Dünya

UNO-lar, Xəzərdəki yadplanetlilər, nüvə müharibəsi və zəlzələlər – Rusiyalı ufoloqun ŞƏRHİ

UNO-lar, Xəzərdəki yadplanetlilər, nüvə müharibəsi və zəlzələlər – Rusiyalı ufoloqun ŞƏRHİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son həftələr dünyanın hər yerindən adi insanların, hətta hərbçilərin səmada seyr etdikləri naməlum uçan obyektlərlə bağlı xəbərlər gəlir. Hər şey ABŞ üzərində Çin şarından başladı, məhv edildikdən sonra bir çox dövlətlərin (Rumıniya, ABŞ, Fransa, Kanada, Uruqvay, Macarıstan və s.) hava məkanında uçan naməlum obyektlər (UNO) göründü. Onilliklər ərzində Xəzərdə də UNO-lar haqqında nəşrlər, şahid ifadələri var.

Rusiyada UNO Tədqiqatları üzrə Beynəlxalq İnformasiya Mərkəzinin direktoru Valeri Uvarov bununla bağlı Oxu.Az-a danışıb:
Onun sözlərinə görə, suyun altı – müşahidələri saxtalaşdırmağın mümkün olmadığı mühitdir və UNO-lar barədə məlumatlar da mütəmadi olaraq okeanların, dənizlərin və hətta göllərin olduğu müxtəlif bölgələrdən gəlir; “uçan boşqablar” suya enərkən, suya dalanda və ya suyun altından havaya qalxdıqda müşahidə olunub.
“Xəzərə gələndə isə – dəniz mühiti xarici müdaxilə riski olmadan müəyyən fəaliyyətlərin aparılması üçün çox əlverişlidir. Yad sivilizasiyaların keyfiyyətli işi insanların onları fərq edib-etməməsi ilə müəyyən edilir. Əgər biz UNO müşahidə edə bilmişiksə, bu o deməkdir ki, onların texniki problemləri var”, – deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, Xəzər regionunda – təkcə su altında deyil, həm də quruda çoxlu UNO müşahidəsi halları var.
“Arxivlərdə olan qeydlər onların orada elmi-texniki maraqlarının olduğunu göstərir. Xarici görünüşlərinə (yadplanetlilərin – red.), şahidlərin təsvirinə, gəmilərin konfiqurasiyasına görə – bunlar bizim yanımızda yaşayan Yerə paralel sivilizasiyanın nümayəndələridir. Onları ilk növbədə planetdəki enerji və ekoloji vəziyyət maraqlandırır.
Onlar müxtəlif mənfi amillərin, məsələn, nüvə partlayışı, kimyəvi çirklənmə və s. Yerə təsirini öyrənirlər, bunun mənfi nəticələrini (insanlar üçün görünməz şəkildə) minimuma endirməyə çalışırlar”, – deyə Uvarov izah edib.
Qeyd edək ki, 2000-ci ildə, Bakıda güclü zəlzələdən əvvəl UNO-ların foto və videoları ilə çoxlu xəbərlər yayılmışdı. Türkiyədə baş verən son zəlzələdən əvvəl də insanlar səmada qəribə bir parıltı müşahidə edibilər.
Uvarov Türkiyədə zəlzələdən az əvvəl müşahidə olunan parıltıların həmin bölgədə havanın açıq-aşkar ionlaşması ilə əlaqədar olduğunu deyib.
“Bundan əlavə, insanlar gurultu eşidiblər və bundan sonra dəhşətli təkanlar olub. Bu, həmin zəlzələlərin süni olmasının birbaşa sübutudur. Onlar texniki vasitələrin köməyi ilə stimullaşdırılıb”.
Ekspertin sözlərinə görə, Türkiyə və Azərbaycanı digərlərindən fərqləndirən mühüm xüsusiyyətləri var.
“Bu ərazilərdə enerji mənbələri var. Onları yad sivilizasiyalar yerləşdirirlər ki, onların vasitəsilə prosesləri müşahidə və idarə edə bilsinlər. Mümkün kritik hadisəyə gəldikdə, zəlzələ belə bir mənbənin məhv edilməsi şəklində idarəolunmaz nəticələrə səbəb ola bilərsə, o zaman UNO-lar meydana çıxar və bunun qarşısını almaq üçün müdaxilə edərlər. Bu birincisi. İkincisi, zəlzələ təkcə minlərlə qurbana deyil, daha dəhşətli bir şeyə səbəb ola bilərsə, onlar da müdaxilə edə, torpağın bu hissəsindən həddindən artıq gərginliyi aradan qaldıra bilərlər. UNO-ların ortaya çıxması da (o cümlədən 2000-ci ildə Bakıda – red.) bununla bağlıdır. Yeri gəlmişkən, onlar həmişə, məsələn, nüvə silahlarının daşındığı hərbi təlimlər zamanı ortaya çıxırlar”, – deyə Uvarov sözlərini yekunlaşdırıb.