Ölkə

“Təbii stadinonları məhv ediblər, süni meydançada futbolçu yetişə bilər?” – Fazil Mustafa

“Təbii stadinonları məhv ediblər, süni meydançada futbolçu yetişə bilər?” – Fazil Mustafabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Gürcüstanın futbol üzrə milli komandası tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Gürcüstan yığması Almaniyada keçiriləcək qitə birinciliyində iştirak edəcək.

Sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri isə niyə Azərbaycan millisinin hələ də Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsidir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, Gürcüstan futbolda balaca ölkə olmayıb.

Onun sözlərinə görə, Gürcüstan həmişə, sovet dövründə də böyük futbol ölkəsi olub:

“İdmana ciddi yanaşıblar. Azərbaycanlılar gürcüstanlılardan fiziki cəhətdən, əqli cəhətdən zəif deyil ki? Doğru yolunu tapmaq lazımdır və bu da var. Yəni stadionları, təbii meydançaları məhv eləyəndən sonra orada futbolçu necə yetişə bilər? Süni meydançada çox sayda futbolçuların ayaqları, dizləri dərhal sıradan çıxır. Ona görə də təcili futbolun inkişafı ilə bağlı ikinci proqram qəbul edib, müəyyən dərəcədə ağıllı adamların bu proqramı həyata keçirməsinə imkan yaratmaq lazımdır. Təbii meydançalar yaradılmalıdır. Müxtəlif yaş kateqoriyasından olan uşaqların futbola həvəsləndirilməsi statistika baxımından yox, real, gerçək bir proses baxımından həyata keçirilməlidir. Gürcüstanda uşaq futboluna diqqət ayrılır, rahatlıqla o uşaq yetişə bilir. Bizdə də uşaq vaxtı keçəndən sonra hansısa bir futbol vərdişini əldə edə bilmir, atletik vərdişləri olmur. Ona görə də futbola, milli komandaya yerli oyunçu gətirmək mümkün olmur. Araşdırsaz, klubların əksəriyyəti yerli oyunçu tapa bilmirlər və bu böyük bir sıxıntıdır. Milli komandada da bu sıxıntıdır və ona görə də bu məsələ açığı, futbola, idmana yanaşma məsələsidir. İdmanın bütün sahələrində əslində, bu problem var. Ona görə də Gürcüstan ənənəsini qoruyub saxladı. Bizdə futbol ənənəsi də zəif idi. Daha çox başqa millətlərdən olanlar futbolda parlamışdılar. Banişevski, Markarov və başqaları. Az sayda Azərbaycanın İsgəndər Cavadov kimi, Panamaryov kimi, Maşallah Əhmədov kimi tanınmış futbolçuları oldu. Amma bu bəs eləmir. Biz yenidən bu məsələyə ciddi yanaşmalıyıq. Yəni çox güman ki, ciddi adamların da bu işlə məşğul olmasına ehtiyac var”.