Dünya

ÖZÜ-ÖZÜNÜ “DÖYƏN” FRANSA – Paris, Azərbaycana qarşı düşmənçilik və sabotajdan nə qazanır?

ÖZÜ-ÖZÜNÜ “DÖYƏN” FRANSA – Paris, Azərbaycana qarşı düşmənçilik və sabotajdan nə qazanır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Senatı hələ 44 günlük müharibənin bitməsindən iki həftə sonra – 2020-ci il noyabrən 25-də qondarma “dağlıq qarabağ respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul etmişdi. Həmin bədnam qətnaməyə Senatda təmsil olunan 5 fraksiyanın yekdilliklə səs verməsi Fransa siyasi elitasının Azərbaycana qarşı qərəzli, düşmənçilik mövqeyində olduğunu göstərirdi. Amma Makron hökuməti bu qətnaməni imzalayıb, ölkələr arasında münasibətləri böhrana soxmaq istəməmişdi…

Aradan iki il keçib və Fransa siyasi elitası bu müddət ərzində erməni lobbisinin təsiri altında Azərbaycana qarşı beynəlxalq hüquqa əsaslanmayan, qərəzli, məkrli mövqeyindən geri çəkilməyib. Noyabrın 15-də Fransa Senatının qəbul etdiyi qətnamə düşmənçilik siyasətinin davamında qərarlı olduqlarını göstərir. Doğrudur, Fransa Prezidenti E.Makron bir neçə gün əvvəl azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Rəsmən təsdiq edilməsə də, ekspertlər güman edirlər ki, Makron Əliyevi rəsmi Parisin ənənəvi siyasətinin dəyişməyəcəyinə inandırmağa çalışıb. Azərbaycan lideri də ona ikili standartlardan yox, beynəlxalq hüquq normalarından çıxış etməyi tövsiyə edib.

 

 

Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnaməni Fransa Senatı 295 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edib. Qurumun 52 üzvü bədnam qətnamənin müzakirəsinə və səsverməsinə qatılmayıb.

Erməni lobbisinin diqtəsi ilə hazırlanmış sənəddə Azərbaycan qarşısında aşağıdakı tələblər səsləndirilib:

– Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir;

– Bütün erməni hərbi əsirləri qaytarılmalıdır;

– Erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməlidir;

– Fransa hökuməti Dağlıq Qarabağda humanitar büro açmalıdır;

– “Dağlıq qarabağ respublikasının” müstəqilliyi tanınmalıdır;

– Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir.

 

 

Beynəlxalq hüquqa həqarət olan bu sənədə ən tutarlı cavablardan birini elə Fransa Senatının üzvü, qətnamənin əleyhinə səs vermiş Natali Qule dilə gətirib: “Mən bu sənədin əleyhinə səs verdim. Çünki hər zaman olduğu kimi, Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi, Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib. Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri dəyməyəcək. Bu sənəd məcburi xarakter daşımır. Fransa hökumətinin mövqeyini dəyişdirə bilməyəcək. Ümumiyyətlə unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu Minsk qrupu artıq mövcud deyil”.

300-ə yaxın fransız siyasətçinin imza atdığı bu sənəd BMT-nin prinsiplərinə, beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransa siyasi elitası bu qərəzli, rüsvayçı addımı atmaqla ilk növbədə dünyada öz ölkəsinin imicini zədələyir. Eyni zamanda Fransanın çox da uzaq olmayan müstəmləkəçi siyasi təfəkkürdən uzaqlaşmadığını göstərir.

Reaksiyalardan göründüyü kimi, Senatın qərəzli addımları postosvet regionunun, Cənubi Qafqazın mərkəzi dövləti olan Azərbaycanın cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb. Bu, özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərir. 2021-ci ildə Azərbaycan ilə Fransa arasındakı ticarət döriyyəsi 245 milyon 463 min dollar olub. Son 10 ildə tərəflər arasındakı ticarət dövriyyəsi 8 dəfəyə yaxın azalıb. Bu ilin ilk 8 ayında isə Fransa ilə cəmi 218 milyon 874 min dollarlıq dövriyyəmiz olub.

 

 

Xatırladaq ki, Azərbaycanda Fransa şirkətlərinin təxminən 2,5 milyard dollar investisiyası var. “Total” “Abşeron” qaz-kondensat yatağının işlənməsində SOCAR-ın əsas tərəfdaşıdır. Metro tikintisi, texnoloji avadanlıqların Azərbaycana idxalı, kosmik sənaye, turizm, təhsil sahələrində xeyli sayda fransız şirkəti çalışır. Azərbaycan iki kosmik peykin hazırlanması üçün Fransa banklarından dövlət zəmanəti ilə 210 milyon dollardan artıq kredit alıb və sözügedən layihələrə yerli şirkətləri cəlb edib.

Şübhəsiz ki, qarşıdakı dövrdə ticarət əlaqələrinin azalacağı gözlənilir, bu da yüksələn xəttdə olan Avropa İttifaqı (Aİ) – Azərbaycan münasibətlərinə də mənfi təsir edəcək.

Xatırladaq ki, bu il iyunun 18-də Bakıda Aİ-i ilə qaz ixracının artırılmasına dair Memorandum imzalanıb. Bu sənədlə niyyət ifadə edilib ki, gələcəkdə avropalı istehlakçılara 20 milyard kubmetrədək qaz satılacaq. Bu il Azərbaycan Avropaya qaz satışını 8.5 milyard kubmetrdən 11.5 milyard kubmetrə qədər artıra bilib. Gələcəkdə bu rəqəmi daha çox artırmaq mümkündür, amma bir şərtlə: Hazırda Fransanın neft-qaz nəhəngi “Total”ın operatoru olduğu “Abşeron-2” yatağında qaz hasilatı vaxtında başlasın. Amma bu şirkət öhdəliklərinə hədsiz dərəcədə spektik yanaşır, özünü hətta Afrikanın yarımfeodal ölkələrinə məxsus şirkətlər kimi aparır.

Qeyd edək ki, sözügedən müqavilə 2009-cu ildə imzalanıb, 2011-ci ildə yataq açılıb. “Total” şirkətinin vitse-prezidenti səviyyəsində Azərbaycan Prezidentinə söz verilmişdi ki, 2022-ci ilin birinci yarısında hasilat başlayacaq, amma olmadı, bu ilin sonuna qədər olması da gözlənilmir. Şirkət bu dəfə 2023-cü ilin əvvəllərində əmtəəlik qazın hasil olunacağını vəd edib, amma gedişat göstərir ki, “Total” yenə öhdəliklərinə əməl etmək niyyətində deyil.

Azərbaycan avropalı istehlakçılara satmaq istədiyi əsas qaz həcmləri ”Abşeron-2”dədir. Ekspertlərə görə, bu qaz-kondensat yatağında 350 milyard kub metr çıxarıla bilən ehtiyatlar mövcuddur. Bu həcmin 300 milyard kubmetri xarici bazarlar üçün nəzərdə tutulub. Beləliklə, həm Fransanın siyasi dairələri, həm də onun “iqtisadi əli” olan “Total” neft-qaz nəhəngi Azərbaycana qarşı düşmənçilik və sabotajla məşğul olur. Nəticədə, özünün lider olduğu Avropa İttifaqının strateji maraqlarına zərbə vurur. Güman etmək olar ki, Rusiya ilə böhran səbəbindən enerji böhranı yaşayan Aİ rəhbərliyində bu sabotaj siyasəti ilə bağlı sorğu-sual başlayacaq. Hazırda Azərbaycanla fəal iqtisadi əlaqələrə malik olan İtaliya, Bolqarıstan, Rumıniya və s ölkələrin rəhbərliyi rəsmi Parisə sorğular ünvanlayacaq.

 

 

Maraqlı məqamlardan biri də budur ki, erməni lobbisinin təsiri altında beynəlxalq hüquqa tüpürərək postsovet regionun ən yaxşı coğrafi, geosiyasi və iqtisadi imkanlarına malik olan Azərbaycanla münasibətləri pisləşdirmək Fransaya nə qəzandırır? Erməni lobbisinin, Ermənistanda millətçi-şovinist kütlələrin könlünü xoş etmək Avropanın ən iddialı ölkəsinin hansı maraqlarını təmin edir? Regionda küncə sıxışmış, Türkiyə və Azərbaycana möhtac olmuş, xarici yardımlar hesabına ayaqda duran Ermənistan, Fransaya necə fayda verə bilər? Bu ritorik suallar yəqin ki, Fransa cəmiyyətində, Avropa İttifaqı ölkələrində də səslənir və getdikcə özünə daha çox dəstək toplayacaq.

Azərbaycan diplomatiyası da bu yöndə intensiv çalışmalıdır…

“AzPolitika.info”