. Onunla görüşdə Zelenski müharibənin olmayacağına ümid etdiyini bildirib. Bir neçə saat sonra Putin Rusiyanın Donetsk və Luqansk vilayətləri sərhədləri daxilində “DXR” və “LXR”ni tanıdığını açıqlayıb.

Eyni günün axşamı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilovun sözlərinə görə, o, “Zelenskinin öldürülməsinə real hazırlıq barədə ilk hesabatı” əldə edib. O bu barədə dövlət başçısına məlumat verib. Prezident təşəkkür edib, lakin görüşlərini ləğv etməyib.

Elə həmin gün axşam o, Ali Radadakı fraksiya rəhbərlərini dəvət edib və onları birləşməyə çağırıb. Onlar razılaşıblar. Yalnız Rusiyayönlü “Müxalifət Platforması – Həyat naminə” Partiyasının həmsədri Yuri Boyko söz almayıb. Təbii olaraq, müharibə başlayandan sonra onun partiyası yasaqlandı və onun liderlərindən biri Viktor Medvedçuk ev dustaqlığından qaçdıqdan sonra saxlanıldı.

Onların çıxışlarından sonra güc strukturları hesabat verməyə başlayıb. Müdafiə naziri Oleksiy Reznikov və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov Donbasda maksimum gərginlik gözləmələrinə baxmayaraq, genişmiqyaslı müharibə ehtimalını rədd ediblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib ki, ordu bütün ssenarilərə hazırlaşır. Sonuncu çıxış edən Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov olub. Onun hesabatı ən qorxulu və sonra aydın olacağı kimi, ən doğrusu idi. O vurğulayıb ki, rusiyalılar Donbasdan kənara çıxa, Çernobıldan girməyə cəhd edə bilərlər, Xerson və Xarkov təhlükə altındadır, Kiyev üçün təhlükə var. Ancaq görüş iştirakçıları elə zənn edib ki, Zelenski və komandası həqiqətən də bu proqnozlara qulaq asmayıblar.

“Budanov dəhşətli şeylər danışdı. Amma hakimiyyətin digər ali nümayəndələri onun dediklərindən ancaq-ancaq gərildilər, başqaları isə onu ciddi qəbul etmədilər. Bilirsiniz, Kirilin açıqlamalarına belə münasibət kiçik qardaşa olduğu kimi idi”, – görüşdə iştirak edənlərdən biri nəşrə deyib.

 

 

Fevralın 23-ü. Böyük müharibənin olmayacağına inanan iş adamları ilə görüş

Səhər Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Ağ Evin Oval kabinetində olub. Adətən ABŞ Prezidenti öz kabinetində səfirləri və ya xarici işlər nazirlərini qəbul etmir. Oradakı görüş amerikalıların dəstəyini vurğulamaq məqsədi daşıyırdı. Protokol fotoçəkilişlərindən sonra ABŞ Prezidenti Cozef Bayden Kulebadan Ukraynadakı vəziyyətlə bağlı suallar verməyə başlayıb. Lakin “Ukrainska Pravda”nın yazdığına görə, Baydenin tonu “həlledici döyüş ərəfəsində müttəfiqi ruhlandırmaqdan daha çox xərçəng xəstəsi olan uşaqla vidalaşmaq kimi olub”.

Bu arada Kiyevdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası toplanıb. Onun iştirakçıları hərbi vəziyyətin tətbiq edilib-edilməməsinə qərar verirdilər. Müdafiə naziri Reznikov və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Zalujnı hesab edirdilər ki, fövqəladə vəziyyət rejiminin tətbiqi kifayət etməyəcək və buna görə də hərbi vəziyyətin tətbiq olunmasında israr ediblər, lakin bütün ölkədə deyil, sadəcə ölkənin şərqdəki iki-üç vilayətində. Digərləri buna qarşı çıxaraq bunun Ukraynanın Donbasda hücuma hazırlaşdığını göstərə biləcəyini, bu qərarın Rusiyanın lehinə ola biləcəyini iddia ediblər.

 

 

Nəticədə Milli Təhlükəsizlik və Müdafiə Şurası bütün ölkə ərazisində fövqəladə vəziyyətin tətbiqi ilə məhdudlaşmaq qərarına gəlib. Şura katibi Danilov sənədi təsdiq etmək üçün Ali Radaya çıxarıb. Lakin sənəd müxalifət fraksiyalarının başçılarının xoşuna gəlməyib. Onlar fövqəladə vəziyyətin partiyalar və media üçün yaratdığı məhdudiyyətlərin yumşaldılmasını tələb ediblər. Axşamadək sənəddə düzəliş edilib. Bir müddət sonra Danilov buna dözə bilməyib: “Burada hər vergüldən yapışa bilərik. Amma başa düşürsünüz ki, sabah artıq hərbi vəziyyətə səs verməli ola bilərsiniz?”. Rada fövqəladə vəziyyətin lehinə yalnız axşam saatlarında, yəni bir qədər gec səs verib.

Zelenski həmin gün Polşa Prezidenti Anjey Duda və Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb. Ukrayna Prezidenti müharibə ilə bağlı növbəti bir suala “Ordumuzun dövlətimizin müdafiə qabiliyyəti və qorunması istiqamətində atdığı addımları ancaq mən və bizim ordumuz biləcək” cavabını verib. Hakimiyyətin mülki qanadı böyük müharibə olmayacağına inandırarkən hərbi qanad buna hazırlaşırdı: hava hücumundan müdafiə bölmələrini yerbəyer edir, qoşunları ərazilərə göndərir və ehtiyat aerodromları hazırlayırdı. Bu, gizli şəkildə baş verirdi və Amerika kəşfiyyatının Ukrayna ordusunun hərəkətlərindən Rusiya ordusundan daha az xəbərdar olmasının səbəblərindən biri idi.

Fevralın 23-ü axşam saatlarında Zelenski Ukraynanın ən böyük iş adamları ilə görüş keçirib. İclas iştirakçılarından birinin dediyinə görə, Prezident “narahat idi, amma özünü saxlayırdı”. O, biznesmenlərdən “iqtisadiyyat və öz kollektivlərini dəstəkləməyi” xahiş edib. Daha sonra güc strukturlarının nümayəndələri çıxış ediblər. “Ukrainska Pravda” qeyd edib ki, Reznikovun çıxışı “şəxsi inkişaf üzrə məşqçinin motivasiya nitqi” kimi idi, Zalujnı isə ordunun müxtəlif ssenarilərə hazır olması barədə məlumat verib:

“O, özünə əmin şəkildə görünürdü və bununla da bəzi iş adamlarını sakitləşdirdi”.

 

 

Daha sonra Ukraynanın ən zəngini – Rinat Axmetov çıxış edib. Əksər iş adamlarından fərqli olaraq o, çaşqın görünürdü.

“Mən heç vaxt belə Rinat görməmişəm. O, qızardı və bir neçə dəfə təkrarladı: “Ən vacibi xalqımızı xilas etməkdir”, – mənbə “Ukrayinska Pravda”ya bildirib.

Nəşrin məlumatına görə, iş adamları bir-birinin ardınca sülhün vacibliyi haqqında sözləri təkrarlayıblar. Bəziləri darıxaraq öz aralarında pıçıldamağa başlayıblar. Surkis qardaşları masa arxasındakı qonşulara “hər şey səhər saat dörddə başlayacaq” desələr də, bunu mikrofona təkrarlamayıblar.

“Bizə orda heç kim genişmiqyaslı müharibənin olacağını deməmişdi. Heç bir işarə də yox idi! Söhbətlərə və ya ikinci dərəcəli işləri görməyə vaxt itirməzdim, ailəmi isə çıxarardım”, – top-menecerlərdən biri bildirib. “Ukrainska Pravda” mənbələrinin məlumatına görə, hətta görüşdən sonra Axmetovun dostları ilə hamama getdiyi və onları müharibə olmayacağına inandırdığı iddia edilir. Sonradan Axmetov bunu təkzib edib.

“Ukrayinska Pravda” hərbi kəşfiyyatın rəhbəri Kirill Budanovdan iş adamları ilə görüşdə niyə Putinin planları barədə kəşfiyyat məlumatlarını səsləndirmədiyini soruşub.

“Onların deputatlardan fərqli olaraq dövlət sirlərinə çıxışı yoxdur, ona görə də hər şeyi deyə bilmədik. Amma mən çox açıq danışdım, ona görə də təhlükənin səviyyəsini başa düşmək asan idi”, – Budanov cavab verib.

 

 

Fevralın 24-ü. “Iphone”la Boris Consona zəng və hökumətin bölünməsi

Ukraynanın birinci xanımı Yelena Zelenskaya raket zərbəsindən sonra ayılmışdı. Həyat yoldaşı artıq yataqda deyildi. Geyinib qonşu otaqda dayanıb dedi: “Başladı”.

Kiyevin müxtəlif yerlərində deputatlar və məmurlar ayılmağa başlamışdı. Deputatlardan dövlət sirri ilə tanış olanlar bir neçə gün əvvəl onlara verilən “müharibə olduğu halda” məxfi zərfləri açmağa tələsdilər.

“Heç nə yox idi! Sadəcə bir neçə məlum boşboğazlıq. Nə etməli olduğum barədə bir kəlmə də yoxdur!”, – Prezidentin “Xalqın xidmətçisi” fraksiyasının deputatlarından biri bildirib.

Səhər saat beşdə Zelenski artıq ofisində idi. Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbi vəziyyətlə bağlı sənəd hazırlayıb Radaya göndərdi.

“Bizdə hər şey hazır idi, müxtəlif ssenarilər üçün müxtəlif sənədlər paketləri çap etmişdik. Yalnız Prezidentin imzası və qeydiyyata almaq qalırdı. Biz hər şeyə hazırlaşdıq, lakin bu barədə heç kimə, hətta qohumlarımıza belə deyə bilmirdik”, – Şuranın katibi qeyd edib.

Təxminən, eyni vaxtda Radanın deputatı, Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin protodeakonu Rinat Axmetovun biznes tərəfdaşı Vadim Novinski Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilə zəng edib:

— Müqəddəs, müharibə başladı!

— Ola bilməz.

— Necə yəni ola bilməz ki pəncərələrim partlayışlardan titrəyir?

Patriarx hər şeyi öyrənəcəyini vəd etdi, baxmayaraq ki, hər şey aydın idi.

Səhər saat 6:40-da komandasının üzvlərinin əhatəsində olan Zelenski “Iphone” ilə Böyük Britaniyanın Baş naziri Boris Consona zəng edərək dinamiki yandırıb və ingiliscə qışqırdı: “Biz döyüşəcəyik. Boris, biz təslim olmayacağıq”.

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristaykonun sözlərinə görə, Conson və Zelenski o vaxta qədər artıq isti münasibətlər qurmuşdular və söhbət gizli danışıqlardan getməyəndə bir-birlərinə əl telefonları ilə zəng edə bilirdilər. Londonda saat 4:40 idi, lakin Conson Zelenskini “qızğın şəkildə” dəstəklədiyini bildirirdi.

Radanın deputatları isə səsvermə üçün bir araya gəlməyə çalırdılar. Əvvəlcə onlara 400-dən çox adamın yerləşə biləcəyi otağı olan II Dünya müharibəsində Ukrayna Tarixi Muzeyinə gəlməyi söylədilər. Lakin sonradan Radanın binasına gəlməyi xahiş ediblər. Birincisi, yolda səsverməni təşkil etməyə vaxt yox idi. İkincisi, iclasın yayımı zamanı görsənən istənilən başqa otaq Ukrayna hakimiyyətinin artıq Kiyevdən qaçdığını iddia edən Rusiya təbliğatına kömək edə bilərdi.

Səhər saat səkkizə yaxın deputatlar Radanın sessiya zalına toplaşmağa başladılar; bəziləri idman geyimində və çamadanla idi. Hərbi vəziyyətə lehinə bir neçə dəqiqə ərzində səs verdilər. Fraksiya rəhbərləri Zelenski ilə görüş tələb etdilər. İkincisi onları öz kabinetinə dəvət etdi.

“Məni indiyədək belə yoxlamamışdılar, az qala alt paltarıma qədər yoxlayırdılar”, – nümayəndə heyətinin üzvlərindən biri xatırlayıb.

Prezidentin kabinetində qum torbaları ilə pəncərələri örtüb, atəş nöqtələri qurublar. Mətbuat mərkəzində bir neçə jurnalist və aktyor Şon Penn var idi. Hollivud ulduzu müharibə başlamadan əvvəl Ukrayna haqqında sənədli film çəkmək üçün Kiyevə gəlmişdi. Bəzən Prezident Ofisinin spikerləri Mixaylo Podolyak və Oleksiy Arestoviç jurnalistlərin yanına gəlirdilər. Sonuncu yüksək səslə telefonda soruşurdu: “Əzizim, artıq Çernovtsi vilayətinə (Ukraynanın qərbi) çatmısan?”

Radanın deputatları böyük ekranlı situativ otaqda oturuşurdular. Danilov da orada oturmuşdu, o, vilayət administrasiyalarının rəhbərləri ilə ilk müşavirəni aparırdı. “Bəs Xerson haradadır? Kimsə Xersonla əlaqə saxlaya bilər? Ay sənin ananı! Xersondan heç olmasa kimsə qoşula bilər?”, – Şuranın katibi deputatların yanında olmasına fikir verməyərək əsəbi halda qışqırırdı.

Daha sonra otağa Zelenski daxil oldu.

“Bizim vəzifəmiz hakimiyyətin legitimliyini qorumaqdır”, – dövlət başçısı vurğuladı və Ali Radanın sədrini Ukraynanın qərbinə göndərməyi təklif etdi. Buna bəzi deputatlar, o cümlədən Avropa Həmrəyliyi Partiyasının sədri, ölkənin keçmiş Prezidenti Petro Poroşenko kəskin etiraz etdi. Nəticədə spikerin Kiyevdə qalması, birinci vitse-spikerin qonşu regionlardan birinə, vitse-spikerin isə ölkənin qərbinə köçürülməsi qərara alındı. Bir liderin ölümü halında onun səlahiyyətlərini növbətisi almalı idi.

Təxminən, yarım saat sonra Zelenskinin fraksiya rəhbərləri ilə görüşü prezident qvardiyasının rəisi tərəfindən kəsildi. O bildirdi ki, düşmənin diversiya qrupları Prezident Ofisindən bir neçə məhəllə aralıda aşkarlanıb; üstəlik, Prezident Ofisinə raket hücumu təhlükəsi var.

“Ukrainska Pravda”nın yazdığına görə, Zelenski dərhal təhlükəsiz yerə – bunkerə aparıldı. Dövlət başçısı bir neçə həftə oradan ölkəyə rəhbərlik edəcəkdi. Deputatlar və jurnalistlərdən hökumət məhəlləsini tərk etmələri tələb olunub.

Elə həmin gün səhər Ukrayna hökumətinin başçısı Denis Şmiqal nazirləri bir araya gətirərək onların əksəriyyətinin ölkənin qərbinə göndəriləcəyini bəyan edib. Kiyevdə yalnız əsas idarələrin rəhbərləri qalmalı idi: daxili işlər, səhiyyə, infrastruktur, energetika və müdafiə nazirləri.

Bu qərarla əlaqədar Denis Şmiqalla Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk arasında qısa dialoq da yaşanıb:

— Heç yerə gedəsi deyiləm. Mən orada nə edəcəyəm?

— Bu, Prezidentin qərarıdır.

— Onda elə Prezidentlə də danışacağam.

Nəticədə Vereşşuk Kiyevdə qaldı.

Getmək tələbinə tabe olanlar iki qrupa bölündü. Onlar iki qatarla getməli oldular. Birincisi saat 14:00-da, ikincisi saat 16:00-da yola düşdü. Təxliyə üçün məsul icmaların və ərazilərin inkişafı naziri Oleksiy Çernışov təyin edilmişdi. Gizliliyi qorumaq üçün o, eyni anda bir neçə vilayətin rəhbərinə xəbər verdi ki, hökumət onlara gəlir. Sərnişinlərin əksəriyyəti qatarın hara getdiyini bilmirdi. Maşinistlərin də bundan xəbəri yox idi – onlara bir stansiyadan digərinə qısa yollarda marşrut verilirdi. Nəticədə birinci qatar, ardınca ikinci qatar İvano-Frankovska çatdı.

“Yəqin ki, Ukrayna dövləti üçün fevralın 24-də səhər saatlarında qərbə doğru gedən izdihamlı sürətli qatardan daha yaxşı metafora ola bilməz. Silahlı yalnız bir mühafizəçinin olduğu və maşinistinin nəinki ora çatacağını, hətta son stansiyanın adını belə bilmədiyi qatar”, – nəşr yazıb.