Xəbər verdiyimiz kimi, sabah Səudiyyə Ərəbistanında Ukraynada müharibənin dayandırılmasına dair razılaşmanı müzakirə etmək üçün ABŞ və Rusiya yüksək səviyyəli rəsmilərinin görüşü keçiriləcək.
7Times.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən “Axios” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, bu görüşdə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında sammitə hazırlıq məsələsi də müzakirə olunacaq.
Bildirilib ki, görüş ABŞ və Rusiya arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində növbəti ciddi addım olacaq.
Jurnalistlər xatırladıblar ki, bu görüş Ukraynadan yan keçməklə Amerika-Rusiya razılaşmasının mümkünlüyündən narahat olan Ukrayna hakimiyyətinin məyusluğuna səbəb olub.
“Axios”-un məlumatına görə, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff daxil olacaq. Rusiya Federasiyasını kimin təmsil edəcəyi hələ dəqiq deyil. Nəşr qeyd edib ki, Münxendə Vladimir Zelenski Ukraynanın görüşə dəvət almadığını deyib.
Ukraynanın yüksək rütbəli məmuru nəşrə bildirib ki, Kiyevin yeganə dəvəti “mətbuatdakı xəbərlər vasitəsilə” olub. Eyni zamanda, Tramp dünən jurnalistlərə Zelenskinin danışıqlarda “iştirak edəcəyini” söyləyib. Vitkoff da “Ukrayna danışıqların bir hissəsidir” deyib və əlavə edib: “Düşünmürəm ki, bu, kiminsə kənarda qalması deyil. Bu, hamının daxil edilməsidir”.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Səudiyyə Ərəbistanında ABŞ, Ukrayna və Rusiyanın yüksək səviyyəli rəsmilərinin görüşünü elan edib və ölkə liderlərinin toplantıda iştirak etməyəcəyinə aydınlıq gətirib.
Nümayəndə heyətlərinin tərkibi və görüşün konkret tarixi ilə bağlı təfərrüat açıqlanmayıb.
Follow @7timesaz