“Putin Ukraynaya hücum etməklə Sovet İttifaqı-2 qurmağı planlaşdırırdı. Artıq Putin bu planını həyata keçirməyə çalışacaq. Səfərbərliyi də bunun üçün edir”.
Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Azər Qasımov Rusiya prezidenti Vladimir Putinin səfərbərlik elan etməsi ilə bağlı Rusiyada yaranmış vəziyyət fonunda deyib. Ekspertin sözlərinə görə, Rusiya lideri son və qəti həmlə etməyə hazırlaşır.
“Onun Ukrayna cəbhəsindəki məğlubiyyətini daxili auditoriyada yalnız bu məqsəd yatıra bilər. Ona görə də Putinin bu planı həyata keçirməkdən başqa yolu qalmayıb. Bunun üçün Rusiyanın hərbi və maddi ehtiyyatlarının yetərli olması şübhə doğursa da, hesab etmək olar ki, digər postsovet məkanlarında Rusiyaya Ukraynadakı kimi müqavimət olmayacaq. Təbii ki, bu, şərti fikirdir, amma yüz minlərlə rus ordusunun bir respublikaya hücumunun heç də asan qarşısı alınacaq məsələ olmadığı gerçəyi ilə hamı razılaşar. Hər respublikada da Rusiyanın 5-ci kolonu olduğu gerçəyini nəzərə alsaq, bu, çox təhlükəli hal alacaq”.
Ekspert hesab edir ki, Azərbaycan dövləti bu təhlükəni gözə almalıdır.
“Rusiya üçün Azərbaycan yenidən Sovet İttifaqı qurmaq baxımından itirilmiş ölkə olsa da, bizim yenə də indidən işimizi ehtiyatlı tutmaqda fayda vardır, çünki Rusiya Ermənistan və Gürcüstanda bunun üçün Amerika ilə çarpışacaq. Bunun bizim üçün təhlükəli tərəfləri ola bilər. Nə qədər bu bir versiya kimi görünsə də, amma reallıq payı böyükdür. Tədbirli olmaqda fayda var”.
Follow @7timesaz