Quba rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin iştirakı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə regional konfrans keçirilib.
Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Rayon İcra Hakimiyyətinin və Regional Təhsil İdarənin məsul şəxsləri iştirak edib.
Çıxış edənlər Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyinə verilmiş yüksək qiymətdən, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi ilə ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımı Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstəkdən danışmış, təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların təhsil işçiləri üçün böyük stimul yaratdığını vurğulamışlar.
Tədbirin sonunda təhsildə fərqlənmiş bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim edilmişdir.