Dünya

Paşinyan danışmaq istəmədi, Putin əsəbi halda əli ilə… – Sankt-Peterbruqda MARAQLI ANLAR

Paşinyan danışmaq istəmədi, Putin əsəbi halda əli ilə… – Sankt-Peterbruqda MARAQLI ANLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 25-də Sankt-Peterburqda Avrasiya İttifaqı Ali Şurasının illik toplantısı keçirilib, bu gün isə MDB dövlət başçılarının qeyri-formal sammiti öz işinə başlayıb. Hər iki tədbirə Azərbaycanda maraq və gözləntilər vardı.

Əvvəla, Rusiya-Ermənistan münasibətlərinin son dərəcə gərginləşdiyi indiki dövrdə iki ölkə liderinin görüşüb-görüşməyəcəyi maraqla gözlənilirdi. Çünki Kreml iki dəfə bu barədə açıqlama verərək Paşinyan və Putin arasında müzakirələr üçün fürsət olduğunu bildirmişdi.

Daha sonra Azərbaycan və Ermənistan liderlərinin Vladimir Putinin iştirakı ilə növbəti dəfə bir araya gəlib-gəlməyəcəkləri də sual altında idi. Ermənistanın Baş naziri Avrasiya İttifaqı Ali Şurasının toplantısına qatıldı və rotasiya qaydasında sədrliyi Rusiyadan təhvil aldı. Daha sonra Paşinyan təklif etdi ki, gələn ilin mayında Rusiyada İttifaqın yubiley sammiti keçirilsin. Onun təklifi Putin tərəfindən qəbul edildi.

Qeyd edək ki, Ermənistan bu İttifaqın üzvü kimi gömrük və sərbəst ticarət qaydalarından böyük fayda götürür. Ölkənin ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İttifaqa daxil olan ölkələrin payına düşür. Bundan başqa ölkəyə daxil olan valyutanın həcmində Rusiyadan, Belarusdan və Qazaxıstandan göndərilən vəsaitlər əksəriyyət təşkil edir.

Moskva-İrəvan münasibətlərində hazırda davam edən gərginlik iqtisadi münasibətlərə təsir etməyə başlayıb. Rəsmi məlumatlara görə, Ermənistandan Rusiyaya və əksinə hərəkət edən yüzlərlə yük maşını Gürcüstanın Yuxarı Lars keçid məntəqəsində gözləyir. Müşahidəçilər məntəqənin bağlanmasını Ermənistan rəhbərliyinə təzyiq hesab edirlər.

Ermənistan qaz, elektik enerjisi idxalında Rusiyadan böyük asılılığa malikdir, habelə iqtisadiyyatın digər sahələrində də müttəfiqin təzyiq rıçaqları kifayət qədər güclüdür. Hazırda Rusiya ilə münasibətlərin gərginləşməsi, Kremlin iqtisadi təzyiq alətlərini işə salmasına gətirib çıxara bilər ki, bu da Ermənistanda ciddi problemlər yaradar. Paşinyan hökumətinin inteqrasiyaya can atdığı Qərb ölkələri Rusiyanı əvəz etmək üçün bu ölkəni real dəstəkləmək imkanlarına malik deyil. Qərb liderləri Paşinyana Moskva ilə sona qədər gərginliyə getməməyə, iqtisadi münasibətləri saxlamağa çağırırlar. Görünür, Paşinyan mövcud vəziyyəti, eləcə də Vaşinqtondan, Brüsseldən verilən tövsiyələri dəyərləndirərək Sankt-Peterbruqa getdi və hətta orada təkliflərlə çıxış etdi.

Maraqlıdır, bu çərçivədə Rusiya və Ermənistan prezidentlərinin ayrıca görüşü keçirilmədi. Mümkündür ki, Paşinyan Putinlə bir otqada tək qalmağı istəməyib. Əslində hər iki liderin bu mövzuda danışmağa kifayət qədər mövzuları vardı. İqtisadi əlaqələrdə böyük dinamika var, Ermənistan təkrar idxalla Rusiyanın Qərb sanksiyalarından yayınmasına kömək edir, bank sektoru, şirkətlər arasında sərbəst dövriyyəyə hər hansı məhdudiyyət yoxdur.

Bu gün başlayan MDB liderlərinin qeyri-formal sammitindən əvvəl Pavlovsk Muzey-Qoruğu ilə tanışlıq zamanı Rusiya Prezidentinin Ermənistanın Baş naziri ilə ayaqüstü danışmasını əks etdirən görüntülər yayılıb. Aydın görünür ki, Paşinyan onunla söhbətdə maraqlı deyil, o, Putindən aralanmağa cəhd etsə də, Kreml sahibi onu əli ilə saxlayaraq bir qədər əsəbi tonda jestlərlə ona nələri isə izah etməyə çalışır. Paşinyanın bu müzakirədən heç də məmnun olmadığı onun təlaş, narazılıqla dolu simasında əks olunur. Görünür, Baş nazirin Kremlin ayrıca görüş təklifindən imtina etməsi səbəbindən Putin fürsət bilib ona çoxdan demək istədiyi şəxsi mesajlarını çatdırıb. Bu xəbərdarlıqların Ermənistanın Qərblə getdikcə dərinləşən münasibətlərinin dayandırılması ilə bağlı olduğunu ehtimal etmək olar.

Nəhayət, Nikol Paşinyan Kremlin vasitəçiliyi ilə  Azərbaycan lideri ilə üçtərəfli formatda sülh müzakirələri aparmaq niyyətində olmadığını nümayiş etdirib. Azərbaycanın da bu görüşə o qədər həvəsli olmadığını qeyd etmək olar, amma rəsmi Bakı bunu qabartmağa ehtiyac görmür, çünki ilk növbədə bu məsələnin Rusiya və Ermənistan liderlərinin öz aralarında aydınlaşdırmasına ehtiyac var.

Beləliklə, Sankt-Peterburq görüşü Rusiya-Ermənistan münasibətlərinin aydınlaşdırılmasında ciddi rol oynadı. Məlum oldu ki, Paşinyan hökuməti Avrasiya İqtisadi Birliyinə yalnız öz maraqları kontekstindən, MDB üzvlüyünə isə ciddi ikitərəfli iqtisadi, siyasi öhdəliklər yaratmadığından loyal baxır. KTMT çərçivəsində hərbi-siyasi münasibətlərə isə faktiki son verildiyini qeyd etmək olar. Rəsmi İrəvan ötən ilin martından etibarən bu təşkilatın bütün tədbirlərini boykot edib, təşkilatdakı səfirini geri çağırıb, habelə onun qəbul etdiyi 10-dan artıq sənədini imzlamayaraq KTMT-ni faktiki iflic vəziyyətinə salıb.

Şübhəsiz ki, Paşinyanın Sank-Peterburqdakı davranışları Kremldə ciddi təhlil olunur və verilən qərarların nəticələri ən qısa müddətdə Ermənistanda hiss olunacaq…

 

“AzPolitika.info”