UEFA rəhbəri Aleksander Çeferin İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales ilə şəxsi yazışmalarında “Real Madrid”in prezidenti Florentino Peres haqqında xoşagəlməz ifadələr işlədib.
7Times.az xəbər verir ki, bu barədə “Objective” məlumat yayıb.
Mənbənin məlumatına görə, bu hadisə 2019-cu il dekabrın 6-da Avropa Super Liqası yaradılması ilə bağlı vəziyyətin müzakirəsi zamanı baş verib. Həmin gün Rubiales Çeferinlə əlaqə saxlayıb və Peresin planlarını müzakirə edib.
“Pereslə danışacağam. Tebas (La Liqanın rəhbəri) və Florentino burada, İspaniyada mənə qarşı çıxsalar, vəziyyətim dözülməz olacaq. Gəlin ən yaxşısı birlikdə nə edəcəyimizi düşünək. Peres çox qürurlu insandır. Məncə, danışıb onları sakitləşdirməyə çalışa bilərik. İstənilən halda, mən səni 100 faiz dəstəkləyəcəm, bundan narahat olma”, – Rubiales belə yazıb.
Çeferin isə ona belə cavab verib: “Onunla danışmaq istəmirəm. Bunu sırf sizin üçün edəcəm. O, axmaq və irqçidir! Vəziyyəti mənim üçün yumşaltmayın, buna ehtiyacım yoxdur. Sadəcə, güclü qalmanızı istəyirəm”.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə addımlarını qanunsuz elan edib.
Fanat.Az
Follow @7timesaz