UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” – “Qalatasaray”a məlub olub.
7times.az “Report”a istinadla xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubunu qəbul edib.
Bakı Olimpiya Stadionundakı qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə olub. Qapıçı Aqil Məmmədov qurtardığı top qapı dirəyinə dəyib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. “Qalatasaray” 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb.
“Neftçi” ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə “sarı-qırmızılar”ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissənin ilk dəqiqələrində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə Mamadu Mboc başla dəqiq oynayıb. “Neftçi”nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama komandasını yenidən önə keçirib. 57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə Mbaye Diaqne özünün ikinci komandasının üçüncü qoluna imza atıb.
Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, “sarı-qırmızılar”ın beynəlxalq arenada 100-cü qələbəsidir. “Qalatasaray” avrokuboklardakı son matçını isə 2018/2019 matçında qazanmışdı.
“Qalatasaray” III təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandası ilə üz-üzə gələcək.
Follow @7timesaz