Siyasət

“Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər” – Azərbaycan Prezidenti

“Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər” – Azərbaycan Prezidentibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, – bunlar fərqlidir, – ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması maraqlandırmır”.

7times.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində bildirib.

Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenlə təmasları, Bayden administrasiyasının regionumuzdakı münaqişəyə münasibəti ilə bağlı suallara da aydınlıq gətirib:

“Mən vitse-prezident Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşüm olub. Mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm. Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdik. Sizə deyə bilərəm ki, Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden və onu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən çox yaxşı xatirələrim var”.

Prezident bir daha bildirib ki, həmsədr ölkələrin rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bitərəf qalması mühüm amildir:

“Hesab edirəm, bizim müzakirə etdiklərimizi Amerikada, Fransada və Rusiyada erməni lobbi təşkilatlarını nəzərə alaraq Azərbaycan üçün ən yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri münaqişə ilə bağlı bitərəf qalsınlar və tərəf tutmasınlar. Əslində, onların mandatı da onlardan bunu tələb edir. Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər. Biz ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik”.