Dünya

Yeni BAHALAŞMA dalğası gəlir

Yeni BAHALAŞMA dalğası gəlirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Brent” neftinin qiymətinin 8 ildən sonra 100 dollara yüksəlməsi inflyasiya şoku ilə mübarizə aparan dünya iqtisadiyyatına daha bir zərbə vura bilər. Xam neftin qiymətinin 100 dolları keçməsi ehtimalı FED və qiymət artımları ilə mübarizə aparan bir çox mərkəzi banklar üçün narahatlıq doğuran hadisədir.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, buna görə də “G-20” maliyyə nazirlərinin bu həftə keçiriləcək virtual görüşündə müzakirə ediləcək mühüm məsələlərdən biri də dünyanı bürüyən yüksək inflyasiya olacaq.
Neft ixrac edən ölkələr bu artımdan faydalansalar da, dünyanın qalan hissəsi bütün növ mal və xidmətlərin bahalaşması səbəbindən əlavə xərclərlə üzləşirlər. “Bloomberg” dəyərləndirməsinə görə, 2021-ci ilin sonunda 70 dollar səviyyəsində olan neftin qiymətinin bu ayın sonunda 100 dollara yüksəlməsi ABŞ və Avropada ilin ikinci yarısında inflyasiyanı təxminən 0,5 faiz bəndi artıra bilər.
Tanınmış maliyyə qurumları da yüksək neft qiymətlərinin bahalaşma və iqtisadi artımı zəiflətmə imkanına sahib olduğunu bəyan ediblər.
“Goldman Sachs Group” üçüncü rübdə neftin 100 dollara yüksələcəyini, qiymətlərdəki 50 faiz artımın inflyasiya sürətini orta hesabla 60 bənd gücləndirəcəyini və bundan ən çox inkişaf etməkdə olan bazarların təsirlənəcəyini açıqlayıb.
“JP Morgan” bəyan edib ki, xam neftin 150 dollara yüksəlməsi qlobal iqtisadiyyatı demək olar ki, durğunluğa gətirib çıxaracaq.
“Moody’s”in baş iqtisadçısı Mark Zandi bildirib ki, neftin hər 10 dollar artımı bir il sonra iqtisadi artımın 10 baza bəndi azalması deməkdir.
“Oxford Economics” isə xəbərdarlıq etdi ki, qiymətlərin davamlı artması bəzi ölkələrdə daha sərt maliyyə siyasəti yürüdülməsinə səbəb olacaq və bu, iqtisadiyyatda tənəzzülə bənzər vəziyyət yaradacaq.
Qeyd edək ki, neftin bahalaşması Azərbaycanın xarici valyutada olan gəlirlərini artırır, xarici ticarətdə müsbət fərq böyüyür, tədiyə balansında böyük profisit yaranır, maliyyə sabitliyi bir qədər də güclənir. Bu baxımdan neftin bahalaşması bizim üçün əlverişlidir.
Lakin bununla yanaşı ölkəmizdə yüksək inflyasiya da müşahidə edilir ki, bu da əhalinin xərclərinin artmasına səbəb olur. Gündəlik istehlak mallarının və istehsalda istifadə edilən aralıq məhsulların böyük hissəsini idxal edən ölkəmiz üçün yüksək qiymət artımları əlverişli deyil.
Yanvarda illik inflyasiyanın 12,5 faizə, qida məhsullarında bahalaşmanın 17,5 faizə yüksəlməsində neft qiymətlərinin yüksək həddə çatmasının rolu böyükdür.