Ölkə

Xalqımız zəlzələdən zərərçəkmişlərə yardım göstərməyi özünə mənəvi borc bilir

Xalqımız zəlzələdən zərərçəkmişlərə yardım göstərməyi özünə mənəvi borc bilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyə Cümhuriyyətində fevralın 6-da baş vermiş zəlzələlər nəticəsində minlərlə insan həyatını itirmiş, on minlərlə insan ağır xəsarət almışdır. Faciə qurbanlarının və yaralıların sayı anbaan artmaqdadır.  Türkiyə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun dediyinə görə, Kahramanmaraş zəlzələsində ümumilikdə  13,5 milyon vətəndaş zərər görüb.

Zəlzələ baş verən gündən Azərbaycan xalqı üzüntülü və hüznlü günlər yaşayır. Böyükdən-kiçiyə hamı bu faciənin baş verməsinə ürəkdən acıyır, insanlarımız Türkiyənin Bakıdakı səfirliyinə gedib başsağlığı verir, məscidlərə axışıb qardaş xalqın dərdinə şərik olur, bu faciəli günlərdə qardaş Türkiyə xalqı ilə bir yerdə olduqlarını bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzulayırlar… Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda, Lənkəranda, bir sözlə, Azərbaycanın bütün bölgələrində insanlar Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini dərin hüzn və qardaşlıq ehtiramı ilə yad edir, yaralıların tezliklə sağalmaları üçün dualar edirlər.
Azərbaycan qardaş Türkiyəyə yardım edən ilk ölkə olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Prezident Rəcəb Tayyib  Ərdoğana, ailəsinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı vermiş, yaralananların tezliklə sağalıb sağlam həyata qayıtmasını diləmişdir.

Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə dərin kədər hissi ilə qarşılaşdığını bildirmişdir.

Qeyd edək ki, faciə baş verəndən az sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi tibb işçisi Türkiyəyə yola düşüb və vəzifə borclarını böyük fədakarlıqla yerinə yetirirlər. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq respublika Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri də zəlzələ bölgəsində əllərindən gələn köməyi edirlər.

Tarixdən və tarixi məxəzlərdən məlum olduğu kimi, Türkiyənin çətin günlərində Azərbaycan, Azərbaycanın çətin günlərində Türkiyə həmişə bir-birinə dayaq durub, kömək göstərib. Millətini və xalqını sevənlər, dövlətini və milli dövlətçilik ənənələrini yaşadanlar, bu müqəddəs missiyanı indi də şərəflə, qürurla davam etdirirlər. Bunu Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi köməyə görə Prezident İlham Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında aydın görmək olur. Ötən əsrin əvvəlində də belə idi, indi də belədir. 1914-1918-ci illərdə “Qardaş köməyi” platforması bu sevgiylə, həssaslıqla qurulmuşdu. Hacı Zenalabdin Tağıyev, Ağamusa Nağıyev, M.Ə.Rəsulzadə, Nəriman Nərimanov, Xəlil İbrahim, Orucov qardaşları, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Əli Səbri, Xosrov bəy Sultanov “himmət edin, qeyrət vaxtıdır”, – deyib Şərqi Anadolu fəlakətzadələrinə insanları yardıma çağırırdı. Bakı məhəllə-məhəllə, ev-ev yardım edirdi.

Xalqımızın milli mentalitetinə xas olan bu dəyərli ənənə bu gün də gündəmdədir: Türkiyədə baş vermiş zəlzələ nəticəsində yardıma ehtiyacı olan əhaliyə kömək məqsədilə ölkəmizdə kütləvi yardım kampaniyasına başlanılıb. Yardım toplama məntəqəsi Bakı şəhəri, Heydər Əliyev adına İdman Konsert Kompleksində və Dənizkənarı bulvarda Əl Oyunları Sarayında təşkil edilib.

Yardım kampaniyasına dəstək olmaq istəyənlər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları məntəqələrə təhvil verirlər. Eyni zamanda, çadır, yorğan, döşək, fənər, generator, təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirirlər.

Kampaniya başlayandan qısa müddət ərzində xalqımız kütləvi şəkildə qardaş Türkiyəyə yardım üçün səfərbər olub.
Azərbaycan Prezidentinin tapşırığı ilə qardaş Türkiyənin zəlzələ bölgəsinə lazım olan humanitar yardım və kömək göstərilir. Faciədən zərər çəkmişlərə  Heydər Əliyev Fondu tərəfindən  xüsusi təyyarə vasitəsilə müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla, tibbi ləvazimatlar, eləcə də isti geyimlər çatdırılmışdır.  Humanitar yardım davam etməkdədir.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə iki dövlət, bir millət olaraq həmişə bir-birinin yanındadır.

7Times.az