Mədəniyyət

Rasim Balayevi topa tutanlar… – Deputat onları “kütlə” yox, “sürü” adlandırdı

Rasim Balayevi topa tutanlar… – Deputat onları “kütlə” yox, “sürü” adlandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə və mediada ən çox müzakirə edilən mövzulardan biri “kütlə” sözüdür. Xalq artisti Rasim Balayevin kanallardan birinə müsahibəsi müazakirələrin mənbəyi olub.

 

Belə ki, Xalq artisinin müsahibə sırasında  “Mən niyə özümü bu kütləyə həsr etməliyəm?” fikri birmənalı qarşılanmayıb. Bəziləri bu sözün təhqir məzmunlu olduğunu düşünürlər.

 

Əvvəlcə “kütlə”nin etimalogiyası barədə…

 

“Kütlə sözü ərəbcə “kətələ” (toplamaq, yığmaq, cəm etmək) feilindən düzəlmiş bir isimdir. Mənbə dildə, yəni ərəb dilində “yığın topa, qalaq”, yaxud “kütlə, xalq” və ya “blok, qruplaşma” və bir çox mənalara malikdir.

 

 

Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Modern.az-a kütlə sözünün etimoloji mənasını izah edib. O vurğulayıb ki, bu söz dilimizdə daha çox “camaat, əhali, xalq, zəhmətkeş kəsim” mənalarında işlədilir.

 

“Məsələn: “Ey geniş kütlənin, acısı, şərbəti – Alovlu sənəti!” (Mikayıl Müşfiq) . Digər bir nümunə: “Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin” adı ilə tanımağa başladı” (M.İbrahimov). Və ya: “ [Almaz:] Kütləyə əsaslanmayan hər bir təşəbbüs ölümə məhkumdur” (C.Cabbarlı) və s.

 

Əslində, sinonim sözlər olan  “xalq” və “kütlə” sözləri arasında prinsipcə bir fərq yoxdur.  Bu, həmin sözü işlədənin dərk etdiyi gerçəkliyi hansı sözlə ifadə etməsindən və danışanın niyyətindən asılıdır. Praktik istifadə zamanı “kütlə”nin “qaragüruh”la eyniləşdirildiyini də görürük. Sırf dəqiqlik və ciddi yanaşma tələb olunursa, onda birmənalı olaraq deməliyik ki, “kütlə” sözü “xalq, camaat, əhali” sözlərinin sinonimidir”, – dilçi professor qeyd edib.

 

İctimaiyyət arasında Rasim Balayevin fikrini dəstəkləyənlər də az deyil. Bir çox sənət adamı, siyasətçi və digər ictimai şəxs onu müdafiə edib.

 

 

Milli Məclisin deputatı Etibar Əliyev bu məsələni şişirtməyə ehtiyac olmadığını düşünür:

 

“Bu barədə feysbuk səhifəmdə də yazmışam. Düşünürəm ki, Rasim Balayevin işlətdiyi “kütlə” ifadəsi heç kimi təhqir etmək yönümündə deyil. “Kütlə” anlayışı çox tez-tez işlədilir. Kütlə haqqında böyük alimlər, filososflar, psixoloqlar əsərlər yazıblar. Məsələn, bəzən çap edilən kitablarda qeyd edilir ki, “geniş oxucu kütləsi üçün nəzərdə tutulub”. İndi  kitabı alan etiraz eləsin ki, ona kütlə deyilir? Yəni məncə bu məsələni bu qədər şişirtməyə ehtiyac yox idi. Kütlənin müxtəlif növləri var.

 

Düşünürəm ki, Rasim Balayev feysbukda ona qarşı total  “hücumları” nəzərdə alaraq “kütlə” anlayışını işlədib.  Əgər sosial şəbəkə olmasa idi, bu fikirə harada qarşı çıxacaqdılar? Mən hətta bir az da irəli gedərək sosial şəbəkələrdə hücuma keçən qruplar var ki, onları sürü adlandırıram.  Məsələnin məğzini bilmədən, təhlil etmədən kütləvi şəkildə hər hansı şəxsi linç edirlər. Kim ki bu anlayışı başa düşmür, Ziqmund Freydin, Qustav Lebonun, Elias Kanettinin tədqiqat əsərlərini oxusunlar.

 

Mən demək istəyirəm ki, biz kütləvi şəkildə Rasim Balayevi, oynadığı rolları bəyənirik. Onu linç eləmək doğru deyil. Bu savadsızlıq və anlamamaq keyfiyyətindən irəli gəlir”.

 

Professor İdris Abbasov da Rasim Balayevin “kütlə” sözünü işlətməsinə münasibət bildirib:

 

“Xalq artisti Rasim Balayevin jurnalistə cavabına gəlincə, tam təbiidir. Kontekst daxilində və mövcud situasiyada xalqın və ya kütlənin heç bir şəkildə aşağılanmasından söhbət gedə bilməz. Sadəcə, jurnalistin aktyoru qeyri-adekvat olaraq siyasi müstəviyə sürükləyən qısnayıcı, qınayıcı və deyərdim ki, zorakı tonla sual verməsi, üstəlik, sual üzərində israr etməsi səhhətində problemlər olan qocaman sənətkarın “kütlə” sözünü əsəbi və acıqlı tonda tələffüz etməsinə səbəb olmuşdur. Bu qədər sadə. Ömrünü Azərbaycan mədəniyyətinin inkişafına həsr etmiş bir sənətkarın təltif zamanı etika və ədəb-ərkan çərçivəsində davranması isə nümunəvi və təqdirəlayiqdir”.

 

 

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə həmkarını müdafiə edib:

 

“Mən çox təəssüflənirəm. Baxdım həmin müsahibəyə. Rasim daxilən, ruhən bu xalqa xidmət edən, xalqın içindən, torpaqdan, dəyərlərdən gələn bir ustad, sənətkardır. Onun üzərinə bu cür getməyin nə mənası var? Balayev  Azərbaycan kino mədəniyyətini sübut etmiş, dünyada qəbul olunmuş, ustad, sənətkardır. Onun yaşından, əsəbindən, emosiyasından sui-istifadə etməsinlər, xahiş edirəm.

 

Aktyor sənətində sətiraltı mənalar və münasibətlər var. Axı o sözü əsaslandırır? “Əgər mən 10 ildir, işsiz, ehtiyac içində çabalayıramsa, bu gün mənə hücum edən “kütlə”dir”, deyir, xalqı demir ki?! O toplumu deyir. Sadəcə fikrini düzgün ifadə etməyib. Konkret o adamlar ki, sui-istifadə edib, ona hücum edirlər. “Mən ac-susuz qalanda onlar da harda idilər. İndi mənim bir sözümdən tutub, şou düzəldib, öz mənəviyyatsız düşüncələrini ortaya qoyurlar”. Sözün mənası belədir”.