Artıq xəbər verildiyi kimi, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra danışıqlar prosesində irəliləyiş əldə olunduğunu bəyan edib:
“Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik”.
Təbii ki, danışıqlardakı irəliləyişin konkret detalları barədə heç nə deyilmir. Ancaq ABŞ-ın bu məsələdə ən yüksək səviyyədə inadcıl və ardıcıl cəhdləri onu göstərir ki, Vaşinqtonun məqsədi doğrudan da tərəflər arasında hansısa konkret sənədin imzalanmasına nail olmaq və Rusiyanı mümkün qədər bu prosesdən uzaqlaşdırmaqdır.
ABŞ-ın yanaşmasının ciddiliyini göstərən cəhətlərdən biri də odur ki, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtondakı görüşünün az qala vaxt məhdudiyyəti yoxdur. Sanki Ağ ev hər iki tərəfi masa arxasında oturdub və razılıq əldə olunmayana qədər həmin masadan qalxmasına imkan vermək istəmir. Bunu bir növ Roma Papsının seçkisinə də bənzətmək olar, necə ki, məlum ağ tüstü görünməyənə qədər yepiskopları, kardinalları dağılışmağa qoymurlar…
Maraqlıdır ki, Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışında Vaşinqton danışıqları ilə bağlı deputatlar qarşısında danışarkən masa üzərində konkret sənəd olduğunu bəyan edib: “Bəli, masa üzərində sənəd var… Bu sənəddə siz yeni heç nə tapmayacaqsınız. Çünki mən həmin sənəd barədə bu tribunada rəsmən danışmışam. Ancaq hazırda orada danışıqlar getdiyi üçün istənilən pozitiv, yaxud neqativ şərh verilməsi danışıqların gedişinə təsir edəcək. Ona görə də gəlin, mən heç nə deməyim…”
Ermənistan Baş naziri həmçinin, danışıqlarda iştirak edən heyətə sərbəstlik verdiyini də bildirib: “Onlara dedim ki, danışıqları bizim siyasi kursumuz və rəsmi bəyanatlarımız çərçivəsində sərbəst aparın. Mən dedim ki, unutmayın, ətrafında müzakirə apardığınız sənədi mən imzalayacağam…”
Paşinyanın nəzərdə tutduğu “siyasi kursa” və “rəsmi bəyanatlara” gəlincə, müəyyən mənada bunlar ziddiyyətli və sürüşkəndir. Ancaq ümumilikdə Ermənistanın Azərbaycanın təklif etdiyi məlum 5 təkliflə rəsmən razılaşdığı və Paşinyanın bunu rəsmən parlament tribunasından bəyan etdiyi məlumdur.
Məhz həmin 5 bəndin birində isə dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıması nəzərdə tutulur və bu, Qarabağın da Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdir.
Paşinyanın parlamentdəki son çıxışı zamanı daha bir maraqlı hadisə baş verib. Paşinyanın çıxışındakı “Ermənistan həm iqtisadi, həm də demoqrafik cəhətdən böyüməlidir” fikrinə yerdən deputatlardan biri “həm də ərazi cəhətdən” deyə replika atıb.
Bu replikaya Paşinyan kəskin reaksiya verərək, “Yox!” deyib. Baş nazir deyib ki, Ermənistanın qonşu ölkələrə qarşı heç bir ərazi iddiası olmalı deyil: “Bu prinsip bizim dövlətçiliyimizi saxlamaq üçün yeganə şansdır. Əks halda, dörd tərəfdən hər şey edəcəklər ki, biz dövlət kimi mövcud olmayaq…”.
Göründüyü kimi, Paşinyan haqlı olaraq Ermənistanın gələcək mövcudluğunu qonşulara qarşı ərazi iddialarından əl çəkməkdə görür və Ermənistan cəmiyyətini də buna inandırmağa, çatdırmağa çalışır.
Bu isə Ermənistanın Azərbaycanla imzalayacağı sülh müqaviləsində Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyünü tanıyacağı deməkdir. Zatən, Azərbaycan heç bir başqa variantı da qəbul etmir.
Yeri gəlmişkən, Ermənistanın “Hraparak” qəzeti Vaşinqtonda davam edən danışıqlarla bağlı özünün hakimiyyətdəki mənbələrinə istinadla maraqlı məlumat yayıb. Qəzet yazır ki, Vaşinqtonda Azərbaycanla Ermənistanı “münasibətlərin tənzimlənməsinə dair razılığa qol çəkməyə məcbur edirlər”.
Qəzet iddia edir ki, Ermənistan tərəfi Qarabağ məsələsini qaldırmaqdan çoxdan rəsmən vaz keçib və Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sadəcə, Qarabağərazisindəda yaşayan ermənilərin təhlükəsizliyinə təminat istəyir.
Ancaq “Hraparak”-ın hakimiyyətdəki mənbələri bildirir ki, Azərbaycan tərəfi yalnız bununla qane olmur və hələ də Ermənistanın nəzarətində olan “anklavları”, yəni Qazaxın 7 kəndini və Naxçıvanın Kərki kəndini tələb edir. Qəzet iddia edir ki, Vaşinqton Azərbaycanı bu məsələdə razılığa gətirə bilmir.
Ümumilikdə isə görünən odur ki, məhz Qərbin, indiki halda isə ABŞ-ın təklif etdiyi platforma tərəflər arasında daha real və məhsuldar nəticələr əldə etmək üçün müəyyən şanslar yaradır.
Rusiyanın bu danışıqlara qısqanclıqla, hətta aqressiv münasibət göstərməsi isə təkcə onun Qafqazdan sıxışdırılıb çıxarılması deyil, həm də Azərbaycanla Ermənistan arasında gerçək, işlək sülhün əldə olunması qorxusu ilə bağlıdır. Məhz bu səbəbdən Kreml hər dəfə 10 noyabr sazişini ortalığa ataraq, onu “yeganə hüquqi sənəd” kimi tərəflərə və beynəlxalq birliyə soxuşdurmağa çalışır.
Lakin Azərbaycan tərəfi də artıq açıq şəkildə bu sənədin heç də həlledici və “müqəddəs” olmadığına işarə vurur.
Bunu Azərbaycanın dövlət başçısının ötən gün söylədiyi fikirlərdən aydın görmək olar: “İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil…”
“AzPolitika.info”
Follow @7timesaz