Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso “Bayern Münhen”ə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi “X” hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.
Xəbərə görə, cari mövsümün sonunda Tomas Tuxellə yolları ayıracağı dəqiqləşən Münhen təmsilçisi yaxın günlərdə Leverkuzen klubu ilə danışıqlara başlayacaq. Mənbə Alonsonun özünün də iş yerini dəyişməyə hazır olduğunu və məhz Tuxelin postunu tutmaq variantına üstünlük verdiyini vurğulayıb.
Alonso 2022-ci ildən indiki iş yerindədir. Onun rəhbərlik etdiyi komanda 61 xalla Bundeliqanın lideridir. İkinci pillədəki münhenlilərin isə 53 xalı var.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə olacaq. “Bayer” “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə “Qarabağ”a qalib gəlib. “Bayer” qrup lideri kimi 1/8 finala, “Qarabağ” isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib. Bonifase qrup mərhələsində Ağdam təmsilçisi ilə hər iki görüşdə qol vurub.
Follow @7timesaz