Dünya

Putinin “əyilməyən” dediyi dövlətlər hansılardır?

Putinin “əyilməyən” dediyi dövlətlər hansılardır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml sahibi Vladimir Putin “Ordu-2022” forumunda çıxışı zamanı deyib ki, Rusiya müxtəlif qitələrdəki müttəfiqlərini və həmfikirlərini yüksək qiymətləndirir. Onun sözlərinə görə, həmin dövlətlər hegemon dövlətlərin qarşısında baş əymir, onların liderləri əsl kişi xarakteri nümayiş etdirir və əyilmirlər: “Beləliklə, onlar çoxqütblü dünyanın qorunmasına töhfə verirlər”.

 

Putin “hegemon”un (oxu: Amerika Birləşmiş Ştatlarının) qarşısında baş əyməyən və dik dayanan dövlətlər olaraq hansı ölkələri nəzərdə tutub?

 

Sfera.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bu suala cavab axtarılıb.

 

“Əslində Putin özü də hegemon dövlətdən çəkinir, əks halda Vaşinqtonun qarşısında baş əyməyən bir neçə dövlətin adını çəkərdi, yəqin hesab edib ki, adlarını çəksə, ABŞ-ın onlara təzyiqi arta bilər. Putinin sözlərində həqiqət payı ondan ibarətdir ki, misal üçün Türkiyə və Çin Rusiya ilə sıx əlaqələrə malikdirlər, liderlər tez-tez görüşür və fikir mübadiləsi aparırlar. Ancaq Türkiyə və Çinin özü belə 1) Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə dəstək vermir; 2) ABŞ-ın sanksiyalarından ehtiyat etdiklərinə görə Rusiyanın bank sektoru ilə əməkdaşlıqdan çəkinirlər.

 

Bu isə o deməkdir ki, Ankara və Pekin Kremllə sıx təmaslarına rəğmən, Putinin hegemon adlandırdığı Vaşinqtonun sanksiya siyasəti ilə hesablaşırlar. Eyni ilə Putinin istinad etdiyi Latın Amerikası və Afrika ölkələri də Moskva ilə yaxın münasibətlərinə baxmayaraq, Vaşinqtonun qərarları ilə hesablaşırlar. Bu dövlətlərin hamısı anlayır ki, Rusiya Ukraynada işğalçı müharibəni davam etdirməklə haqsızdır”, – təhlildə qeyd edilib.

 

Mərkəz qeyd edib ki, Vladimir Putinin bu dövlətlərdən başqa istəyi də var:

 

“Putin bildirdi ki, Rusiyanın silahlarını və hərbi texnikasını dünyada yüksək qiymətləndirirlər, bu silahların hamısından real döyüş əməliyyatlarında dəfələrlə istifadə olunub: “Hərbi-texniki əməkdaşlığın inkişafı, səylərin və potensialların birləşdirilməsi ilə Rusiya və onun tərəfdaşları həm özləri, həm də bütövlükdə dünya üçün etibarlı təhlükəsizlik və sabitliyi təmin edə biləcəklər”. Kreml sahibi bu sözləri ilə dost və müttəfiq kimi nəzərdə tutduğu dövlətlərin Rusiyadan silah və hərbi texnika almasını istəyir.

 

Putin “bu silahların hamısından real döyüş əməliyyatlarında dəfələrlə istifadə olunub” deməklə Suriyada və Ukraynada müharibə aparmasının əsas səbəblərindən birinin sirrini açmış oldu. Demək, bu müharibələr Putinə həm də Rusiya silahlarının keyfiyyətini yoxlamaq və satış bazarlarında yerini möhkəmlətmək üçün lazımdır. Ancaq Ukraynadakı işğalçı müharibə Rusiya silahı üçün pis reklam olub. Rusiya silahının alıcıları azalıb. Misal üçün bəlli olub ki, Rusiyanın keyfiyyətli pilotsuz uçuş aparatları yoxdur, Moskva açıb-ağartmadan bu silahları Türkiyə və İrandan almağa çalışır. Rusiyanın keyfiyyətli dronları olsaydı, Ermənistan Azərbaycanla 44 günlük müharibədə ondan istifadə edərdi. Bunun nəticəsidir ki, Ermənistan təmsilçiləri müharibədən sonra pilotsuz uçuş aparatları əldə etmək üçün İran, Çin və Hindistanla danışıqlar aparırlar. Azərbaycanın özünün də Rusiya hərbi texnikasına və silahına marağı azalıb”.