Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib, müdafiə sənayesi ilə bağlı 21 təşkilat siyahılara əlavə edilib, kimyəvi silah istehsalı ilə bağlı malların tədarükünə qadağa qoyulub.
7Times.az xəbər verir ki, bu barədə bazar ertəsi Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Xüsusilə, Yaponiyadan ixracına qadağa qoyulan təşkilatların siyahılarına “Moselelektronproekt” ASC, “NPO” Etalon, “Energia” SC, A.İ.Əlixanov adına Milli Elmi-Tədqiqat Mərkəzinin Kurçatov İnstitutunun Nəzəri və Eksperimental Fizika İnstitutu daxildir.
Bundan başqa, “Dövlət Müdafiə Sifarişinin Avtomatlaşdırılmış Tender Sistemi” MMC, PJSC “Arzamas” Elmi-İstehsalat Müəssisəsi “Temp-Avia”, Rusiya Müdafiə Nazirliyinin 46-cı Mərkəzi Tədqiqat İnstitutunun Federal Dövlət Büdcə Təşkilatı, VNIIOFI Federal Dövlət Unitar Müəssisəsi, Ümumrusiya Optik və Fiziki Ölçmələr Elmi-Tədqiqat İnstitutu ilə bağlı məhdudiyyətlər tətbiq edilir.
Yeni sanksiyalar oktyabrın 3-dən qüvvəyə minir. Xarici işlər naziri Yoşimasa Hayaşi ötən həftə Nyu-Yorkda “Yeddilik” qrupundan olan həmkarları ilə görüşü zamanı Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətində olduqlarını açıqlayıb. Yaponiya hakimiyyəti əvvəllər Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə məhdudlaşdırıcı tədbiri təsdiqləyib. Rusiya, Belarus, Donetsk və Luqansk vilayətlərindən olan ümumilikdə 700-dən çox insan, həmçinin 200-dən çox Rusiya və Belarus şirkət və təşkilatları fərdi sanksiyalara məruz qalıb. Bundan başqa, Yaponiya “Otkritie Bank”, “Novikombank”, “Sovcombank”, “VTB”, “Rossiya Bank”, “Promsvyazbank”, “VEB.RF”, “Sberbank” və “Alfa Bank”ın, eləcə də Rusiyanın 40-a yaxın təşkilat və şirkətinin aktivlərini dondurub.
İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısına 400-dən çox adda, o cümlədən yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyi üçün avadanlıqlar, telekommunikasiya avadanlığı, rabitə vasitələri, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft emalı avadanlığı, yük maşınları, özüboşaltıcılar, buldozerlər, dəmir yolu lokomotivləri, dəzgahlar və sənayedə istifadə olunan digər elektrik avadanlıqlar daxildir.
Bundan əlavə, Rusiyaya dəbdəbəli malların, o cümlədən dəyəri 6 milyon yendən (təxminən 49 min dollar) çox olan avtomobillərin tədarükünə, habelə Rusiyadan qızıl idxalına qadağa qoyulub.
Follow @7timesaz