Manşet

Şərt qoydular ki, bu nazirləri tənqid etməyin – Tahir İmanov

Şərt qoydular ki, bu nazirləri tənqid etməyin – Tahir İmanovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Tahir İmanov axar.az-a müsahibə verib.

7times.az həmin müsahibəni təqdim edir:

– Təbrik edirik sizi, bu yaxınlarda cənab Prezident sizi “Tərəqqi” medalı ilə təltif etdi…

– Təşəkkür edirəm. Tək məni deyil, “Parni iz Baku”nun bir çox üzvləri cənab Prezident tərəfindən bu medala layiq görüldü. Açığı, bizim üçün gözlənilməz oldu, çünki hamımız bilirik ki, ölkəmiz hazırda post-müharibə dövrünü yaşayır. Bu gün bizim öndə olan məsələlərimiz azad olunmuş torpaqlarda infrastrukturu qurmaqdır və bilirik ki, ölkə rəhbərimiz bu işlərlə gecə-gündüz məşğul olur. Bütün bunları televiziya və saytlar vasitəsi ilə izləyirik. Bu dönəmdə mədəniyyət və incəsənət xadimlərinə diqqət yetirmək xüsusi qayğıdır, böyük işdir. Bu, bir daha onu sübut edir ki, cənab Prezident daim mədəniyyətimizin yanındadır və bizi dəstəkləyir. Mən bütün “Parni iz Baku” KVN komandasının və “Planet Parni iz Baku” KVN teatrının adından cənab Prezidentə təşəkkürümü bildirirəm. Baxmayaraq ki, bir neçə dəfə təşəkkürümü bildirmişəm, lakin ilk dəfədir ki, bunu sayt vasitəsi ilə və sevindirici haldır ki, məhz sizin sayt vasitəsi ilə edirəm. Əlimizdən gələn hər bir şeyi edirik ki, təşəkkürümüz cənab Prezidentə gedib çatsın. Çoxları düşünür ki, “çox sağol” – sözdür də, nə olsun? Amma başa düşmürlər ki, bu, şükrün əlamətidir. Təəssüflər olsun ki, bir çoxlarımız son zamanlar naşükür olmuşuq və bu naşükürlük də gətirib ona çıxarır ki, həmin insanlar nemətsiz, medalsız, fəxri adsız qalır.

Biz “Parni iz Baku” komandası 30 ildir səhnədəyik və hər günümüzə şükür etmişik bu illər ərzində. Çətin günlərimiz olub: işsiz, pulsuz, efirə qadağalı günlər… Allahıma şükürlər olsun ki, bizi bu günlərə gətirib çıxartdı və qeyd edirəm ki, bu il səhnə fəaliyyətimizin 30 illiyini, “Planet Parni iz Baku” KVN teatrının 20 illiyini qeyd edirik. Bu dönəmdə cənab Prezidentin bizi təltif etməsinə çox sevindik. Qarşıda bir neçə günlük “Maskalı yubiley” adlı konsert proqramı ilə çıxış edəcəyik və bu medallar bizim üçün böyük stimuldur.

– Televiziya kanallarınızı izləyirsiniz?

– AzTV-dən başqa heç bir kanalı izləmirəm.

– Təsadüfən soruşmadıq bunu. Televiziya və ya Yutub kanallarında olan komediyalara, yumor parçalarına, stənd-aplara münasibətinizi bilmək istəyirdik…

– İstedadlı gənclərimiz var, amma hazırda olanlar bizim sevdiyimiz və bizə öyrədilən yumor deyil. Bu barədə dəfələrlə demişəm ki, gənclərimiz istedadlıdır, sadəcə, mövzu-ssenari məhduddur. Mən onları qınamıram, çünki televiziya rəhbərləri onları məhdud çərçivəyə salıb. Stənd-aplar üçün bir çox mövzular var, məsələn, dövlət strukturlarının tənqid… TV rəhbərləri deyir ki, bunu etmək olmaz və s. Yazıq uşaqlar, qalırlar qəfəsdə. İndiki stənd-apçılar mənə qəfəsdəki gözəl bülbülü xatırladır. Yumor elə bir şeydir ki, orda “yaşıl işıq” olmalıdır – əlbəttə, qırmızı xətlər də var. Yumoru müəyyən çərçivəyə salanda, çox duzsuz və bəsit bir stənd-ap alınır. Bunu təkcə mən yox, izləyicilər də deyir. Təkrar edirəm, burda həmin gənclərin heç bir günahı yoxdur, günahkar televiziya rəhbərləridir. Məsləhət görərdim ki, ümumiyyətlə, bu cür şouları göstərməsinlər. Eyni şey nə qədər olar? Ər-arvad, arvad-ər, gəlin-qayınana, qayınana-qayınata… (gülür)

– Yalnız bu məhdudiyyətlərləmi bağlıdır? Yumoristlərdə çatışmayan cəhətlər yoxdur? Biz Rusiya və ya Türkiyə “komedi-klub”larını da izləyirik. Fərqlər çoxdur. Sizcə, onlarla müqayisədə bizim yumoristlərdə nə çatmır?

– Cəsarət! Cəsarətli olmaq və sənət prinsiplərini sonuna qədər müdafiə etmək lazımdır, necə ki, bunu vaxtı ilə “Parniz iz Baku” edib, eləyir və inşallah, edəcək! Bizə qadağalar elə belə, dərhal qoyulmadı ki! Önümüzə şərtlər qoydular və dedilər ki, polisi tənqid etməyin, vergilər nazirini tənqid etməyin, səhiyyə nazirini tənqid etməyin, filan siyasətçini tənqid etməyin… Biz “yox!” dedik! “Parni iz Baku”nun öz prinsipləri var və biz ölkə rəhbərliyi qarşısında nə vaxtsa bunu etmişiksə, televiziya rəhbərliyi bizə niyə qadağa qoyur? Razılaşmadığımız üçün bizi 5 il efirə qoymadılar və adımızı qoydular “çətin adamlar”. Əvvəlcə hamımız “çətin adam” olduq və daha sonra gördülər ki, danışan elə Tahir İmanovdur, yalnız məni “çətin adam” elədilər, Cabirin isə “daha yumşaq” olduğunu deyirdilər və s. Mən qadağaya qədər yaxşı adam idim, qadağadan sonra dəyişib pis oldum? İnsan bu yaşda dəyişə bilməz axı. Nə oldu birdən-birə başladınız mənə qarşı qara kampaniya aparmağa? Ölkə rəhbərliyi bizim konsertlərə gələndə bizi əl üstündə tuturdunuz; “fəxrimizsiniz, sizdən yoxdur, nə probleminiz varsa, gəlin, qapılarımız açıqdır” deyən adamlar nə oldu birdən-birə?! Bu ikiüzlülük deyil, bəs nədir?!

Gənc stənd-apçılara tövsiyə edirəm ki, cəsarətli olsunlar, ya da ümumiyyətlə, bu sənətdən uzaqlaşsınlar. Əks halda duzsuz yumor alınacaq və tənqidlər çoxalacaq. Gedib taksi sürücüsü, ofisiant, fəhlə işləsinlər, əsl kişi işidir bu dediklərim. Çünki halal zəhməti ilə pul qazanıb ailə dolandırırlar. Televiziya rəhbərinin hər kəlməsinə “baş üstə müəllim, etmərəm” deməklə sənət yaratmaq olmaz.

– Tənqid qadağalarından danışdınız. Maraqlıdır, bəs, hansı məmurlara parodiya qadağası qoyulmuşdu?

– Bir var parodiya qadağası qoyulanlar, bir də var özümüzün qadağan etdiklərimiz. Parodiya üçün o məmurun özü ictimaiyyətdə populyar olmalıdır. Bəzən bizə parodiya qadağası qoyulan məmurlara ictimaiyyətin kəskin mənfi münasibəti olur. Biz onları parodiya etsək, onlar üçün böyük bir şərəf olar və ona görə də biz özümüz istəmirik onları parodiya edək. O cür məmurların əksəriyyətinin cəzasını artıq cənab Prezident verib və onlar vəzifədən uzaqlaşdırılıblar.

Amma, məsələn, Hacıbala Abutalıbov işdən çıxıb və biz indiyə kimi onu parodiya edirik, çünki bu insan, keçmiş dövlət məmuru olsa belə, hər kəs üçün maraqlıdır və aktualdur, fərqlidir.

– Bəs, sizə efir-konsert qadağası qoyanlar kimlər idi?

– İndi onlar vəzifədə deyil, ad çəkmək etik sayılmaz. Heç o vaxt da adlarını çəkməmişik.

– Sizə qadağa necə qoyulurdu? Necə bir maneə yaradılırdı?

– Məsələn, konsertimizə sponsorluq üçün danışıqlar aparırdıq, razılıq alırdıq, iki gün sonra müqaviləni imzalamaq üçün aparanda həmin şəxs deyirdi ki, yuxarıdan zəng ediblər, sizinlə işləməyi qadağan edirlər. Bu cür nalayiq hərəkətlərlə mane olurdular.

– Niyə ad çəkmirsiniz?

– Təkrar edirəm, o vaxt onların adını çəkməmişəmsə, indi, vəzifədən getdikdən sonra niyə çəkim? Onların cəzasını Allah verib və el arasında alçaldıb, mən niyə onların adını çəkim ki?

Bir dəfə konsertlərin birində dedim ki, baxmayaraq ki, bizə qadağalar qoydular, bir çox qapıları üzümüzə bağladılar, mən yenə də onlara və onların ailələrinə cansağlığı arzu edirəm. Rəhmətlik babam mənə, Cabirə və ailəmizin bütün üzvlərinə çox vacib bir şey öyrədib: pisliyə hər zaman yaxşılıqla cavab verin. Onlara yaxşılığım mənim duamdır. Allah onları və onların ailələrini qorusun. Bu konsert efirdə gedəndə televiziya rəhbəri mənə zəng vurub dedi ki, Tahir, bəlkə həmin hissəni kəsib çıxaraq? Soruşdum niyə? Dedi, sən onlara yaxşılıq arzu edirsən, onlar isə bunu istehza kimi qəbul edər.

İnanın, doğurdan da səmimi sözlərimdir və heç bilmirəm necə deyim ki, inansınlar. Onlar mənə pislik edib, mən də qarşılıq olaraq pislik edim və bu pislik nəsildən nəsilə keçsin? Pislik ediblər, Allah onların cəzalarını verib, bu, mənim üçün kifayətdir. Mən kiməm ki, pislik edim? Ümumiyyətlə, mən heç kimə qarşı pislik etməyi bacarmıram. Adlarını çəkmirəm, sağ olsunlar ki, bizə həyatda belə bir şeyi göstərdilər. Əsas odur ki, o dönəmdə sınmadıq, əyilmədik və acından ölmədik. Ümidimiz cənab Prezidentə idi, inanırdıq ki, haqq-ədalət öz yerini tutacaq. Möhtərəm Prezidentimiz bu məsələni layiqincə yoluna qoydu.

– Bildiyim qədəri ilə cənab Prezidentlə görüşünüzdə sizdən həmin məmurların adlarını soruşdu. Efirdən kənar ad çəkdiniz?

– Yox, elə orda dedim. Soruşdu ki, kimdir sizə qadağa qoyan? “Özəl telekanallardır” dedim, ümumi şəkildə. Bizə yaraşmaz, bizim nəslimizə, xalqımıza yaraşmaz ad çəkmək. Ümidim hər zaman Allah olub. Bütün bunlara görə Allah bizim və xalqımızın qarşısına cənab İlham Əliyev kimi ölkə başçısı çıxarıb. Şükür edirəm ki, belə bir gözəl ölkədə yaşayıram.

– Əksəriyyət gənc yumorustlərin yersiz hərəkətindən, yaxud ssenarilərdən çox narazıdır. Bəlkə, məktəb yoxdur, ona görə?

– Bunu heç kim düstur kimi qəbul etməsin; bu Azərbaycanın sıravi, balaca bir vətəndaşının subyektiv fikridir və bunu demək mənim haqqımdır: təhsil çox zəifdir. Bir çox yerdə “Azərbaycan” sözünü düzgün tələfüz etmirlərsə, deməli, ciddi problem var. Səhər pultu götürüb kanalları dəyişirdim ki, AzTV-yə baxım, kanalı çevirəndə İctimai TV-nin yayımında 7-8 nəfər “Biz səni sevirik, Azərbaydzan” deyirdi. Bunu bunlar bilmirsə, eşitmirsə, bəs bunu çəkən rejissor, operator görmür, eşitmr? Deyə bilmir ki, ölkəmizin adını düzgün tələfüz edin? Dəhşət, böyük biabırçılıq və böyük bir problemdir. İlk növbədə ölkəmizin adını düzgün tələffüz etməliyik və daha sonra digər səhvlərə keçid etməliyik.

Daha əvvəllər televiziya özü buna nəzarət edirdi. Düzünə qalsa, hərdən Dövlət Televiziyasında bu cür hallarla qarşılaşıram, dərhal ora zəng edib bir vətəndaş kimi sözümü deyirəm və xahiş edirəm ki, buna bir çarə qılsınlar. Bu bizim təhsilimizin problemidir və çox böyük bir problemdir, bunu ən qısa zamanda həll etmək lazımdır.

– Gələcək planlarınız var?

– Noyabrın 26-sı, 27-si, 28-i və dekabrın 4-ü, 5-i olacaq yeni konsertimizə hazırlaşırıq və nəzərə alsaq ki, zalın yalnız 50 faizi dola bilər, qərara gəldik ki, karyeramızın tarixində ilk dəfə günə iki konsert verək ki, tamaşaçıların hamısı konsertimizə gələ bilsin. Bu yaşımızda günə iki konsert vermək olduqca çətin bir məsələdir, amma biz bunu etməliyik. Birinci seansımız 15:00-da, digəri isə 19:30-da baş tutacaq.

– Dəvətli qonaqlarınız varmı?

– Hələ heç kimi dəvət etməmişik və dəvət edəndə də çox az adam çağırırıq. Bu mənim işimdir, peşəmdir, niyə dəvət etməliyəm?

– Komanda üzvlərindən kimlər iştirak edəcək konsertdə?

– Demək olar ki, hamısı: Bəhram Bağırzadə, Cabir İmanov, Ələkbər Əliyev, Azər Məmmədzadə və teatrımızın gənc aktyor və aktrisaları. Hər zaman konsert öncəsi jurnalistlər sual verirlər ki, konsertdə hansı səhnəciklər olacaq? Mən də hər zaman demişəm ki, qoy, sirr olaraq qalsın. Bu gün sizə balaca bir sirr açmaq istəyirəm, hər kəsi möhtəşəm səhnəcik gözləyir və biz bu 30 illik dövrümüzün ən tanınmış, ən yaddaqalan, ən parlaq obrazlarını bir səhnəciyə salmışıq. Təsəvvür edin, Eliş və Roşka, Ağa Natiq, Şiraslan Gürsəsli, Sazoğlan və digərləri bir məkana gələcəklər, böyük bir hadisənin şahidi olacaqlar. Qeyd etdiyim aktyorların hamısını cəmi iki aktyor oynayır: mən və qardaşım Cabir. Bu texniki, həm də psixoloji cəhətdən çox çətin olacaq.

– Şuşaya getdiniz, babanız Süleyman Ələsgərovun oradakı evini ziyarət etdiniz. Hansı hisslərlə qayıtdınız?

– Yalnız qürur hissi ilə! Mən hər zaman ölkəmlə fəxr etmişəm, hətta torpaqlarımızın 20 faizi işğal altında olanda belə. Hər zaman Vətənimlə qürur duymuşam və bu hər zaman belə olacaq. Ölkəmizin ən çətin dövrünü görmüşəm və ölkəm mənim üçün hər bir vəziyyətdə xoşdur. Heç bir zaman ağlıma gəlməyib ki, köçüm, digərləri kimi, gedib Avropada yaşayım. Mən və komandamız hər zaman inanmışıq ki, Qələbə bizimdir. Bütün konsertlərimizin əvvəli, ortası və sonunda mövzu əsnasında demişik: biz inanırıq ki, günlərin bir günü torpaqlarımız azad olunacaq və orada konsert proqramları ilə çıxış edəcəyik. Çox sevinirəm ki, Şuşada Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil edilən ilk konsertin aparıcısı mən oldum. İnanın, sevincimin həddi-hüdudu yox idi, özümə yer tapa bilmirdim. Bilmirdim daşı öpüm, bilmirdim torpağı öpüm, bilmirdim konserti idarə edim… Bir çox səhnələr görmüşəm, çıxış etmişəm, amma bu hissləri heç bir səhnədə yaşamamışam. Cıdır düzündə improvizə və balaca bir səhnə idi, amma inanın, mənim üçün dünyanın ən gözəl səhnəsi və ən gözəl konserti idi. Çox qürur duyuram ki, məhz Şuşada keçirilən ilk konsertin aparıcısı mən oldum.

– “Parni iz Baku” komandası Şuşada ayrıca konsert proqramı ilə çıxış etməyi düşünür?

– Əlbəttə. İnfrastruktur bərpa olunsun, yollar düzəlsin, Şuşanın sakinləri oraya qayıtsın, biz mütləq orada konsert verəcəyik. Biz bu ideya ilə yaşamışıq, baxmayaraq ki, bir çox insan artıq ümidini itirmişdi. Çoxları bədbin danışıb, bədbin düşünəndə, biz əksini deyirdik. Dəfələrlə olub ki, bu mövzuyla bağlı bir çox yerdə, hətta qohumlarımla belə mübahisə etmişəm. Elə bilirdim məni təhqir edirlər, deyirdim, ya xeyir danışın, ya susun! İnanmırsınız, çəkilin kənara, amma susun! Bizim evdə belə sözlər danışmaq olmaz! Bu təkcə mənim yox, babam Süleyman Ələsgərovun da xoşuna gəlmirdi. Hərdən kimsə deyəndə ki, “Süleyman əmi, getdi torpaqlar”, babamın çox xətrinə dəyirdi, deyirdi, sən nə danışırsan?! Biz, ailəmiz bu ideya ilə yaşayırıq və yaradırıq ki, torpaqlarımızı azad edəcəyik. Hər dəfə cənab Prezident deyəndə ki, əgər bu sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolnan həll edəcəyik, inanırdıq və bu sözlər bizə yaşamağa, yaratmağa stimul verirdi. Çünki hər insanın həyatında hansısa bir aparıcı, istiqamətləndirici qüvvə olmalıdır. Son 28 il ərzində bizim əsas istiqamətimiz Qarabağ idi.

İnam, ümid və başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, güclü Ordumuzla qalib gəldik. Təbii ki, burda şəhidlərimizi xüsusi vurğulamalıyıq, onlara nəinki biz, bizdən sonra gələcək nəsillər də axirətə qədər borclu olacaq. Düşünürəm ki, şəhidlərimizin hər biri haqqında böyük layihələr hazırlanmalıdır, filmlər çəkilməlidir. Onlar gələcəyimiz üçün canlarını qurban verdilər.