İqtisadiyyat

Rusiyada kartof qıtlığı: Azərbaycandan almaq istəyirlər… – ƏTRAFLI

Rusiyada kartof qıtlığı: Azərbaycandan almaq istəyirlər… – ƏTRAFLIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın kənd təsərrüfatı məhsullarının topdansatış bazarlarında kartof sürətlə bahalaşıb.

7times.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya qiymətləri MDB ölkələrindən kartof idxal etməklə azaltmağa çalışır.

Kənd təsərrüfatı üzrə ekspertlər hesab edirlər ki, ərzaq bahalaşması fonunda bir çox ailələrdə kartof əsas ərzaq növünə çevrilib. Üstəlik, məhsul Rusiyanın milli mətbəxtinin populyar yeməyi olan “borş dəstinə” daxildir. Yerli mətbuat ölkənin kənd təsərrüfatı nazirinin müavini Oksana Luta istinadən xəbər verir ki, qiymət artımının qarşısını almaq üçün MDB ölkələrindən kartof idxal edilməsi nəzərdə tutulub. Rəsmi məlumatda qeyd edilir ki, son bir ildə kartofun topdansatış qiyməti 70 faiz, kələm 70 faiz, kök isə 44 faiz bahalaşıb.

Qiymət artımının səbəblərindən biri hava şəraitinin məhsul yığımında yaratdığı çətinliklərdir. Yağışlı hava məhsulun saxlanılmasına da mənfi təsir edir – nəmişlikdən məhsul çürüyür, xarab olur. Rusiyada kifayət qədər meyvə-tərəvəz anbarlarının olmaması da ayrıca problemdir. Məlumatlarda qeyd edilir ki, Həştərxan vilayətində də sakinlər kartofun ilboyu bahalaşmasından, hazırki qiymətlərdən şoka düşüblər. Baxmayaraq ki, Həştərxan regionunda böyük həcmdə kartof istehsal edilir. Məlum olub ki, istehsalçılar məhsulun əsas hissəsini emal və qablaşdırmaq üçün digər regionlara satırlar, məhsul qablaşdırılandan sonra vilayətin marketlərinədə bir neçə dəfə baha satılır. Mətbuat ekspertlərə istinadən Rusiyanın Azərbaycan və Belarusdan kartof alacağını yazıb.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə virtualaz.org-a bildirib ki, Azərbaycandan faraş kartof ixrac edilir və hər il ixrac genişlənir. Ancaq payızlıq, köhnə kartof ixracı üzrə potensial növbəti illərdə yarana bilər. “Kartof istehsalının həcmi indiki ilə müqayisədə 25-30 faiz artandan və soyuducu anbar infrastrukturu qurulandan sonra payızlıq kartofun ixrac potensialı yarana bilər. Biz bunu növbəti 3-5 il ərzində gözləyirik”, – mərkəz direktoru deyib.

F.Fikrətzadə mövsümdə regionun kartof bazarında müşahidə olunan trendləri də açıqlayıb. Müsahibimizin sözlərinə görə, sentyabrın ortalarından Rusiya bazarlarında təklifin azalması ilə bağlı kartofa tələbin kəskin artması sonrakı dövrdə, demək olar ki, bütövlükdə region bazarında tarazlığı pozub. Leysan yağışların yığımı çətinləşdirməsi, digər tərəfdən, topdansatış şirkətlərinin keyfiyyətli kartofu saxlamaq üçün iri partiyalarla alması, həmçinin saxlama yerləri olan fermerlərin məhsulu satmağa tələsməməsi yerli bazarda qiymətləri kəskin şəkildə bahalaşdırıb.

Oktyabrın ilk günlərində kartofun qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə baha – kilosu 0.50 dollara satılıb. Digər tərəfdən, Rusiya bazarındakı bu vəziyyət artıq “domino effekti” yaradıb və həmin vaxt Belarus və Qazaxıstanda da qiymətlər rekord həddə bahalaşıb. Belarusda tərəvəz hiperinflyasiyası baş verib, ölkə ilk dəfə yığım dövründə kartof idxal etməyə başlayıb. Rusiyaya ixracı azaldan Belarus Ukraynadan hələ də az da olsa kartof idxal edir. Qazaxıstan isə 2021-ci ilin yanvar-avqust aylarında kartof ixracının həcmini 2 dəfə azaldıb, eyni zamanda idxalı 2.6 dəfə artırıb. Rusiya və Qazaxıstan bazarındakı vəziyyət, öz növbəsində, Özbəkistan bazarına təsirsiz qalmayıb. Ukrayna kartofun bahalaşmasını isə həm məhsulun keyfiyyətinin aşağı olması, həm də bu dövrdə qiymətlərin xeyli yüksək olduğu Balkan ölkələrinə ixracın artması şərtləndirib. Eləcə də oktyabrın əvvəlindən Gürcüstanda kartofun qiyməti yüksəlməyə başlayıb. Bu, ixracın həddindən çox artımı ilə əlaqələndirilir. Gürcüstanda kartof hazırda mövsümün bu dövrü üçün son illərin maksimum qiymətinə – 0.35 dollar/kq-a təklif olunur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur.

Regiondakı vəziyyət Azərbaycan bazarına da öz təsirini göstərib, qiymətlər 2019-cu il səviyyəsini belə keçib. Halbuki, cari ilin 9 ayında Azərbaycanda kartof istehsalı 3.6 faiz artıb. Fikrətzadə hesab edir ki, son günlərin trendi əsasında demək olar ki, bundan sonra region bazarında kartofun qiymətində stabillik yaranacaq./virtualaz/