BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:
– Qüdrət bəy, Rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa köçməsi və Azərbaycan dövlətinə meydan oxumasını necə qarşıladınız?
– Biz kamera qarşısında başından böyük danışan, insanları ağır cinayətlərə sürükləyən, bizi tanklarla Bakıya gələcəyi ilə hədələyən, sonra isə ağlayan çox erməni görmüşük. Onunla xüsusi xidmət orqanları məşğul olmalıdır. Çünki cəzasızlıq mühiti həm də digərləri tərəfindən oxşar, daha ağır cinayətlərin baş verməsinə, insanların həyatını itirməsinə səbəb olan hərbi əməliyyatların keçirilməsinə gətirib çıxarır. Ümid edirəm, onun bu çıxışı müvafiq dövlət orqanlarının diqqətindən kənarda qalmayıb.
– Son günlər uşaqlarını rusdilli məktəblərə qoymağa çalışan valideynlər, həm də rusdilli məktəbləri bağlamadığı üçün hökumət bir qrup vətəndaşlarımız tərəfindən ciddi tənqid olunur. Sizin bu məsələyə münasibətiniz necədir?
– Rus məktəblərinə axını rus dilində daha yaxşı təhsilin verilməsi, yaxud “iqtidarın rusiyayönümlü olması” ilə bağlamaq cəhdlərini yanlış hesab edirəm. Öncədən qeyd edim ki, hər bir Azərbaycan vətəndaşı həm ana dilini, həm də dövlət dilini mükəmməl bilməlidir. Amma onu da nəzərə almalıyıq ki, 10 milyonluq əhalimizin təqribən iki milyonu Rusiyada, 500 yüz mini Ukraynada və digər keçmiş sovet respublikalarında yaşayır. Çox az sayda ailə tapmaq olar ki, onların qeyd etdiyim ölkələrdə qohumları olmasın. Bu isə o deməkdir ki, hər beş nəfərdən biri qohumlarına baş çəkmək istəyəcəksə, rus dilinə ehtiyac hiss edəcək. Gənclərimizin böyük bir qismi hərbi xidmətdən sonra iş dalınca Rusiyaya gedir və onlara sərbəst ünsiyyət üçün rus dili lazımdır. Etiraf olunmalıdır ki, Azərbaycan dilində təhsil almaqla rus dilinə yiyələnmək olduqca çətindir. Şübhəsi olanlar kiçik bir araşdırma aparmaqla buna əmin ola bilər. Ona görə valideynlər uşaqlarına rus dilində təhsil vermək istəyirlər ki, uşaqları daha böyük coğrafiyada sərbəst hərəkət edib iş tapa, iqtisadi, mədəni əlaqələr qura bilsin. Hazırda bizim keçmiş sovet respublikaları ilə əlaqələrimizdə əsas ünsiyyət vasitəsi rus dilidir. Türkiyə istisna olmaqla digər türk toplumları ilə hansı dildə əlaqə qururuq? Ortaq türk dili yaranana qədər geniş əlaqələr yalnız rus dili vasitəsilə mümkündür. O da etiraf olunmalıdır ki, ingilis dili nə bizdə, nə digər türk respublikalarında, nə də Rusiyada geniş yayılmayıb. Azərbaycanda rus və ingilis dillərində təhsil almadan bu dilləri akademik səviyyədə öyrənmək müşkül məsələdir. Rus dili BMT-nin altı rəsmi dilindən biri olmaqla həm də Avropada geniş yayılıb.
Vaxtilə Rusiyanın koloniyası və bu gün qonşu olmağımız bizi qorxutmamalıdır. Rus dilini bilməklə insanlarımız Avropa təşkilatlarında sərbəst çıxış etmək imkanı əldə edir, Avropada otellərdə, restoranlarda, sanatoriyalarda, butiklərdə rahat ünsiyyət qura bilirlər. Rus dilinə olan münasibəti Rusiya hökumətinə olan münasibətlə də eyniləşdirmək olmaz. Bu dil bu gün də azərbaycanlılar üçün dünya elminə və ədəbiyyatına əsas çıxış vasitəsi olaraq qalır. Tarixi və qonşuluq əlaqələri baxımından bizim bu dilə ehtiyacımız həmişə olacaq. Biz orta məktəblərdə rus və ingilis dillərinin tədrisini elə təşkil etməliyik ki, uşaqlarımız dövlət dilində təhsil alarkən ingilis və rus dillərini də mənimsəyə bilsin. Valideynlər onları tənqid edən bəzi ictimai-siyasi fəallardan daha yaxşı başa düşürlər ki, bizim regionda türk dövlətləri və qonşularla sərbəst ünsiyyət üçün rus dilinə, dünyaya çıxış üçün isə ingilis dilinə böyük ehtiyac var. Hesab edirəm məktəblərimizdə rus və ingilis dillərinin öyrədilməsinə dair xüsusi dövlət proqramının qəbuluna ehtiyac var. Bu halda rus və ingilis dilli məktəblərə ehtiyac qalmayacaq. Həm də yalnız rus və ingilis dilli məktəblərdə təhsil alanlar yox, digər şagirdlər də rus və ingilis dillərini öyrənəcəklər. Hay-küylə bu məsələ öz həllini tapmayacaq, çünki insanların sadəcə bu dilə ehtiyacı var.
Follow @7timesaz