Rusiya işgüzar dairələrinin bir nümayəndəsi üç həftə əvvəl Kiyevə səfər edib və orada Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.
“7Times.az” xəbər verir ki, bu barədə Rusiya mediası Vladimir Putinin çıxışına istinadla məlumat yayıb.
Putin həmin biznesmenin adını çəkməyib.
“Üç həftə əvvəl bizim işgüzar dairələrimizin bir nümayəndəsi mənə zəng edib sual verdi. Mən bu şəxsi çoxdan tanıyıram. Yaxın əlaqələrimiz yoxdur, amma mən ona etibar edirəm; o, layiqli insandır. O dedi ki, “Vladimir Vladimiroviç, məni Kiyevə dəvət edirlər”. Mən də dedim ki, gedin”, – deyə Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.
Putinin sözlərinə görə, iş adamı 21 mayda Kiyevə səfər edib və Zelenski ilə onun iqamətgahında görüşüb. Putin həmin iş adamı ilə o Kiyevdən qayıtdıqdan sonra görüşüb: “Onun dediklərində ən vacib şey cənab Zelenskinin görüş istəməsi idi. Mən heç vaxt bundan imtina etmədiyimi dedim”.
Lakin Putin hazırda belə bir görüşün mənasının olmadığını deyib. O hesab edir ki, mütəxəssislər əvvəlcə birlikdə işləməli və həll yolları hazırlamalıdırlar: “Sonra görüşə, sənədlərin imzalanmasında iştirak edə və ya nəsə imzalaya bilərik”.
Lakin Putinin dediyinə görə, bunun ertəsi gün Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətindəki Starobelskdə yerləşən yataqxanaya zərbə endirib. Sonra Putin köhnə tanışına zəng edib və “Bu nə idi?” deyə soruşub.
Putinin sözlərinə görə, iş adamı bunu Zelenskidən soruşacağına söz verib.
“Mən onunla bir daha danışmadım”, – deyə Putin sözünü yekunlaşdırıb.
Yəni, Rusiya başçısı bir tərəfdən görüşün əhəmiyyətsiz olduğunu deyir, digər yandan isə guya məhz Ukraynanın endirdiyi zərbələrin görüşə, sülhə, razılaşmaya əngəl olduğunu iddia edir.
Əlavə edək ki, Putin Zelenskinin dünən ona ünvanladığı açıq məktuba və təkbətək görüş təklifinə də rədd cavabı verib.
Follow @7timesaz


