Gündəm

Zəlzələ Azərbaycandan Türkiyəyə gedən tələbələrin sayına necə təsir göstərəcək?

Zəlzələ Azərbaycandan Türkiyəyə gedən tələbələrin sayına necə təsir göstərəcək?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Qardaş ölkədə baş verən bu təbii fəlakət təhsil sahəsindən də yan keçməyib. Qeyd edək ki, hazırda Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136 Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB PhD) ilə təhsil alır.

Bəs baş verən zəlzələ Türkiyənin xarici təhsil sahəsinə nə dərəcədə təsir edə bilər? Azərbaycandan və digər ölkələrdən təhsil üçün Türkiyəyə üz tutanların sayında azalma baş verə bilər?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, zəlzələ Azərbaycandan Türkiyəyə gedən tələbələrin sayına ciddi təsir etməyəcək.

“Türkiyənin zəlzələ bölgəsində bir çox universitetlər var. Təbii ki həmin zonalardakı universitetlərə gedənlər olmayacaq. Bütövlükdə bunun Türkiyəyə gedən tələbələrin sayına təsiri olmayacaq. Artıq Türkiyədə təhsil onlayn davam edir. Təxminən yaya qədər dərslər distant formada keçiriləcək. Əlbəttə, bu da öz təsirini göstərəcək. Vətəndaşlarımızın Türkiyədə təhsili seçməsinin əsas səbəblərindən biri həm yaxın olması, həm də dil cəhətdən çətinlik olmamasıdır. Bütün bunlar tələbələr üçün Türkiyədə təhsili digər ölkələrə nisbətən daha əlçatan edir”,- deyə o əlavə edib.

7Times.az