Abşeron rayonu, Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində yaşayan sakinlər Azərbaycan Respublikasının Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova şikayət məktubu ünvanlayıb.
7times.az həmin məktubu təqdim edir:
Hörmətli Vilayət müəllim!
Son vaxtlar Xırdalan şəhərində qeyri-qanuni apartman tikintiləri geniş vüsət alıb. Xırdalan sakinlərinin haqlı narazılıqları nəzərə alınmır və ərazidə baş verən qanunsuzluq aradan qaldırılmır. Belə tikintilərdən biri də yaşadığımız Şıxəli Qurbanov küçəsində aparılır. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintilərin dayandırılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə və Abşeron rayon Polis İdarəsinə telefonoqrama göndərsə də bu tələbə hələ də məhəl qoyan yoxdur. Tikintini himayə edən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olduğuna və onları hədələdiyinə görə işdən azad olunub.
Amma buna baxmayaraq ərazidə hələ də tikinti işləri davam etdirilir. Abşeron rayon Polis İdarəsi isə buna göz yumur və Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın sifarişlərini yerinə yetirir.Asayiş keşikçisi hesab edilən polisin bu hərəkəti vətəndaşları narahat edir və ərazidə bizim istirahət hüququmuzu pozur. Görünən odur ki, Abşeron polisi icra başçısı İradə Gülməmmədovanın alətinə çevrilib. Bunu həmin ərazidə hələ də qanunsuz tikintini davam etməsi bir daha sübut edir.
Cənab nazir!
Sizdən şəhər sakinlərinin narahatçılığına səbəb olan tikintinin dayandırılmasına və Abşeron polisi barəsində müvafiq tədbir görülməsini xahiş edirik.