Ölkə

Şuşa qatı duman içində idi… Amma İŞIQLARI YANIRDI…

Şuşa qatı duman içində idi… Amma İŞIQLARI YANIRDI…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi həm də qurucu Azərbaycanla işğalçı Ermənistanın fərqinə işıq salır…

 

N.Tesla: “Nifrətiniz elektrikə çevrilsəydi, bütün dünyanı işıqlandırmağa bəs edərdi…”
Xeyirlə Şərin, Nurla Zülmətin əbədi savaşda olduğu bu dünyada haradasa işıq, çıraq yandırmaq, harayasa nur, işıq daşımaq qədər dəyərli iş nə ola bilər… Ötən cümə günü Medianın İnkişafı Agentliyi ilə birlikdə biz jurnalistlərin işğaldan azad olunmuş torpaqlara səfərini təşkil edən  “Azərişıq”  həm də on illərin işğal qaranlığından qurtulmuş ərazilərə elektrik nuru daşımaqla məşğuldur…
...Bakıdan sübh tezdən qaranlıqda çıxdıq... Qaranlıqları yara-yara üzü Qarabağa gedirdik, bu yolda qəlbimizi nurlandıran həm də ölməz şəhidlərimizin ruhları  idi…
 Füzulinin işğaldan azad edilmiş ərazilərində irəlilədikcə 44 günlük savaşda şəhid və qazilərilərimizin getdiyi yolların nə qədər çətin və təhlükəli olduğunu, az da olsa, dərk edirdik…
Haylar tərəfindən 30 ildə xarabaya döndərilmiş, minalar döşənmiş kəndlərimiz… Qulağımızda Nizami Gəncəvinin misrası səslənir:
Çalış ki, dünyaya işıq verəsən, 
Torpağa göz dikmə ilan kimi sən…
Xarabazara dönmüş Füzuli şəhəri… Hər tərəf dağılmış binalar, evlər… Yüzlərlə sönmüş ocaq, sonlanmış insan həyatı, yarıda qalmış uşaqlıq, gənclik arzuları…  Qeyri-iradi qəlbimizə qaranlıq çökür…  Fəqət, gözlənilmədən yolumuzun kənarında görünən, çağdaş standartlarla tikilən bina dərhal ürəyimizdə bir ümid çırağı yandırır… “Azərişığ”ın tikdiyi binadır…
Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzi…  Təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuş və tamamlanmaqda olan bu binada zəhmət çəkən fəhlələr, yol yoldaşlarımız olan “Azərişığ”ın rəhbər əməkdaşlarının telekanallara ardıcıl müsahibələri o xarabalıqların ortasında bir həyat qaynağı yandırır…
Atalar deyib ki, işıq olan yerdə yaraşıq olar… İnşallah, belə idarə və müəssisələrimizin, işıqlı, zəhmətkeş insanlarımızın sayəsində tezliklə digər işğaldan azad yurdlarımız kimi, Füzuli torpağı da nura, yaraşığa qərq olar…
…Dahi fizik-mühəndis Nikola Tesla həyatını, enerjisini mənasız savaşlara sərf edən məxluqlarla bağlı deyirdi: “Nifrətiniz elektrikə çevrilsəydi, bütün dünyanı işıqlandırmağa bəs edərdi…”
Görün, qəlbləri Azərbaycana, bizlərə bu qədər nifrətlə dolu vandal, vəhşi, cahil olduqları qədər, həm də bədbəxt, binəva  ermənilər yurdlarımızı talamaqla özləri nələri itiriblər…
Hadruta doğru gedirik… Dumanlı dağlara tərəf… O dağlar, dumanlar arasında “Azərişığ”ın tamamlanmaqda olan  daha bir obyekti qəlblərimizdə növbəti işıq yandırır: “Hadrut” qovşaq yarımstansiyası…  Hələ neçə-neçə kəndlərin, evlərin işıqlanmasına, minlərlə insanın  üzünün gülməsinə, qəlblərində ümid çırağının yanmasına vəsilə olacaq bu müəssisə…
Mühəndislərə, fəhlələrə “uğurlar olsun” deyib Şuşaya doğru yolumuzu davam etdiririk…
Hadrutdan ayrılıb Zəfər yoluna aparan dolama yolların qatı dumanına qovuşanda elə bildik, daha işıq üzü görünmür… Fəqət, inanırdıq ki, hər qaranlığın axırı işıq olur…
…Şuşaya daxil oluruq… Həmin anların, nurlu, işıqlı həyəcanını təsvir etmək mümkün deyil…
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin artıq istismara verilmiş müasir binasındayıq… Dəhlizdə ermənilərin 28 illik işğal dövründə şəhəri elektriklə təmin etdikləri və elə hazırkı binanın yerində olmuş bərbad yarımstansiyanın fotosuna rast gəlirik… Bu da bir daha qurucu Azərbaycanla işğalçı, vandal Ermənistanın fərqinə işıq salır…
…Şuşa – ziyalılar, dahilər şəhəridir. Ziya da işıq deməkdir… İnşallah, “Azərişığ”ın işıqlandıracağı təzə evlərdə yeni-yeni ziyalılar, şairlər, bəstəkarlar, alimlər, dahilər yetişdirəcək bu şəhər…
Biz axşam qaranlıq çökəndə paytaxta tərəf yola düşdük… Şuşa qatı duman içində idi… Amma İŞIQLARI YANIRDI… O dumanlı, uçurumlu dağ yollarıyla bizi şəhidlərin nuru və “Azərişığ”ın avtobusunun sürücüsü sağ-salamat aparıb-gətirdi…
Maderator.