Ölkə

Yaxın vaxtlarda Bakı-Sumqayıt yolundakı sıxlıq tarixə qovuşacaq – Hökumət mühüm qərar verib

Yaxın vaxtlarda Bakı-Sumqayıt yolundakı sıxlıq tarixə qovuşacaq – Hökumət mühüm qərar veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir Bakı şəhəri və ətraf qəsəbələrdə ictimai nəqliyyatda yaranan sıxlıq hər kəsdə narahatlıq yaradır. İnsanlar çıxış yolu olaraq manatlıq taksilərdən istifadə edirlər ki, işə tez çata bilsinlər. Bu da yaranmış sıxlığı ikiqat artırır. 

Uzun müddətdir davam edən problemlə bağlı hazırda dövlət səviyyəsində müzakirələr aparılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bu barədə BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Baş nazir Əli Əsədovun iştirakı ilə son bir ay ərzində aidiyyəti qurumlarla üç dəfə müşavirə keçirilib və ciddi tapşırıqlar verilib. Ekspert problemin böyük hissəsini aradan qaldırmaq üçün Bakı-Sumqayıt arasında metrobusların yaradılacağını deyib:

“Məndə olan məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi Bakı-Sumqayıt şəhərləri arasında tam elektrikli avtobusların istifadəsini, yəni metrobus sisteminin qurulmasını müzakirə edir. Bununla bağlı hazırda özəl şirkətlərlə də fikir mübadiləsi aparılır. Təkliflər hazırlanıb təqdim edildikdən sonra dövlət bunu dəyərləndirəcək. Metrobusdan istifadəyə görə sərnişinlər üçün əlverişli qiymətlər müəyyən ediləcək”.

Elməddin Muradlı yeniliklərin sadəcə Bakı-Sumqayıt arasında metrobus sisteminin qurulması ilə yekunlaşmadığını, Abşeronun Masazır, Sulutəpə kimi qəsəbələrinə, o cümlədən Xırdalan şəhərinə yeni nəqliyyat vasitələri veriləcəyini bildirib:

“Abşeronun Masazır, Sulutəpə və Xırdalan qəsəbələrində avtobuslar yenilənəcək, interval qısalacaq. İnsanlar keyfiyyətli ictimai nəqliyyatla təmin olunacaq. Əsas hədəf isə Sumqayıtda ictimai nəqliyyatı inkişaf etdirmək, Sumqayıtdan Bakıya birbaşa avtobus daşımalarını genişləndirməkdir. Masazır qəsəbəsində insanların ictimai nəqliyyatdan əziyyət çəkməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində xüsusi narahatlıq yaradıb. Bu yaxınlarda müzkairələr aparıldı. Ora yeni avtobusların buraxılması planlaşdırılıb”.

Dəyişikliklərin yaxın zamanlarda həyata keçirilməsi palnlaşdırılır ki, bununla da insanlar rahat və əlçatan ictimai nəqliyyatla təmin ediləcək, o cümlədən Bakı-Sumqayıt yolunda da sıxlıq xeyli azalacaq.