Xaçmaz rayonunda xüsusi dövlət mühafizə sahəsində çalışan əməkdaşların peşə bayramı qeyd olunub.
Tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xüsusi dövlət mühafizəsi sistemində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, xüsusi mühafizə sisteminin şəxsi heyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının qarşısının alınması kimi ən mühüm sahələrdə daim nümunəvi fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edib. Əminliklə qeyd olunub ki, xüsusi mühafizə sisteminin əməkdaşları onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verirlər.
Çıxış edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri peşə sahiblərini təbrik ediblər.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaş Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərmanla təltif edilib.