“Rusiyanın gələcəyi çox kədərli və çox yaxındadır”
Putinin Ukraynada müharibəyə başlamasının gerçək səbəblərilə bağlı indiyə qədər çoxsaylı mülahizələr və fikirlər səsləndirilib. Lakin bu işğal qərarının siyasi, hərbi, iqtisadi, sosial, tarixi və s. tərəflərilə yanaşı, bir mühüm psixoloji tərəfi də var. Belə ki, Ukraynaya qarşı işğal əməliyyatına başlanması qərarını verərkən Putinin hansı fikir və mülahizələrdən çıxış etdiyi, ən əsası isə bu qərarın onun hansı şəxsi psixoloji, hətta psixi durumundan qaynaqlandığı çox önəmlidir.
“AzPolitika.info” xəbər verir ki, tanınmış rusiyalı tarixçi, kultroloq və psixoloq Aleksandr Etkind “Azadlıq Radiosu”na müsahibəsində Putinin psixoloji portreti və onun işğalçılıq müharibəsinə başlamaq qərarının psixoloji tərəflərilə bağlı olduqca maraqlı fikirlər səsləndirib.
Aparıcı Rusiyanın işğalçılıq savaşının psixoanaliz sarıdan mazoxizm ilə bənzərliyinin olub-olmadığını soruşub. Çünki Rusiya dövlət və rejim olaraq özü-özünü məhv etməkdən sanki həzz alır və son 30 ildə qazandıqlarını heçə endirir.
Etkind cavabında deyib: “Məlum olduğu kimi, mazoxist hansısa formada həzz alır. Ancaq bu insanların nədən və necə həzz aldığını anlamaq çətindir. Mənə elə gəlir ki, burada söhbət daha çox fetişizmdən gedir. Fetişizmdə cismin bir hissəsi bütövlükdə onun özündən daha əhəmiyyətlidir. Məsələn, qadının ayaqqabısı onun vücudundan daha önəmlidir. Belələrini kənardan anlamaq çox çətindir. Və Krım da xəritədə öz forması ilə məhz fetiş olaraq belə görünür. Donbas da həmçinin. Fetişizm öz həyatı ilə yaşayır, lakin o, məhvedicidir”.
Etkind deyib ki, Ukraynadakı müharibə Rusiya imperiyasının dağılması prosesini yaxınlaşdırır: “Müharibə yox idi və Rusiya Federasiyası hörmətli, varlı ölkə idi. Onun nüvə silahı və daha nələri vardı. Və bütün bunlara toxunmamaq daha yaxşı idi. Bunun da əsasında hazırkı rejim daha bir neçə onillik ərzində olduğu kimi mövcudluğunu saxlaya bilərdi. Lakin onun özü bu nəhəng maşını yerindən oynatmaq qərarına gəldi. İndi isə bu aysberq üzür və yol boyu əriyir. Onun gələcəyi çox kədərli və çox yaxındadır”.
Psixoloq deyib ki, sonu labüd olan Rusiya imperiyasının dağılma prosesini Putin 20 il ərzində dondura bilib. Lakin sonradan nəsə baş verib və o, bir andaca bu qərarı verməklə, imperiyanın çöküşü prosesini öz əli ilə işə salıb.
Aparıcı Etkinddən soruşur: “Axı, Putinə heç kim, heç nə mane olmurdu, onun üçün heç bir təhlükə yox idi. Hakimiyyətin verdiyi imkanlar Putini kor etdimi? Onun özünü məhv prosesinə star verməsini necə anlamaq olar?”
Məşhur psixoloq isə cavabında Putinin həmin məqamdakı psixoloji portretini bu cür izah edir: “Tarixçilər bu mövzuda cildlərlə əsərlər yazacaqlar və onların hamısı bir-birilə ziddiyyət təşkil edəcək. Mənimsə sadə və intuitiv fikrim belədir ki, o, sadəcə həmin vaxt darıxmağa başlamışdı. Bunun hamısı onun darıxmasından irəli gəldi. Yaxud buna onun öz ambisiyaları ilə bağlı qeyri-qənaətbəxş durumda olması kimi də baxmaq olar. Bunu(müharibəni-red.) isə o, özü üçün hansısa vacib və qəhrəmancasına addım atmaq üçün son şans hesab etdi. Ötən illər onun fikrinə görə tutqun, darıxdırıcı illər olub”.
Follow @7timesaz