“Hər bir idmançının arzusu olimpiadada iştirak etmək, çempion olmaqdır”.
Bunu Modern.az-a açıqlamasında “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran paracüdoçu Vüqar Şirinli deyib.
Çempion qələbəsini şəhidlərimizi həsr etdiyini söyləyib:
“Olimpiya oyunlarında iştirak etmək hər bir idmançının arzusudur. Çox sevinirəm ki, Tokioya getmək mənə də qismət oldu. Məqsədim qızıl medal qazanmaq idi. Şükürlər olsun ki, qızıl medalı ölkəmə gətirə bildim. Ölkəyə qızıl medalla dönməyimiz, cənab Prezident və Mehriban xanım Əliyevanın bizi təbrik etməsi qürurvericidir. Qələbəmi Qarabağ şəhidlərinə həsr edirəm. Çempionluq hissini sözlə ifadə etmək mümkün deyil. Final görüşündə təkcə özünü yox, bütün Azərbaycanı fikirləşirsən ki, bayrağımız zirvədə olsun. Məqsədim bayrağımızı zirvəyə qaldırıb, himnimizi səsləndirmək idi. Şükürlər olsun ki, bunu bacardım.
Biz Tokioya qalib ölkənin vətəndaşları kimi getmişdik. İstəyirdik ki, Qarabağdakı zəfərimizin ardı olsun və oldu da. “Dəmir yumruq” əməliyyatını Tokioda davam etdirdik”.
Qeyd edək ki, 60 kq çəki dərəcəsində çıxış edən paracüdoçu Vüqar Şirinli qazaxıstanlı Anuar Sarıyevlə final görüşünə çıxıb. Rəqibinə qalib gələn V.Şirinli qızıl medal qazanıb.
Follow @7timesaz