Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Seneqal nümayəndə heyəti ilə görüş keçirilib.
7Times.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Seneqal Respublikasının Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səfər İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Görüş zamanı Azərbaycan və Seneqal arasında rəqəmsal inkişaf və innovasiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib. Həmçinin ötən ilin dekabrında imzalanmış anlaşma memorandumları çərçivəsində görülmüş işlər nəzərdən keçirilib.
Seneqal tərəfi ölkədə həyata keçirilən dövlət xidmətlərinin rəqəmsal transformasiyası gündəliyi barədə məlumat verib.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, xüsusilə “myGov” platforması üzrə təcrübə mübadiləsi məsələlərinə diqqət yetirilib.
Bununla yanaşı, dövlət qulluqçularının süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarının artırılmasının vacibliyi vurğulanıb.
Startap ekosisteminin dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Görüş Azərbaycanın rəqəmsal həllərinin təşviqi və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.





