Manşet

Ulu öndər HEYDƏR ƏLİYEVİN həyat və yaradıcılığı

Ulu öndər HEYDƏR ƏLİYEVİN həyat və yaradıcılığıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində işləmişdir. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etmişdir.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1998-ci il oktyabrın 11-də səslərin 76,1 faizini toplayaraq Heydər Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmişdir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir.

Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmişdir.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin böyük əksəriyyəti Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.

Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və s. prioritet sahələr olmuşdur. 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.

Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.

Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə 2005-ci il 22 aprel tarixli Qanun ilə“Heydər Əliyev” ordeni təsis edilmişdir.