Avropanı qarşıda şaxtalı aylar gözləyir. Qərb soyuqdan donmamaq üçün imkanlarını səfərbər edib. Bəzi dövlətlər Rusiya-Ukrayna müharibəsində mövqe dəyişikliyinə gedərək vəziyyətdən çıxış yolunu axtarmağa çalışır, bəzi Qərb dövlətləri isə ölkəsinin qaza olan ehtiyacını qarşılamaq üçün müxtəlif variantları nəzərdən keçirmək məcburiyyətindədirlər.
Ukrayna ilə müharibədən sonra Qərbdən ona tətbiq edilən misilsiz sanksiyalarla çətin duruma düşən Rusiya iqtisadiyyatını “çöküş”dən xilas edə bilməyin getdikcə çətinləşməyə başladığını aşkar görür. Bu məqsədlə Kreml Avropa Birliyinin qış planlarını pozmaqda qərarlıdır. Nəticədə Rusiya qarşı tərəfdən intiqam almaq, beynəlxalq rəqiblərini sərt şaxta ilə geri çəkilməyə məcbur qoymaq üçün bunu fürsət bilir. Belə görünür ki, hələlik Moskvanın bu planı işə yarımağa başlayıb.
Rusiyadan “Şimal axını” ilə neftin nəqlini qeyri-müəyyən müddətə dayandırması bu məsələdə hərəkətliliyi daha da artırdı. Amma belə görünür ki, ikincilər hələ də Rusiya qazına ümidlərini tam üzməyiblər.
Məhz bu amil artıq Qərbi iki qütbə bölüb: ABŞ, Böyük Britaniya, Polşa və Baltik ölkələri Rusiyaya qarşı sərt siyasətin davamının tərəfdarı olduqları halda Almaniya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan və İtaliya kimi dövlətlər müharibənin istənilən şəkildə bitməsini və Moskva ilə əlaqələri bərpa etməyi arzulayırlar.
Nəticədə ABŞ-ın “Qoca qitə”ni orbitinə qatmaq planı sarsılmağa doğru gedir. Baxmayaraq ki, bu proses ən çox elə Avropanın özünün zərbə altında qalması ilə baş verir. Rusiyanın qaz nəqlini birdəfəlik dayandıracağı halda, onları önümüzdəki qışda çox çətin günlərin gözləyəcəyindən narahat olan bəzi dövlətlər həm enerji böhranı, həm bu böhranın yaradacağı iqtisadi çətinliklər, həm də bu çətinliklərin səbəb olacağı sosial dalğalanmalarla mübarizə aparmaq riskini gözə almaq istəmirlər. Nəticədə Rusiya Kollektiv Qərbi ikiyə parçalayaraq ABŞ-ın təsir dairəsindən çıxarmaq planının öhdəsindən gəlməyə başlayıb.
Şübhəsiz ki, Qərb ilə Rusiya arasında qarşıdurmanın enerji müstəvisinə keçməsi qütbləşmənin kəskinləşməsini daha da sürətli hala gətirdi. Bu isə o deməkdir ki, nəticədə artıq tərəfləri bir-birinə bağlayan, biri-birinə asılılıq yaradan əsas körpülər dağıdılmağa başlayır.
Əgər təxminən bir ay əvvəl Qərb cəbhəsində hadisələrin geosiyasi müstəvidə ABŞ və Britaniyanın istədiyi kimi cərəyan etdiyini görürdüksə, artıq bunu deməkdə tərəddüdlər var. O tərəddüdlər təbii ki, Almaniyanın, Fransanın və digər Qərb ölkələrinin adları ilə bağlıdır.
Amma bu proseslərin digər bir tərəfi də var: Rusiya Avropaya qaz satışını dayanadırmasından istədiyi nəticələri əldə edə bilməsə, “B” planı kimi Avropaya qaz satan digər ölkələrə siyasi təzyiq imkanlarını işə sala bilər ki, bu da qış aylarının Bakı ilə Moskva arasında soyuq diplomatik dövrü kimi yadda qala bilər.
Amma o da istisna edilmir ki, bu proseslərin yekununda Rusiya qlobal enerji, eləcə də silah bazarındakı mövqelərini itirəcək, onun beynəlxalq nüfuzu ciddi şəkildə zədələnəcək və nəticədə qlobal geosiyasətdəki çəkisini itirərək orta ölçülü regional güc səviyyəsinə düşəcək.
Azərbaycanın enerji təhlükəsizliyində rolu, qlobal arenada artan nüfuzu və beynəlxalq hüququn bərpa olunması bu gün Azərbaycanın geostrateji əhəmiyyətli ən nüfuzlu tədbirlərdə yer almasını şərtləndirir. Necə ki, Prezident İlham Əliyev İtaliyaya səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak etdi ki, bu da sıradan bir hadisə deyildi.
Nəzərə alsaq ki, müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökümət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər, bu, bir daha Azərbaycanın, dövlət başçısının dünyada artan nüfuzundan xəbər verən bir faktordur. Xüsusilə də yeni dünya düzəninin formalaşdığı bir zamanda bunun baş verməsi, Azərbaycanın qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarının daha fərqli sərhədlərə, coğrafiyalara doğru irəliləməsinin göstəricisidir.
Fikrimcə belə bir müttəfiqi, belə bir qonşu dövləti Rusiya ən azı indiki məqamda qarşısına almaq haqda düşünmür. Nəzərə alsaq ki, Ukrayna savaşının əhatə dairəsi genişlənə bilər, bu savaşın Ukraynanın dövlət sərhədlərindən kənara çıxma ehtimalı hər ötən gün daha da ciddiləşir və Ukrayna savaşının daha təhlükəli ssenarilər üzrə inkişaf etməsi qaçılmaza çevrilə bilər, o zaman Rusiyaya Avropa ilə Asiyanın nəqliyyat qovşağında yerləşən, geoiqtisadi strateji əhəmiyyətli kommunikasiya xəttlərinin kəsişdiyi, logistika imkanlarının böyük olduğu Azərbaycan nəfəslik funksiyasını yerinə yetirə bilər. /Milli.az/