Afina ilə Ankara arasındakı gərginlik son vaxtlar yeni mərhələyə qədəm qoyub. Gərginliyin əsas səbəbi Yunanıstanın Egey dəniznidəki adaları silahlandırmasıdır. Rəsmi Ankara Afinanı dəfələrlə sülh masasına dəvət etsə də, bütün səylər nəticəsiz qalıb.
Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar Ankara ilə Qərb ölkələri, o cümlədən ABŞ arasında fikir ayrılığı var və bunun əsas səbəblərindən biri də Ukrayna savaşında Türkiyənin neytral mövqeyidir:
“Bu, ABŞ və müttəfiqlərini qane etmir. Bir çox ekspertin fikrincə, Yunanıstanı Türkiyəyə qarşı təhrik edən məhz Qərbdir. Bu mövqedə olanlar düşünürlər ki, ABŞ və müttəfiqləri Yunanıstanda “Ukrayna böhranı”nı təkrarlamaq istəyirlər. ABŞ və müttəfiqləri Rusiyanı zəiflətmək üçün Ukrayna “kartından” istifadə etdilər. İndi Balkanlarda həmin ssenarinin təkrarlanması mümkündür. Türkiyə ilə Yunanıstan arasında müharibənin başlamaması barədə kimsə zəmanət verə bilməz, amma bu, yaxın gələcəkdə real göünmür. Birincisi, ona görə ki, Ankara Moskvaya nisbətən daha soyuqqanlıdır, asanlıqla Qərbin oyununa getməz. İkincisi, həm Türkiyə, həm də Yunanıstan NATO ölkəsidir. Əgər tərəflər müharibəyə başlayarlarsa, Alyans daxilində parçalanma olacaq. Digər 28 ölkə tərəf tutmalı olacaqlar. Tərəflərin hər ikisinin NATO tərkibində yer alması o deməkdir ki, ehtimal edilən savaş dünya üçün daha böyük faciə vəd edir”.
Ekspert qeyd edib ki, Türkiyə-Yunanıstan müharibəsinin nəticələri Şərqi Avropadakı döyüşlərin nəticəsindən qat-qat ağır olacaq:
“Türkiyə ilə Yunanıstan arasında genişmiqyaslı döyüşlərin başlanması bəşəriyyəti çox çətin günlərin gözləyəcəyi deməkdir. Nəzərə almaq lazımdır ki, Türkiyə hazırda Şərqi Avropadakı savaşın bitməsi üçün səmimi səylər göstərən nadir dövlətlərdəndir. İndi Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatması üçün az da olsa ümid var. Amma Türkiyənin başı Yunanıstanla müharibəyə qarışsa, Şərqi Avropada sülh perspektivi, ümumiyyətlə, olmayacaq. Əksinə, durum daha da gərginləşəcək. Bu mənada Türkiyə ilə Yunanıstan arasında müharibənin başlanması nəinki tərəflərin özü, bütün planet üçün ciddi təhlükə vəd edir”.
Follow @7timesaz